Şeirlər - Fəxrəddin ZİYA

 

Göylər şairi

 

Yüz xəta-bəladan Tanrı qorusun

ilhamı göylərdən gələn şairi.

Şeirində özünü gah "qara fəhlə",

gah "külli-ixtiyar" bilən şairi.

 

Sevək dil-dil ötüb sözdən bac alan,

aləmə səs salan, şahdan tac alan.

bir güclü misrayla ərşə ucalan,

bir zəif bəndində ölən şairi.

 

O da mücahiddir, millətə örnək,

duraq, salamına elliklə gedək.

Biz də Vaqif bilək, Nəsimi bilək

ölümün üzünə gülən şairi.

 

Hərdən güzəranı keçəndə acı

olur, lap, bir loxma çörək möhtacı.

Dolur ürəyinə yüz ağrı-acı,

tapır vaxtsız kədər, ələm şairi.

 

Təki tükənməsin, sözü bitməsin,

dərddən uzaq düşsün, qəmli ötməsin.

Qərəzli düşünüb əyri getməsin

tanıtsın düz yazan qələm şairi.*

 

* - Müqəddəs Quranımızın şairlər surəsinin (26) 224-226-cı ayələrinə işarədir

 

 

Hamınız qəhrəmansınız

 

44 günlük Vətən Müharibəsi zamanı

olmazın qəhrəmanlıqlar göstərmiş xüsusi

Təyinatlı Qüvvələrin bütün şəxsi heyətinə

 

Siz ey qorxu bilməz qurd ürəklilər,

qartal baxışları, şir biləklilər.

qaya kürəklilər, xoş diləklilər

bu yurda, bu elə şərəf-şansınız,

hamınız, hamınız qəhrəmansınız.

 

Sizin hər biriniz cəsur, hünərli,

zabitli, cavuşlu, adi əskərli.

Sözünüz imzanız qədər dəyərli,*

mərhəba, mükəmməl bir insansınız,

hamınız, hamınız qəhrəmansınız.

 

Qəzanız mübarək, ər oğlu ərlər,

Vətən çağırışına olduz səfərbər.

Düşmən daha çətin duruş gətirər,

çünki siz ona qan udduransınız,

hamınız, hamınız qəhrəmansınız.

 

Səngərlər dağıdıb qıran igidlər,

Rəqibi alnından vuran igidlər,

"Ohanyan səddini" yaran igidlər,

İndi bu yerlərə siz ad-sansınız,

hamınız, hamınız qəhrəmansınız.

 

Səninlə ucadır daim başımız

bu günün Həzisi - Hikmət paşamız.

sayəndə qürurlu günlər yaşadıq

qələbə müjdəli komandanımız,

hamınız, hamınız qəhrəmansınız.

 

* - İfadə möhtərəm Prezidentimiz

İlham Əliyevə məxsusdur.

 

 

İstəyimin qolları

 

İstəyimin qolları

            ölçüsüzdür binadan,

            duyğulu anlarımda

            dörd tərəfə uzanır.

 

İstəyimin qolları

            mənim güc simvolumdur,

            neçə-neçə müşkülü

            təmənnasız ram edir.

            çətində dost qazanır.

 

İstəyimin qolları

            gizli ilham pərimdir.

            bir gülün qayğısıyla

            meracadək ucalır.

 

İstəyimin qolları

            narahatdır hər işdə,

            yoluranda Tanrının

            dərgahında dincəlir.

 

İstəyimin qolları

            xoş arzu carçısıdır,

            qoy heç zaman, heç yerdə

            müjdəli arzuların

            bağlanmasın yolları.

Kaş mənim də bircə yol

            həsrətimə qovuşsun

            istəyimin qolları.

 

 

Doğma ocaq

 

Qızım anasına deyir ki,

nə yaxşı, ata evimiz var,

biz də ürəklə gəlib-gedirik.

Bundan doğma, bundan məhrəm

heç bir yer ola bilməz.

Oğlum anasına deyir ki,

nə yaxşı, siz varsınız, ana,

sizsiz belə rahatlıq, bu cür istirahət

heç adamın ağlına da gəlməz.

Doğrudan da nə dərin

            məna daşıyır bu sözlər:

ata ocağı, ana qucağı.

Atalı-analı evdən daha isti ocaq,

daha rahat məkan harda ola bilər?

Bu ocaq insanı həmişə,

anbaan səslər, gözlər.

Lap uzaqdan da gəlsən,

çox çətinliklə də olsa.

 

Ata evinə gələndə

İnsanın canına yeni güc-qüvvət,

sevgi dolu ruh dolar.

Şükr, nə yaxşı ki, bu günlər var.

nə yaxşı ki, ata ocağı adında

yerlər var.

İnsanı bu ocağa təkcə ayaqları yox,

həm də beyni, ürəyi aparar.

 Biz də haçansa bu hissi yaşamışıq,

İndi isə...

Bizi heç bunun yarısıcan

gözləyən yerimiz yox,

Odur ki, heç xəyalımızdan da keçmir

bu cür istəklə harasa getməyimiz.

İndi bizim də sevincimiz,

dil-dil ötməyimiz

sizin gəlişinizlə bağlı.

İndi bizim də xoş ovqatımız

sizin şən çöhrənizlə,

gülüşünüzlə bağlı.

Yoxsa ki, bundan da gözəl

günmü görəcəyik?

Daha biz bundan sonra

kimi gözləyəcəyik,

hara gedəcəyik?

Ya da gedib kimi xoşhal

edəcəyik?

İndi bizim də xoş istirahətimiz

elə budur, bala.

Bizə də sizli günlər

bal dadır, bala.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!