Şuşalı Vətən
Öpüb ulduzunu, öpüb ayını,
Öpüb hər rəngini çəkdi gözünə -
Göyü, qırmızını, yaşılı Vətən.
Nə gözəl görünür Xankəndi bu gün,
Nə gözəl sayrışır Şuşada bayraq,
Nə gözəl səslənir Şuşalı Vətən!
Süzüb Xankəndini Xan şəhərindən
Dikəldi yerindən Pənahəli xan,
Sildi Natəvanın göz yaşlarını,
Hayqırıb Vaqifin məqbərəsindən
Bir-bir salamladı yurddaşlarını.
Yırtıb çadır-çadır şəhərcikləri
Abır şəhərinə qayıtdı Şuşa.
Öpüb gözlərindən Xarı bülbülün,
Cıdır şəhərinə qayıtdı Şuşa.
Silkinib içindən kükrədi Şuşa,
Başlandı şəhərin yeni erası.
Yerinə qayıtdı Üzeyir bəyin
Dağları oynadan uvertürası.
Min bəstə üstündə ötür Qarabağ,
"Şikəstə" üstündə ötür Qarabağ,
Yerinə qayıtdı Bülbülün səsi,
Yerinə qayıtdı Xan zənguləsi,
"Çahargah" nərəsi,
"Segah" naləsi.
Çıxdı azadlığa damlanan damlar,
Damlanan qapılar,
o ah yerləri,
Silindi üzündən günah yerləri,
Yerinə qayıtdı gorgah yerləri.
Alıb bir-birindən yurd halallığı
Yerinə qayıtdı binə daşları.
Alıb bir-birindən dərd halallığı
Yerinə qayıtdı sinə daşları...
Yerinə qayıtdı çəmənin ətri,
Yerinə qayıtdı meşənin ruhu,
Yerinə qayıtdı Vətənin ətri,
Yerinə qayıtdı Şuşanın ruhu.
Hər daşın üstündə şəhid nəfəsi,
Hər daşın altında şəhid qanı var.
Şuşanın nəfəsi igid nəfəsi,
Şuşanın ər şözü,
hürr dastanı var.
Öpüb ulduzunu,
öpüb ayını,
Öpüb hər rəngini çəkir gözünə -
Göyü,
qırmızını,
yaşılı Vətən.
Nə gözəl görünür Xankəndi bu gün,
Nə gözəl sayrışır Şuşada bayraq,
Nə gözəl səslənir Şuşalı Vətən!
Şeir işi və ya
şairlər üçün şeir
Bu axşam şeirə toxunmayacam,
Eləcə baxacam dərkin şəklinə.
Daha yer dilində oxunmayacam,
Saralmış səsimi sovurur sükut
Göylərə yönələn ərkin şəklinə.
Yer yerdən oynayır...
sükut səsimi?..
Sükut təkanları
söz nəfəsimi?..
Fikir qırıntısı,
ideya şumu,
Dağıdır beynimi, didir huşumu.
Qırılır yarıda,
bitir yarıda,
Yüksüz misraları yük sayıram mən.
Zoğa saxlamıram obrazları da,
Əlimə keçincə budayıram mən.
Hənirti-hənirti ləpələnən səs,
Bəlkə ruh səsimdi, duyğu səsimdi.
Səsim yuyunmağa bir ilıq nəfəs,
Bir damla göz yaşı olsa, bəsimdi...
Bahar yaşıllığın bətn dilidi,
Körpə duyğuların göy cavabı var.
Payız xəzəllərin mətn dilidi,
Hər sözdə düşüncə iztirabı var.
Hər şeir iş yeri,
hər iş şeir işi.
Şeir qazanıram günün sonunda.
Doğulmuşam ayın iyirmi beşi,
Elə öləcəyəm ayın sonunda...
Ölü ölməzlərə çox gülüb ölüm,
Bu gülüş səbrimi çəkir tarıma.
Mənim də başıma gələcək ölüm,
Hələ ki, dolaşır ayaqlarıma.
Açıb gözüm kimi səhərlərimi,
Yumuram gözümdə axşamları mən.
Səpib sətirlərə qəhərlərimi,
Düzürəm üstünə ağ şamları mən.
Bu axşam sözə söz yatırmayacam,
Var sözün sərmayə xarizmaları.
Qələmi şeirə batırmayacam,
Qurusun qələmin qansızmaları.
Tükənən tərgləri tərk edirəm mən,
Dünya içimdədir,
tərkimdə deyil.
