Hər kişi özgə qadından yüyürür evindəki qadına - Qəşəm Nəcəfzadənin yeni şeirləri

Ey uzaqda dizini qucaqlayıb ağlayan, qadın, Bir dəfə tanımadın pəncərəmı, qapımı. Sən öyrətdin mənə sevməyi, sevilməyi, Sən xoşbəxt elədin evimdəki qadını.

Özgə qadın

 

Hər kişi,

Özgə qadından yüyürür evindəki qadına

Yüyürür, döşənir ayaqlarına.

Özgə qadından öyrənir necə

            sevmək olar qadını,

O qadından öyrənir  hətta çiçək almağı.

 

Ana olur, yar olur özgə qadın adama,

Üst-başında gəzdirir əlinin tumarını.

Soruşur çarpayını, de, hansı otaqdadı,

Pəncərə önündədir, ya qaranlıqdadı?

Qayğı kimi ələyir başına sualları:

De, neçədə yatırsan, de, neçədə durursan?

Mən verdiyim ətri harada saxlayırsan?

Köynəyinin yaxası  niyə qırış-qırışdı?

Saçında ağaran tel mənə necə tanışdı…

Təzə şeir yazmısan? Ver üzünü köçürüm?

Bu gün sənə  çayı  da qoy mən özüm içirim.

Başdan-ayağa süzür səni bir ana kimi,

İlıq baxışlarıyla çəkir sənin şəklini.

İşıq verir gözünə,

Sevgi axır qanına,

Baxışları nur kimi çiçəklənir üzündə,

Bir qız heykəli doğur sənin düymə gözündə,

Ilahi baxışların altında sən süzürsən.

Uça-uça , qaça-qaça öz evinə gəlirsən,

Arvadın baxıb deyir:

            - nə gözəl görünürsən?

 

Amma  bilmir ki, səni belə gözəl eyləyən,

Ömür boyu axtardığı qadındı.

Sevgi şeirlərini, köhnə məktublarını

Tonqal kimi yandırdığı qadındı.

O günü qayçı ilə sənin şəkillərindən

Qadınları

Kəsib, kəsib doğradığı qadındı.

 

Ey uzaqda dizini qucaqlayıb ağlayan, qadın,

Bir dəfə tanımadın pəncərəmı, qapımı.

Sən öyrətdin mənə sevməyi, sevilməyi,

Sən xoşbəxt elədin evimdəki qadını.

 

Özgə qadın, içində ağlayarsan sən məni,

Gör neçə illərdi səni çöldə qoymuşam.

Heç bilmirəm yasıma necə durub gələrsən?

Ağrılar uyuyanda, göz yaşı soyuyanda,

Gecə ilə gələrsən, gecə ilə gedərsən.

 

Atlar

 

Televiziyada at saxlayan dedi  ki,   atları saxlamaq çətindi, böyük xərc tələb edir, kəsib ətini xarici ölkələrə ixrac edəcəyik.

 

Buraxın atı getsin atın yanında ölsün,

Buraxın atı getsin otun yanında ölsün,

Buraxın atı getsin itin yanında ölsün.

Amma kəsməyin qanadlı atları,

Oxşama, bayatı atları.

 

Buraxın meşəyə, dağa,

Azsın, gəlməsin,

Elə azdırın onu  amma özü bilməsin,

Qoy atı şir yesin, şir parçalasın,

Göydə qartal qıy çəksin,

Yerdə çaqqal ulasın,

Amma qəssab əlində ölməsin  kəhər atlar.

Axşam tək sinər  atlar, açılar səhər atlar.

 

Atları kəsdinizmi qanadı yerə enməz,

Otlar at qanı görsə, bir də örüş göyərməz.

Dəryadan at çıxmaz, bir də at bizə gəlməz,

Kəsməyin, nə olar kəsməyin  atları,

Qaşqa atları, səkil atları,

Qır atları, dür atları,

Göy otları, göy atları,

Qanadları, buludları,

Kəsməyin, nə olar, kəsməyin.

 

Atları vurun çaya, çayda boğulub ölsün,

Ucu şiş qayalardan uçub   yıxılıb ölsün.

Üzəngisi qırılsın,

Yəhər dağılıb ölsün,

Yüyürüb qaranəfəs suyu içəndə  ölsün,

İlxı içində  ölsün, oba köçəndə ölsün.

Qəssab əlində ölməsin göy,  kəhər atlar,

Ağ,  kürən,  atlar, qırmızı, çil, boztəhər atlar.

 

Əzizim,  tər içində atlar çırpınar, ölləm,

Bədənimdən  ağ qaçar, qara çırpınar, ölləm.

Gözlərimin qarası at kimi çapar, ölləm,

Huş kimi  torpağa düşəndə yəhər, ölləm,

Tutar boğazımı yüyən tək qəhər, ölləm.

Kəsməyin, atları, kəsməyin,

Kəsməyin, muradları, kəsməyin.

