"Sənə can yandırırdım, Üşüməyəsən deyə..." - Şeirlər. İlkin Öz

 

Sofiyaya ithafən...

***

Kölgəmlə danışırdım,

O isə susurdu...

Məni, deyəsən, yalnız

öz əksim ovudurdu...

 

***

Əl uzadıb çəkir tez-tez fikir məni.

Qorxuram ki, tutsam, o da

atar, bir gün yıxar məni.

Düşsəm, indi bu fikrə,

Söylə, kim çıxarar məni?

 

***

Ay zalım, intihar etməyə yer yox idi,

Gərək gözümdən düşəydin?

 

***

Gözlərindən qısametrajlı film

kimi keçdim.

Baş rolda özüm idim,

Film gec başladı, tez də bitdi.

 

***

Sənə can yandırırdım,

Üşüməyəsən deyə.

 

***

Eqoist adamlar, görəsən, niyə,

yalnız alçaq dağlar yarada bilir?

Ya hündür dağları ağlı kəsmir,

Ya da onlar Tanrı olmaq istəyir.

 

***

Əlindəki alışqana baxıb fikrə getdi:

Neft-qaz ölkəsində payıma düşəni

elə bu alışqan qədərdi?

Şükür sənə, İlahi!

 

***

Başdan xarab olmaq lazımdır,

Bəlkə, xoşbəxt olmaq üçün?

Yoxsa, bu qədər dərd-sər içində

ağıllı adam necə gülsün?

 

***

Diqqət! Diqqət!

Gedənlər özləri ilə

xatirələrini də aparsın!

Geriyə  nə şəkli,

Nə ətri,

Nə də səsi qalsın.

 

***

Səni qaranlıq otaqda tapmışdım,

Sən də qaranlıq idin, otaq da.

İşıq yandı və sən yoxa çıxdın.

 

***

Həmişə gözlədiyim vaxtda,

Həmişə gözlədiyim parkda,

Hətta,

Ağaclarla,

Səkilərlə,

Yollarla,

Saatlarla

gözlədim...

Gəlməyəcəyini bilsəm də,

gözlədim...

 

***

Sentyabr...

Həyat səninlə

tərs mütənasibdir yenə.

Xəzəl kimi tökülür

ömür ağacındakı yarpaqlar.

Sevincin azalır,

Dərdin artır.

 

***

Oktyabr...

Qəhərimi boğduğum

göz yaşımda

indi qayıq sürürəm.

 

***

Noyabr...

Hava soyuqdu,

Yağır yağış yenə.

Torpaq da üşüyür,

Bu havada, məncə.

 

***

Soyuq dekabr...

Qar yağır,

hətta çovğundu...

Amansız şaxta

ümidlərimi də dondurdu.

 

***

Yanvar ayı...

Ağ vərəqdə sözlə

şəkilni çəkmişəm.

Bircə qafiyəli boya çatışmır.

 

***

Fevral ayı...

Sənə mahnı bəstələmişdim,

Heyif ki, notlar yerinə düşmədi,

Fa... (Ti?)... Ma...

 

***

Mart ayı...

Görəsən, sənə nə hədiyyə alım?

Aha, tapdım, tapdım:

Ən gözəl hədiyyə elə mən özüm.

De görüm, ay vəfasız,

Səninlə qocalım,

yoxsa, sənsiz ölüm?

 

***

Aprel ayı...

Yanına gəlmək üçün

Bütün yolları sınadım.

Təəssüf ki, təmir işləri gedirdi.

 

***

May ayı...

Lotereya aldım,

Bəxtimə bu həyat çıxdı.

Həyatımla qumar oynadım,

Qəhər uddum.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!