Sor baxışlarımdan
Necə inandırım axı de səni,
Acizsə dilimdə sözlər, kəlmələr.
Tez-tez andıdırsan dərdli dünəni,
Allahım, ağlından keçir gör nələr.
Nədən köklənmisən belə əhvala,
Artır, tükənmir ki sorğu-sualın.
Yaman meyllisən çox qalmaqala,
Düşüncəm: - "Fənadır bax bundan halın".
Bir az səbrin olsun, nə olar, dinlə də,
Danışım, biləsən yoxdur günahım.
Birgə qərar verək düz, təmkinlə də,
Bitə şübhələrin, bitsin vay, ahım.
Kiməm səndən ötrü, bilirsən bunu,
İtirmək qorxusu varmı canında?
Mənimçün əvəzsiz bil olduğunu,
Vallah, yanılırsan zənn-gümanında.
Bəlkə oxuyasan baxışlarımdan,
Saysız çox sorğuna dürüst cavabı.
Bəxş edə ruhuna baxışlarım dan,
Qova köksündəki dərdi, əzabı.
Çoxdur naşükür
Saysız dünyamızın naşükürü çox,
Hərə taleyindən bir cür narazı.
Deyinir, ətrafda nəsə yaxşı yox,
Varsa da, düşübmüş ona ən azı.
Görmür Günəşimiz, Ayımız eyni,
Eyni Yer kürəsi məkanımız da.
Görünür qüsurlu dərkində beyni,
Fərqli istəklərdir cəm qanımızda.
Var ki elələri, nəfsindən yana
Bilmərrə unudur insanlığını.
Quduz canavartək susamış qana,
Qazana, dalayır solu, sağını.
Haqq-hesab çəkməkdən ayılmır başı,
Görə ətrafında gözəllikləri.
Batsa bir qəpiyi, çatılır qaşı,
Əsir dil-dodağı, əsir əlləri.
Yaşamır, günləri ötürür hədər,
Dilində kiməsə qarğış, nifrini.
Çalıb-çapmağında gözləmir qədər,
Lazımlı tək birə, götürür mini.
Bizlərə yaradıb Tanrı hər nə var,
Yetər hamımıza vallahi, gen-bol.
Təəssüf, ruhumuz çox-çoxda kor, kar,
Tutmur şükrümüzlə haqqa tərəf yol.
Yox həvəsim
İçindəki nifrətini, kinini,
Tök üstümə, rahatlatsın bu səni.
Arxam düşdü, ürəyincə söy məni.
Düşünmə ki, bundan coşum, ya əsim,
Yox ruhumda əvəz çıxmaq həvəsim.
Dostlarınla çəkilməklə xəlvətə,
Meyllisən ondan-bundan qeybətə.
"Torba tikmək" işin-gücün əlbəttə.
Diksinmə yox, onda gəlsə ün, səsim,
Yox ruhumda əvəz çıxmaq həvəsim.
Ürək sıxmaq soy-kökündən vərdişin,
Xeyirliyə deyil yönlü bir işin,
"Zay ünsürü" bu zamanın, gərdişin.
Tanımağım belə yetər, bil bəsim,
Yox ruhumda əvəz çıxmaq həvəsim.
Harda olsan, yaradırsan qalmaqal,
Çox adidir səndən ötrü, bax bu hal,
"Dabanında yox, görmüşəm paslı nal".
Nə mənası, qulağını mən kəsim,
Yox ruhumda əvəz çıxmaq həvəsim.
Vecsiz gəldin, beləcə də dünyadan
Köçəcəksən lənətlənib ay "insan",
Ağlın var ki, deyəm düşün, dur, dayan.
Anlayasan-"bax, du düzüm, bu tərsim",
Yox ruhumda əvəz çıxmaq həvəsim.
Tələs
Peyğəmbər deyilik nə sən, nə də mən,
Yəqin ki, az, ya çox günahımız var.
Onda arxayınıq onda bəs nədən,
Onları yumağa vermirik qərar?
Hərdən dilimizdən çıxan sözlərə
Diqqət yetirməyib qəlb incitmişik.
Əyriyə düz deyib, əyri düzlərə,
Nəsə qazanc çıxa, hey cəhd etmişik.
Bəlkə, ehtiyatsız davranmağımız
Yandırıb-yaxıb da olub kimləri.
Nəşəli, sevincli, kefli halımız
Yaradıb çoxunda qəmli dəmləri.
Mümkün, nəfsimizə olmağımız ram,
Azdırıb, düz yoldan sapdırıb bizi.
Hansısa istəkdən almağımız kam,
Silib adımızdan neçə təmizi.
Eh, sayım birbəbir? - Yetər məncə, bəs,
Biləsən boynunda nə qədər bu yük.
Tələs, yaxşı işlər görməyə tələs,
Adi yox, cəhdinlə böyükdən böyük.
İnan ki, gecdir, gec dünəndən bu gün,
Eləcə olacaq, bu gündən sabah,
Savab qazanmaqla silkin büsbütün,
Tökülsün üstündən hesabsız günah.
Yaxşılıq etməyi bacarıram
Artır pisliklərin mənə sayını,
Köksümə qəm, qüssə, kədər layını!
Sanma, verrəm əvəz, eynən payını...
Qürrələn, beləcə öz kefini çək,
Yaxşılıq etməyi bacarıram tək!
