Antropologiya
Ehramda sərdabə, sərdabədə skelet;
antropoloqların fikrincə, 4000 ildən çox yaşı var.
Firon qalıqları deyil tapılan skelet:
yan-yana düzülmüş sümük parçaları -
baş, əllər, ayaqlar və sairənin nişanələri
ağır zəhmətə qatlaşan birinin mövcudluğundan,
daha doğrusu, 4 əsrdən çoxdur
mövcudsuzluğundan xəbər verir;
"Varlığın yox olması", daha dəqiq,
"Yarananın dəyişməsi" qanunu.
Alimlərin fikrincə, ehramların tikintisində
çalışan fəhlələrdən, - qullardan yox a,
məhz fəhlələrdən biri olub o skelet,
daha doğrusu, skeleti tapılan o şəxs,
sonra hansısa işlər üzrə rəis təyin olunub.
Hətta o da məlum olub ki,
qolu dirsəkdən aşağı kəsilib o fəhlə-rəisin,
bu da o zaman ehram tikintisində çalışanlara
qayğının əlamətidir - bədbəxt hadisədən dərhal sonra
həkimlər amputasiya edib, ölməyə qoymayıblar onu.
O da bu hadisədən sonra xeyli yaşayıb -
dirsəkdən aşağı hissənin əyri bitməsi
təsdiq edir bu mülahizəni.
Hər tapılan faktlara
tarixçi, antropoloq alimlərin
necə ürəkdən sevindiyini
müşahidə edirəm televiziyadan
və mən də
onların sevincinə şərikəm əslində.
Amma ayrı şey də məni çox düşündürür:
dörd min ildən bu yana qalan
yalnız sümük parçalarıdı, yan-yana düzülüşündən
və anatomiyadan insana məxsus olduğu bilinir.
Mən də bilirəm, yaranan nə varsa itmir,
müxtəlif formalarda öz-özünü təkrar edir.
Belə olan halda,
bəşər tarixinin bir əbədiyaşar sualı
mənim də ağlımdan keçir:
bəs bu sümüklərə yaraşıq verən "libas" -
baş, ayaqlar, əllər və sairədən ibarət
bədən hanı,
özünüqoruma instinkti və çoxalma istəyi
ən çox
onu qorumaqla məşğuldur axı;
yaranan yox olur ki?!
Entropiya qanunu
İki ayrı-ayrı məkan və iki oxşar hadisə barədə
söz açmaq istəyirəm. Nə tənhalıq, nə ayrılıq, nə təklik,
nə də onların romantikasından danışmaq fikrim var.
İstəyim ayrı-ayrı məkanlarda eyni hadisəni
təsvir etməkdi sadəcə;
eyni, həm də fərqli az da olsa.
Birinci məkan: Bakı. Cavid prospekti - fontanın yanı.
Su şırnağını yaradan hovuz, hovuzda qurğular.
Elə nizamla qalxıb enir su şırnağı, sanki əzəldən
belə yaranıb, heç bir təzyiqə məruz qalmadan:
öz-özünə nizamlı, fərqli və cürbəcür formada.
Eyni cür qalxıb enir amma, fərqli trayektoriyalar cızsa da...
Dayanır birdən. Az sonra yenidən su fontanı.
Bütün qalxıb-enmələr, dayanmalar və tükənmələr eyni,
yoxolmalar hətta oxşar, mən bilirəm, hər yerdə hər zaman eyni.
Və bir quş enib, dimdikləyir etinasız
nizamlı, yaraşıqlı cürbəcür formalı su şırnağını.
Təəssüf! Yaxınlaşdığım an qalxdı havaya,
bir uçuş trayektoriyası da beləcə yarandı üzü səmaya.
Hər dəfə üzü yuxarı uçar quşlar ürkərkən, fikir vermişəm,
üzü aşağı isə ancaq təhlükə hiss etmədikdə -
bu da bir şəkli yəqin yaşamaq instiktinin.
İkinci məkan: kənd. Kəndin yaxınlığında yaşıllıq - gözoxşayan.
Yaşıllıqda boru və borudan fışqıran su şırnağı.
Yenə üçdu səmaya yaxınlaşdığım an
məndən bir az aralı
yaşıllıda arxayı-arxayın gəzişən, arabir
su şırnağını dimdikləyən tənha quşcuğaz.
Diqqətimi tənhalıq yox yenə, ayrı şey çəkir doğrusu:
eyni uçuş, eyni səma, eyni trayektoriya.
Eyni ürkəklik həm də...
Ayrı-ayrı məkanlarda
eyni hadisəni müşahidə etdim, deyəsən:
tək-tənha quş (romantikadan uzaq),
eyni səma, eyni trayektoriya, eyni uçuş.
Amma əsas bir fərq vardı
müşahidə etdiyim bu hadisələrdə;
dəqiq bilirəm, əsas bir fərq -
amma dəqiq bilmirəm həm də -
bütün məkanlar sanki dəyişmiş forması
bir-birinin və imitasiya sadəcə.
Eyni cür yaşayar sanki yaranan nə varsa,
ən mükəmməli də,
ayrı-ayrı formalarda olsa da belə;
eyni cür çoxalar, eyni cür azalar, eyni cür tükənər -
eyni cür dağılar və yox olar: Oxşarlıqlar nəzəriyyəsi -
sadə görünsə də, isbatı çətin fərziyyələr - üstündə
səylə çalışdığım.
Bayaq ona görə demişdim "mən bilirəm, həm də bilmirəm".
Belə baxanda,
hər varlığı eyni təsadüfi proses təsvir edər,
var olanlar zahirən fərqli görünsələr də.
Qavrayışda yanlış təsviri gerçək hadisənin.
Odur ki, müşahidə etdiyim iki fərqli, həm də eyni hadisədən
çıxış edib deyirəm, özü də təsəlli üçün demirəm,
həqiqət olduğu üçün deyirəm:
Sonda hər şey düzələcək, inanın,
ən mükəmməl şeylər də sonda düzələcək, -
dağılacaq yəni.
Ölümdən sonrakı həyat
1. Bir balaca yol tapdı ki,
açılan cığırla
ilantək tələsən, qaçan su axını
və
boşalmaq istəyən gölməçə var ha
bax elədir yaranan hər şey:
qurtulmaq, boşalmaq, azalmaq istər.
2. Bomj həyatı;
sevgi nədi,
heç salam gözləməz kimsədən,
yalnız mərhəmət və bir tikə çörək
bəs edər ona.
Bomjun yaşamaq istəyi var ha
bax elə anladım
həyatın şirinliyini.
3. İndi yağan yağışlar var ha
əvvəl yağanların
davamı deyim, təkrarı deyim;
əvvəl yağan yağışlar kimi
anladım
insanın ölümünü.
İndi yağan yağışlar var ha
bax elə anladım
insanın ölümdən sonrakı həyatını.
4. Varlığı yoxluq,
yoxluğu varlıq kimi gördüm.
Varlıq, Yoxluq
və sairə və ilaxır,
deyəsən,
həyatı anlayıram,
duyuram artıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!