Vətən nəğməsi - Elnur Süleymanlı (Sınıqkörpü)

 

O qədər ləzizsən, o qədər, qədər,

Balından sevmişəm, vətən, ay vətən.

Çöhrəndə cilvəndir, dan yerin Xəzər,

Alnından sevmişəm, vətən, ay vətən.

 

İgidlər yol açdı neçə aşrımdan,

Başın uca oldu qonşu başından.

Torpaq sevgisindən, yurd savaşından,

Qalından sevmişəm, vətən, ay vətən.

 

Əlinə boya sürt, Göyəzənə çək,

Bəzənsin bu torpaq bax, çiçək-çiçək,

Ey dünya gözəli, ey xallı mələk,

Xalından sevmişəm, vətən, ay vətən.

 

Hayanda nəyin var, hər biri əziz,

Cana üşütmədir, zirvən Bazardüz,

Bir yanın Borçalı, bir yanın Təbriz,

Qolundan sevmişəm, vətən, ay vətən.

 

Dilimin dilinə isnişməsindən,

Ünümün ününlə səsləşməsindən,

Ömrümün ömrünlə kəsişməsindən,

Yolundan sevmişəm, vətən, ay vətən.

 

Doqquz iqliminlə bir iftixarsan,

Gözəl sevgilisən, Allaha yarsan.

Bəşər düzənindən  sən necə varsan,   

Olundan sevmişəm, vətən, ay vətən.

 

27.10.2022

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!