Səndə başqa xislət, fərqli xislətim,
Barəndə saf, təmiz ən xoş niyyətim,
Olmaz arxanca yox, boş qer- qeybətim.
Buna zərrə qədər etmə şübhə, şəkk,
Yaxşılıq etməyi bacarıram tək!
Qaraya ağ deyib, ağa zil qara,
Bədliklə səbrimi hey çəkdin dara,
Layiqsən başını vuram divara!
Qorxma, baxma mənə çaş ürkək- ürkək,
Yaxşılıq etməyi bacarıram tək!
Hələ havalısan, minib kor atı,
Köndələn çapmaqla kefli həyatı.
Yaşa hə, hələlik bax, bu ovqatı.
Vallah, belə getməz, pozar, qan, fələk,
Yaxşılıq etməyi bacarıram tək!
Kimliyin ortada aydın, aşikar,
Barəndə vaxt gələr, verər el qərar.
Onda da dinmərəm, kor tək, sanki kar...
Yetər yanlışını eyləyəsən dərk,
Yaxşılıq etməyi bacarıram tək!
Taleyindən küsmə
Taleyindən küsmə yox, gileylənmə bu qədər,
Şükründə ol ömrünün ötən hər bir anının.
Ürəyinə toplayar beləliyin qəm, kədər,
Durma qəsdinə, durma öz ruhunun, canının.
Səntəklərin dünyada sayı yoxdur, hesabı,
Çətinliklə arayan çıxış yolu özünə.
Deyənlər var, bağlanıb onun haqdan kitabı,
Həm düşənlər uğurun dərkdən gələn izinə.
Var elələr, "çaş-baş"lar, hara gəldi tutan yol,
Təkrarlanan səhvlərin axarında üzən hey.
Sevinc görmür azacıq, əndişəsi olur bol,
Sərxoşlartək dolanır, sanki içən şərab, mey.
Kəslər də çox "olmuşla", "olacaqla" barışan,
Məlul durub dayanıb döyən hər dəm gözünü.
Eləsi də, hikkəylə düşünmədən danışan,
"Haqqımı ver" bağırıb deyən hədyan sözünü.
Nağıllara uyan da deyil ki az, vallah yox,
Cənnət həzzi yaşayan əzabında xəyalda.
Qamarlayıb yığanlar, aza qane, nəfsi tox,
Yaxşılığa köklənən yaşamında hər halda.
Sənsə ayrı bir aləm, öz istəyin, diləyin,
Duyğun, hissin, düşüncən, dərkin, ağlın, kamalın.
Laqeydliyə daşıyar varlığını gileyin,
Bu, boynuna özündən böyük günah-babalın.
Günahsızıq
Nə səndə günah var, nə də ki məndə,
Bu da ömrümüzün tale sınağı.
Sevib durmalıyıq aralı, gendə,
Heçdən eşitməyək eldən qınağı.
Hicran da olacaq, həsrət də şəksiz,
Amma olmayacaq ümid vüsala.
Məhkumuq qalmağa dərdlə köməksiz,
Ağrıda çarəmiz dalmaq xəyala.
Mənasız belədə havayı söz-sov,
Nəyi dəyişəcək, söylə, de nəyi?
Bu nakam sevdaya qəlbimiz girov
Düşməkdən heç-puçsa istək, diləyi.
Susaq, sakit duraq, kədərlə, qəmlə
Qolboyun yaşayaq bu halı səssiz.
İztirab kökslərə edəndə həmlə,
Acılar olacaq sonsuz, qədərsiz.
Boyun əyməiiyik bax, bu qismətə,
Qalmaqla "olsaydı, olardı"larla.
Bu eşqi qurbanlıq biz ləyaqətlə
Edək gəl, gəlmişəm belə qərara.
Nə səndə günah var, nə də ki məndə,
Bu da ömrümüzün tale sınağı.
Sevib durmalıyıq aralı, gendə,
Heçdən eşitməyək eldən qınağı.
De də
Düşünürsən barəmdə nə?- bu sual
Üzür, sıxır, bax yaradıb dərdli hal.
Din də, nə olar, deyilsən ki axı lal,
Yalvarımmı dönə-dönə hey sənə?!
Ürəyindən gələn sözü de mənə
Gərək deyil artıq, əskik kəlmə, yox,
Xoş görünə ordan-burdan gəlmə, yox,
Deyib, sonra baxıb yana gülmə, yox,
Boş, özünü salmamağa çətinə,
Ürəyindən gələn sözü de mənə.
Heç olmasın zərrə bəzək-düzəyi,
Olsun saf, pak, məna, məzmun özəyi,
Bilim odur hiss-duyğunun öz rəyi.
Təkcəcə tək hakim ruhun qəlbinə,
Ürəyindən gələn sözü de mənə.
Eləsi ki, baxışından oxuna,
Köksümdəki "sarı sim"ə toxuna,
Uyğulara, xəyalına, yuxuna
Qarışanı, salan səni sehrinə,
Ürəyindən gələn sözü de mənə.
Demirəm ki, onu bənzət nağıla,
Fikir söylə heç gəlməyən ağıla,
Qorxursanmı dinsən "dünya dağıla".
Yandım, bunda çətin nə var, axı nə?
Ürəyindən gələn sözü de mənə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!