Şeirlər
İLAHİ
Məni bəlalardan keçirib gəldin,
Sevgi badəsini içirib gəldin.
Dəftərə-kitaba köçürüb gəldin,
Qoymadın arada itim, İlahi,
Kaş sənə vaxtında yetim, İlahi.
Bilməzdim illərin belə nəhsi var,
Ömrün bu dövranla ağır bəhsi var.
Sinəmdə yaralı qu nəğməsi var,
Onu istəyimcə ötüm, İlahi,
Kaş sənə vaxtında yetim, İlahi.
Biz ki, ölümlərə vaxtsız deyirik,
Erkən ölmüşlərə baxtsız deyirik.
Göylərə tavansız, taxtsız deyirik,
"Ol" söylə, göylərdə bitim, İlahi,
Kaş sənə vaxtında yetim, İlahi.
Mən niyə gəlmişdim, gedirəm niyə?!
Dala bilmədimsə bu dərinliyə,
Salma sualımı sən qəribliyə,
Dəyişər əvvəlki idim, İlahi,
Kaş sənə vaxtında yetim, İlahi.
Mən qol-qanadımı açıram indi,
Nurunu ömrümə saçıram indi.
O böyük sevginə uçuram indi,
Qalmayım mən ondan yetim, İlahi,
Kaş sənə vaxtında yetim, İlahi.
BİR QATAR YOL GEDİR
İnsafsız bələdçi demir çatmısan,
Hələ də yol gedir qatar ürəyim.
Mənim ürəyimə elə yatmısan,
"Yox" desən inan ki, yatar ürəyim.
Qoynundan bir qatar uçurar Bakı,
Üzü Qərbə tərəf sökər yolları.
Paralel xətləri bağrına basar,
Mənim istəyimin çarpaz qolları.
Doğma obalara yol alar qatar,
Ürəyim uçunar doğmalıq üçün.
Bilməzdim harayım Tanrıya çatar,
Ən doğma kəsimi yetirər bu gün.
Bilməzdim taleyim, bəxtim beləcə
Üz-üzə əyləşib üzümə gülsün.
Ömrümə bir ömür artırsın gecə,
Dan yeri gözümdə belə sökülsün.
Qəlbimdən keçənlər ona əyandı,
Ən saf diləkləri Tanrı eşidir.
Mən onun görkünə qəlbən inandım
Doğrudan, bu görüş tale işidir.
Bir ömür ömrümü qana döndərib,
Bitib-tükənməyib əskik-gərəyi.
O qurban olduğum axır göndərib
Şair sevgisinə layiq mələyi.
Talemi xoşüzlə məni dindirib,
Bəxtin günəşimi nurunu saçdı?!
İlham pərisini yerə endirib,
Göylər yaxasını üzümə açdı...
Saflığın ilahi sehrinə uydum,
Çox da ki, görürdüm ilk kərə onu.
Bu hissin mən elə zövqünü duydum
Nə Məcnun duymuşdu, nə Kərəm onu.
Cırmışam köksünü kədərin, yasın,
Sevincim hər cürə dərdə qənimdi.
Olsun ki, o gözəl mənim olmasın,
Ancaq indən belə dünya mənimdi!
***
Bu Vətənin qanlı köynəyidir
Xocalı -
"Qisas" deyə bağırır.
Bu xalqın əbədi göynəyidir
Xocalı -
Bizi intiqama çağırır.
XX əsrin utanc yeridi,
üz qarasıdı Xocalı -
Zülmün, işgəncənin
"bundan o yanası yox"
sərhədidi.
Vətənimin, torpağımın
iç yarasıdı Xocalı -
Vəhşiliyin, barbarlığın
son həddidi.
Ruhların fəğana gəldiyi
yerdi Xocalı -
İnsanla birgə insanlığın
öldüyü yerdi Xocalı.
DÜNYA BOYDA
Görkəmli alim,
İmamverdi Əbilovun xatirəsinə
O bölgənin, o torpağın
Şeir havasıydı
İmamverdi müəllim.
Bütün yazarların
Bir ocaqda cəmlənən
Yuvasıydı İmamverdi müəllim.
O eldə, o obada
Duyğusal insanların
Eliydi, obasıydı
İmamverdi müəllim.
Şeirin gücünə, şairin
sevgisinə qalsa,
Ölümü hələ neçə əsr
qovasıydı İmamverdi müəllim.
Ürəyində, süfrəsində
Muğan genişliyi,
Arzusunda, istəyində
Kür axarı
vardı.
Ən dərin
sözü-söhbəti
Rəsul Rza,
Dilinin ən şirin əzbəri
Məmməd Arazdı,
Bəxtiyardı.
Ən yaxşı şairlərin
ən yaxın dostuydu
İmamverdi müəllim.
Neftçalada şeir-sənət
mərkəziydi,
poeziya postuydu,
İmamverdi müəllim.
O kişi söz imtahanı,
Şeir sınağı olmuşdu,
Səməd Vurğundan tutmuş
Musa Ələkbərliyə qədər
şairlərin hamısı
qonağı olmuşdu.