Dünyanın nəyi var, dərk edirəm mən, -
Dünyanın nəyi yox,
dərkimdə deyil.
Kölgə
Dünya zülüm kölgəsidi,
ahdı,
Ömür sələm kölgəsidi,
behdi,
İnsan ölüm kölgəsidi,
ruhdu,
şairim, ruhdu...
Babək edam kölgəsidi,
Bəzzdi,
Günah Adəm kölgəsidi,
həzzdi,
Həvva qadın kölgəsidi,
qızdı, şairim, qızdı...
Ləvat Lutun kölgəsidi,
tordu,
Zina lütün kölgəsidi,
kordu,
Məzar bütün kölgəsidi,
gordu, şairim, gordu...
Tüstü tütün kölgəsidi,
hisdi,
Qaymaq südün kölgəsidi,
üzdü,
İpək tutun kölgəsidi,
bezdi, şairim, bezdi...
Orden metal kölgəsidi,
misdi,
Şöhrət medal kölgəsidi,
pisdi,
Şeir detal kölgəsidi,
hissdi, şairim, hissdi...
Ay sarının kölgəsidi,
aldı,
Gül arının kölgəsidi,
baldı,
Eşq Tanrının kölgəsidi,
yoldu, şairim, yoldu...
Ələsgər
Nə sazdı, nə sözdü, nə də aşıqdı,
Nə mağar, nə düyün, nə yaraşıqdı,
Allahın taxtından gələn işıqdı,
İşığın taxtında şahdı Ələsgər.
Hər beyti ayədi, hər sözü kəlam,
Açması önündə dilsizəm, lalam,
Sənətdə peyğəmbər Əleyhissəlam,
Dəryada tufandı, Nuhdu Ələsgər.
Yerin pərdəsidi, göyün simləri,
Əritdi canında çox tilsimləri,
Dolaşır İlahi mərasimləri
Kükrəyən, çağlayan ruhdu Ələsgər.
Sehri çox mələklər ötən eşqinin,
Arazda, Samurda itən eşqinin,
O taylı-bu taylı Vətən eşqinin
Göyçə dodağında ahdı Ələsgər.
Kitablar bağlanıb Hürr savaşından,
Zirvələr dizinnən, bulud qaşından,
Adına pir tikin məhək daşından
Saf Ağdı, Od Ərdi, Bağdı Ələsgər.
Qandallar
Cığalı təcnis
Sərdi yollarını qədəmlərimə,
Basdı gül bağrına Qandallar məni.
Şair deyər qandallar,
Qan görməsin qandallar,
Tovuz təcnis diyarı,
Gül bəndidi Qandallar.
Əsriyin hər daşı güllü qafiyə,
Yazmasam, dilimdən qandallar məni.
Göy mavi taladı, yer sarı tala,
Göydən nur yağdırır yer sarı, tala,
Şair deyər taladı,
Hər yan güllü taladı,
Allah, bu nə gözəllik,
Heyrətimi taladı.
Təcnisə ən qolay yer Sarıtala,
Çəkir cinas-cinas qandallar məni.
Qış gələr, bəmbəyaz qar alar kəndi,
Nə çilə, nə çovğun qaralar kəndi,
Şair deyər, qaralar,
Qarda itər qaralar,
Səngər-səngər alındım,
Bir qaladı Qaralar.
Qədim cəng yeridi Qaralar kəndi,
Süzür qan budaqlar, qan dallar məni.
Ramiz, yaşıl yazıb, göyə baxan, mən,
İçib Ağ bulaqdan, göyə baxan, mən,
Şair deyər, ağ bulaq,
Göy şəlalə, ağ bulaq,
Bulaqların içində
Ağ nağıldı Ağbulaq.
Bu lütfü unutsam, Göyəbaxan, mən,
Donar damarımda qan, dalar məni.
* - Qandallar, Sarıtala, Qaralar,
Göyəbaxan Tovuzda kənd adlarıdır.
Saxalar, Yakutlar
Cığalı təcnis
Mənə "gəl-gəl" deyir Turan elləri,
Səsləyir Saxalar, Yakutlar məni.
Şair deyər, tur anı,
Səfər anı, tur anı,
Yer Turandı, göy Turan,
Ötür Turan Turanı.
Bir az gecikmişəm, bir az üzgünəm,
Gəlincə ya qınar, ya kutlar məni.
Hər yan qar dənizi, şam, ayı üzür,
Ağ göldə ağ balıq, şamayı üzür.