 

Atlar kəsiləndə  hey daylar, dayçalar  ağlar,

İçində  su saxlayan kasa  çalalar ağlar.

Qarnında, sinəsində duman alalar ağlar,

Kənd atlar, qoşma atlar, nağıl, gəraylı atlar,

Tapqırlı, quşqunlu, qırmızı yallı atlar.

 

Ay əzizim, gözlərimə qan çilənib

Bu çəkdiyim naladan.

Qoy gözlərim görməsin

Kəhər atlar

         yıxılanda havadan.

 

Göydə quşlar, yerdə uşaqlar

 

Gəlin düşək səngərdən çəkilək bir az geri,

Qaldıraq səngərlərə balaca  uşaqları.

Nə qədər uşaq var qoy onlar da gətirsin

Dayansınlar üz-üzə, açılsın dodaqları.

 

Düşmən kəlməsi yoxdur uşaqların  dilində,

Olsa-olsa  əllərini bir-birinə vurarlar.

Səngərlərin içində, səngərlərin çölündə,

Lay-lay deyib kuklaya qəşəng evcik qurarlar.

 

O əsgər çəkməsinin izinə bax torpaqda,

Beş uşağın ayağı sığar onun içinə.

Dünən həmin ləpiri  gilizlər doldururdu,

Bu gün uşaq səsləri yağır onun içinə.

 

İnsan bayraqlarıdı göydə oynayan əllər,

Öpürlər gülə -gülə bir - birinin əlini.

Biz öyrənə bilmədik dostluq dilini heç vaxt,

Gəlin gedək öyrənək körpələrin dilini.

 

Uşağa bax, əyilib boş patronu götürür,

Bələyir körpə kimi  laylay deyir gör necə?

O güllənin dəydiyi  o əsgərin anası

Necə ki bələyirdi öz oğlunu beləcə.

 

Ehey, sən kimsən, qaranlıqda gizlənən,

"Düşmən" sözünü atma uşaqların içinə.

Silahını yığışdır, rədd ol bizim dünyadan,

Qarışma, sən qarışma, uşaqların işinə.

 

Uşaqların  ayağı torpağı bölə bilmir,

Necə ki, eyni yağır yer üzünə yağışlar.

Sülh haqqında yazılmış iki gözəl  misradı:

Bir göy üzündə quşlar,

Bir də yerdə  uşaqlar.

 

 

Zəng eləyirsən

Həyat yoldaşım xəstəxanadan hər gün zəng eləyirdi...

 

Qurban olum  sənin televizoruna,

Hər gün izlədiyin xəbərlərinə.

Kəklik  təşvişinə, qorxularına,

Gəlməyən göyərçin  yuxularına,

Bitib-tükənməyən həsrətlərinə,

Təbbəssüm geyimli həkimlərinə,

Təzə bir xəbəri eşidən kimi,

Tələsik-tələsik zəng etməyinə.

 

Sən ki, televizora baxan deyildin,

Nədən  televezora  yoldaş olmusan?

Evimin içində gəzirəm səni,

Düymə gözlərimdə qan-yaş olmusan.

 

Evdə  salladığın qaş-qabağından,

Uzaqdan zənglərin nə gözəl imiş.

Haqqın, ədalətin toranlığında

Sənin televizorun düz işləyirmiş.

 

Baxıb televizora  zəng eləyirsən,

Qəşəm, qar yağacaq bu gün Bakıya.

Qalın   paltarını  geyin çıx evdən,

Bir az iti tərpən, yeyin çıx evdən.

Yollarda  ləngimə  üşüyərsən bax,

Əyninə palto gey, başına papaq.

İstəsən, heç işə getmə nə olar,

Evimizdə zoğal mürəbbəsi var,

Qırxbuğum, kəkotu, dağ  nanəsi var,

Bir az da  gözünə daş yarpızı qat,

Dəmlə iç, sonra da şirin -şirin yat.

 

Şəkərbura yemə şəkərin artar,

İpək əsəbini çəkər tarıma.

Qalın corabının yerin bilirsən,

Çıxart indi geyin ayaqlarına.

 

Qəşəm, kövrəlmişəm  bilirsən nəyə?

Səndən paxlavanı gizlətməyimə.

Köynəyində çayın  ləkələrinə,

Cibindəki  kağız parçalarına,

Kağızda yarımçıq misralarına,

Ya bütöv, ya para dərmanlarına,

Əzilmiş sapsarı   reseptlərinə,

Qorxub yazmadığın şeirlərinə.

Sevgi şeirlərinin üstündə səni

Aylarla, illərlə  incitməyimə.                        

 

Dedilər  bir şair tutublar dünən,

Deyəsən bizdə də kitabarı var.

Sənə qurban olum özünü gözlə,

Yenə soyuqlayıb  burda havalar.

 

Gələn zənglərinlə düşürəm yenə,

Yayın istisinə, qışın qarına.

Nə deyim, nə deyim, nə deyim sənə,

Qurban olum sənin televizoruna.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!