Tapılmaz göz deyən sözün misali - Şeir. Fərhad ƏZİZBƏYLİ

 

Üzümə bir ilıq nəfəs toxundu,

Kəpənək əsdirən mehin misali.

Sənin yanağında o bir damla yaş,

Lalə ləçəyində şehin misali.

 

Yaşanan ömrümüz xatirələrdi,

Gah acı, gah şirin yuxu misali.

Ürəkdə nə qədər yara yeri var,

Namərdin atdığı oxun misali.

 

Keçdiyimiz yolun sonu yaxında,

Mənzilə yetişən karvan misali.

Biz də dövran sürdük, fələk yazanı,

Yazısı pozulmaz dövran misali.

 

Rişəsi torpaqda ağac kimiyik,

Ötən hər gün düşən yarpaq misali.

Əbədi yanan yox, ulduz da sönür,

Hər yanan sönəcək, çıraq misali.

 

İnsan var, dəyərsiz, şər dağarcığı,

Ayağa dolaşan daşın misali.

Nə qədər dost-tanış tərk edir bizi,

Ucaraq dönməyən quşun misali.

 

Ürəyə can verən başqa məlhəm yox,

Məhəbbətlə baxan gözün misali.

Gözün dediyini söz deyə bilməz,

Tapılmaz göz deyən sözün misali.

 

20.10.2023

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!