Şair deyər, şam, ayı,
Cəngəl meşə, şam, ayı,
Ağ işıqdı, bəyaz qar,
Seçə bilmir şam ayı.
Üzür, öləziyən şam Ayı üzür,
Üzməz işığında yakutlar məni.
Sibir iki məkan, iki Sibirdi,
Edamdı, sürgündü, iki sibirdi,
Şair deyər, al taya,
Göy talada al taya,
Düzsəm, sığmaz dağlarım
Alp dağından Altaya.
Nargindi, Sibirdi, ikisi birdi,
Tanıyır Saxalar-Yakutlar məni.
Qusarçaylı ağ çay, yol qara çaydı,
Dirənib yol qışa, yol qara, çaydı.
Şair deyər, qara çay,
Qara məcra, qara çay,
Qovrulur dərd içində
Uyğur, Çuvaş, Qaraçay.
Yol Tuva, yol Hakas, yol Qaraçaydı
Hifz edər Şamanlar, ya Kutlar məni.
Çartəpə kəndi
Nə çardı, nə çahar,
Car sədasıdı,
Qədimdən qədimdi Çartəpə kəndi.
Dağların qoynunda gül adasıdı,
Gül-gül salamlayır hər təpə kəndi.
"Qızıl qaya"sı var,
"Dərin dərə"si,
Coşur Qusarçayın bəndi, bərəsi,
Aylı axşamları ruh mənzərəsi,
Möcüzə məskəni,
sirr təpə kəndi.
Çox düşüb tufana, selə təpədə,
Sərib sinəsini yelə təpədə,
Döyüşüb Şuşada, Lələtəpədə
Ərən təpə kəndi,
ər təpə kəndi.
Nurundan göy gülüb,
yer qitələnib,
Tanrının əliylə xəritələnib,
Övliya-övliya əhatələnib
Ocaq təpə kəndi,
Pir təpə kəndi.
Nə çardı, nə çahar,
Car sədasıdı,
Haraydı, nərədi Çartəpə kəndi.
Dağların qoynunda gül adasıdı,
Gül-gül salamlayır hər təpə kəndi.
Ay səsi, ulduz səsi
Bu payızlı gecənin
Darıxmağı sapsarı.
Kim sayıb göy üzündən
Sürüşən ulduzları?
Əl açır ulduzlara
Arı-arı çiçəklər.
Yaşıl-yaşıl yarpaqlar,
Sarı-sarı çiçəklər.
Göyə düşür kölgəsi
Mələk-mələk qızların.
Ay səsi, ulduz səsi
Payız-payız nazlanır.
Gəl, yığaq ovcumuza
Üşüyən ulduzları.
İsinsin tənhalığın
Salxım-salxım buzları.
O ulduz kimin imiş,
O can kimin itiyi?!
Kimin əlində imiş
Göyün ulduz tətiyi?!
Hər düşən üç ulduzun
Biri qayıdır göyə.
Yerdə ölən nə varsa,
Diri qayıdır göyə.
Bu ulduzlu gecənin
Darıxmağı sapsarı.
Kim sayıb göy üzündən
Sürüşən ulduzları...
Alim oynayırdı
"Tərəkəmə"də
Görkəmli alim Ələddin Allahverdiyevə
Alim oynayırdı bir yaz axşamı,
Bir ozan axşamı,
bir saz axşamı.
Alim oynayırdı "Tərəkəmə"də,
Dil açıb ötürdü göydə buludlar,
Qol açıb süzürdü yerdə elatlar,
Qaymaqlı çiçəklər,
çiçəkli otlar,
Dolub pərdə-pərdə tellənirdilər,
Qopub "Ruhani"dən,
"Baş sarıtel"dən
Axıb bulaq-bulaq sellənirdilər,
Alim oynayırdı "Tərəkəmə"də.
Çiçəyin işığı arıdan idi,
Yarpağın işığı sarıdan idi,
Alimin işığı Tanrıdan idi,
Alim oynayırdı "Tərəkəmə"də.
Gözündə gül səsi,
qönçə havası,
Könlündə ilk eşqin incə havası,
Düşüb sümüyünə Göyçə havası,
Alim oynayırdı "Tərəkəmə"də.
Döyüb oynadırdı dolu dağları,
O qoca dağları,
ulu dağları.
Alim oynayırdı "Tərəkəmə"də,-
Ləngəri Ələsgər,
Alı dağları...