İmkanı səxavəti qədər
olmasa da,
Qüruru yer verməzdi
qüssəyə, qəmə.
Dünyaya qonaq kimi gəlməyənlərin
Qonaq eləmək arzusu
Dünya boydaymış
Sən demə!
QARANQUŞLA SÖHBƏT
Ürəyimizlə, canımızla,
İliyimizlə, qanımızla
Olmayan imkanımızla
Qurmuşduq o evi
Atamın-anamın sağlığında.
Bir yaz günü yerin-göyün
Qılığında.
Sən də gəldin o evin eyvanında
Yuva qurdun…
Havanı qayçıladı qanadların
Bala eşqinə…
Bəla hardan gəldi,
Qaranquş,
Nədən düşdük bu günə?
Biz o evi unutduq,
Sən də o yuvanı,
O evin sahibi,
Sahibəsi hanı,
Qaranquş?
Biz nankor olduq,
O yurda, o ocağa,
Barı sən yuvanı tanı, qaranquş!
Həvəsimizdən, nəfəsimizdən
Uzaq düşdü o ev,
Üstündən qərinə keçməmiş
Bir əsr qocaldı.
Bizə ata-ana həsrəti,
Bir də beş-on dənə
Göynəkli xatirə qaldı.
Bəlkə sənin ahına düşmüşük,
Çəkdiyimiz ahı eşit, qaranquş.
Yarıb daş qəfəsini,
O evin buz nəfəsini
Nəfəsinlə
İsit, qaranquş!
O yuvanı
Nə zülmlə qurmuşdun,
Bir sən bilirsən, bir də Allahın…
O isti yuvandan perik düşdün
Nəydi sənin günahın?!
Yaralarımız çox dərindədir
Qaysaq tutmur üzü, qaranquş.
Əsl günah bizdədi,
Bağışla bizi, qaranquş!
Sən də, o ev də
insan nəfəsinə təşnədir,
qaranquş.
Tavanını yaş gördüm,
Divarında mamırlamış daş gördüm,
Gəldim sənin yuvanı da boş gördüm,
Daha dünya gözümdə
heç nədir, qaranquş?!
BU KÖRPƏ ZƏHRANIN QANI
Nənəsi ilə birlikdə erməni qaniçənlərinin
gülləsinə hədəf olan balaca
Zəhranın xatirəsinə
Damarda qanı dondurur
Bu körpə Zəhranın qanı.
Bədəndə canı dondurur
Bu körpə Zəhranın qanı.
Köksümüzün yarasıdır,
Gözümüzün qorasıdır.
Tarixin üz qarasıdır
Bu körpə Zəhranın qanı.
ATƏT, son qoy öz işinə,
Yersiz gəliş-gedişinə.
Dünyanı vurdu dişinə
Bu körpə Zəhranın qanı.
Axan qan qana çağırır,
Nuh da tufana çağırır.
Bizi üsyana çağırır,
Bu körpə Zəhranın qanı.
Neynirsən şeiri, şairi,
Gəl soy onu diri-diri.
Oyatmırsa yatmış şiri
Bu körpə Zəhranın qanı.
Şəri boğazla, as - deyir,
Bitməlidir bu yas deyir.
Bir son, qəti qisas deyir
Bu körpə Zəhranın qanı.
QOVUŞA BİLMƏDİM O MƏHƏBBƏTƏ
Dağ idim, düzlənə-düzlənə qaldım,
İçimdən közlənə-közlənə qaldım.
Mən ondan gizlənə-gizlənə qaldım,
Qovuşa bilmədim o məhəbbətə.
Axdı iliyimdən, keçdi qanımdan,
Hər gün can ayırdı mənim canımdan.
Simurq quşu idi, uçdu yanımdan
Qovuşa bilmədim o məhəbbətə.
Dərdilər mənimçün açılan gülü,
Göynədim bir ömür boynubükülü.
Ayrıldı Əslinin, Kərəmin külü,
Qovuşa bilmədim o məhəbbətə.
Elə gözləyirdim göylərdən enə,
Onunla yetişəm imana, dinə.
Kəm baxa bilmədim Məcnun eşqinə,
Qovuşa bilmədim o məhəbbətə.
Gedib səmalarda çadır qursa da,
Odlu şimşəkləri sovuşdursa da,
Ruhumu Tanrıya qovuşdursa da,
Qovuşa bilmədim o məhəbbətə!
***
Çətin qorxudarsan can almaq ilə
Canı boğazına yığılan kəsi.
Abırdan-həyadan saldı bu dövran
Abır-həyasına sığınan kəsi.
Nə göy səda verir onun səsinə,
Nə yer dayaq durur yaşam bəhsinə.
Mələklər də almır himayəsinə,
Belə yanan kəsi, yaxılan kəsi.
Daha o havanı çaldıra bilməz,
Hansı kökdə dinsə aldıra bilməz.
Heç çərxi-fələk də qaldıra bilməz
Eşqin zirvəsindən yıxılan kəsi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!