Qol açıb o rəngə qoşuldum mən də,
O səsə, o cəngə qoşuldum mən də.
Oynatdı ruhumu həsrət yerləri,
Qərib yurd yerləri,
qürbət yerləri,
Yarpızlı laləsi,
yasəmən ətri,
Çaxırlı yaylağı,
Kəsəmən ətri.
Qopdu Şişqayadan şimşək nərəsi,
"İrəvan çuxuru",
"Cəngi Koroğlu",
"Misri",
"Tərəkəmə gözəlləməsi"...
Alim oynayırdı "Tərəkəmə"də.
Dünya qəm havası,
ələm havası,
Ələmin içində,
qəmin içində,
Şairin havası qələm havası,
Alimin havası aləm havası,
Aləm oynayırdı "Tərəkəmə"də,-
Alim oynayırdı "Tərəkəmə"də.
İrəvan marşı
Ordum, yürü, İrəvana,
Qoy, tərk etsin şər şəhəri.
Vətən dönsün firavana,
Çiçəklənsin Ər şəhəri.
Qalx İrəvan qalasına,
Qədim Turan qalasına,
Qədəm qoyaq Göy məscidə,
Vətən gəzək hər incidə.
Hər cəng zəfər yolu olsun,
Dönək Vətən torpağına.
Hər əsgər bir qala olsun
Azərbaycan bayrağına.
Ağrımasın Ağrı dağı,
Yaş qonmasın Alagözə.
Çağlasın Çaykənd bulağı,
Günəş gülsün Güllüdüzə.
Sularda yansın ahımız,
Göyçə yazaq, ta Sevana.
Göl-göl əl açsın ruhumuz,-
Tuz Xəzərə, Urmu Vana.
Göytürk rəngi, qıpçaq cəngi,
Qoy, yar olsun hər cəsura.
Qoy, qovuşsun zəngi-zəngi
Zəngibasar Zəngəzura.
Biz gedirik İrəvana,
Düz gedirik İrəvana,
Qoy, tərk etsin şər şəhəri,
Çiçəklənsin Ər şəhəri!
Gözün göz nişanı,
ülgüsü varmı?
Dostum Paşa Qəlbinura
Sol gözüm yaşarır, Paşa Qəlbinur,
sol gözün ürəklə ilgisi varmı?
Sol gözümdə yaş var,
sağ gözümdə nur,
ürəyin bu işdən bilgisi varmı...
Sol gözüm yaşarır,
sağ gözüm baxır,
sol gözüm nə çəkir, sağ gözüm bilmir.
Ürəyim nə çəkir gözümdən axır,
gözümə baxmağa ürəyim gəlmir.
Üşənir sağ gözün işıq selləri,
sol gözün selindən gözüm su içmir.
Qırılır ürəyin işıq telləri
qara pərdələrdən sözüm su içmir.
İşıqdan-işığa qaralır ömür,
işıq kölgəsində ümid əkirəm.
Qaşla göz arası göz-gözü görmür,
qaşla göz arası işıq çəkirəm.
İşığı-işığa toxumur daha,
gözün göz nişanı, ülgüsü varmı?
Özü yazdığını oxumur daha,
fələyin əlində silgisi varmı?..
Üz-göz baxışların rəngi qızarır,
itir üz qarası göz ağlığında.
Onsuz da, dünyada işıq azalır,
boğulur siyasi bataqlığında...
Bir gözüm sağçıdı, bir gözüm solçu, -
sağçıyla solçunun əlində qalıb.
İşığın ayrıca ölkəsi varmı,
işığın xəlvəti bölgüsü varmı?
işığın "boz qurdu", "ülküsü" varmı...
bir gözümdə yaş var,
bir gözümdə nur,
işığın işıqdan kölgəsi varmı...
İşığın işıqla nə ədavəti, -
işığın işıqla davası gedir,
acı göz yaşları gözümü yonur.
Vallah, ürəkdi də, bir gün bu sirri
soruşsa, nə deyim, Paşa Qəlbinur...
İki gül
Qərənfil şəhid qanı,
Xarı bülbül göz yaşı,
İki güllə yazıldı Vətənin qan yaddaşı...
***
Qönçə-qönçə güllənən qızıl qaşlı sevginin -
Üfüqlərdən boylanan eşq danıydı qərənfil.
Hər sevginin gəlişi çiçək günü, gül günü,
İki sevən ürəyin peymanıydı qərənfil.
Qərənfil gül deyildi, - ilk sevginin gözündən
Süzülüb damla-damla düşən od dənəsiydi.
Beləcə, boylanırdı sevənlərin üzündən
Həyalı duyğuların gizli baxış səsiydi.
Payızın boz çənində,
qışın bəyaz qarında
Yanırdı Günəş olub, hər fəsildə Qərənfil.
Alışırdı şam təki gəlin xonçalarında,
Xoşbəxtlik aktı idi hər nəsildə Qərənfil.
Qərənfil bir qış günü yol alıb Şüvəlandan,
Səpələndi Sibirdə Cavidin nəşi üstə.
Göy yerə yelkən açdı, yer göyə havalandı,
Vətən gül-gül parladı sözün Günəşi üstə.
Gəldi, gül kimi, gəldi, düz İyirmi yanvara,
Gəldi, süngü başında, tankların lüləsində.
Rənginin al yerindən tutub çəkdilər dara,
Güllələr çiçəklədi gözünün giləsində.
Hər ləçəyi boyandı günahsız axan qana,
Qaboy sədası üstə can xışladı Qərənfil.
Azadlıq meydanından Dağüstü xiyabana
Tabut-tabut güllənib, yol başladı qərənfil.
***
Canını çox üşütdü həsrət Xarı bülbülün,
Ləçək-ləçək dilləri için-için sızladı.
Sudan duru gözləri, aydan arı bülbülün
Naləsinin şehində ümid yeri buzladı.
Rəng alıb, rəng qatırdı Tanrının bəstəsindən
Rəngi solan güllərin ölü qonşuluğunda.
Əsir düşən səslərin şikəst "Şikəstə"sindən
Hallanırdı Turşsuyun şirin turşuluğunda.
Diksinib ahlarından ətrafdakı güllərin,
Çəkirdi ciyərinə tövşiyən yağışları.
Bağrının gül başında buğlanan nisgillərin
Üşənirdi nəmindən pərişan baxışları.
Açdı qırışlarını doğma əzan sədası,
Axdı ilahi səslər donan minarələrdən.
Qopardı mehvərindən "Dəmir yumruq" nidası,
Qarabağ silkələndi alovlu nərələrdən.
Yetişdi imdadına xilas ruhlu əsgərim,
Gül ətirli qanıyla öpdü Xarı bülbülü.
Qəzəbindən qan daman qisas ruhlu əsgərim
Gözünə məlhəm kimi təpdi Xarı bülbülü.
***
Qərənfil ta qan deyil,
Ah deyil Xarı bülbül,
Daha qəmin taxtında şah deyil Xarı bülbül,
Qərənfil gül bayrağı, Xarı bülbül aypara,
Qərənfili yozmayın ta İyirmi yanvara!
Qərənfil döyüş ruhu,
Xarı bülbül Qələbə,
İki gül keşik çəkir bu müqəddəs qəlibə!
Xarı bülbül qayıtdı Şuşada gül yerinə,
Qərənfil də qayıtsın eşqin könül yerinə...
Qərənfil ta qan deyil, Xarı bülbül göz yaşı,
İki güldən boylanır Vətənin qan yaddaşı!..
Göy gəzirəm Yerdə, bir az
Mövzu deyib dağı, düzü
Gəzib suyun çıxardıram.
Misraya yatmayan sözü
Əzib suyun çıxardıram.
Ruh uçunan sirdə yer az,
Göy gəzirəm yerdə, bir az,
Ayrılığı Araz-Araz
Üzüb suyun çıxardıram.
İpək hördüm dəmirdən də,
Gül bağladım kömürdən də,
Can çəkişən ömürdən də
Bezib... suyun çıxardıram.
Dəniz gözlüm, bu mən, bu sən,
Gir könlümə, üz dərindən,
Sənsizliyi gözlərimdən
Süzüb suyun çıxardıram...
Anama
Ürəyim üstündə şam bənövşəsi,
Ayrı nəyim var ki, yanası, anam?!
Sənsən gülşənimin qəm bənövşəsi,
Sənsən göz yaşımın sonası, anam.
Ovunmaz bu dərdim hər simin üstə,
Qar üstdən qar yağır səbrimin üstə,
Elə ağlayardım qəbrinin üstə,
Qorxdum ki, uçular binası, anam...
Bu zalım fələyin üzü ağ olsun,
Dağı düzdə qalsın, düzü dağ olsun,
Sevməyən kim varsa, canı sağ olsun,
Məni sevənlərin anası, anam...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!