Şeirlər - Qəzənfər MƏSİMOĞLU

 

 

Gəl gedək, payıza

bir salam deyək

 

Deyirlər axtarır bizi hardasa,

Gəl gedək, payıza bir salam deyək.

"Xoş gəldin" - söyləyək, batmayaq yasa,

Gəl gedək, payıza bir salam deyək.

 

Deyəsən, xeyirxah işinə gəlmir,

Durub qəsdimizə, boşuna gəlmir,

Güllü baharımız xoşuna gəlmir,

Gəl gedək, payıza bir salam deyək.

 

Yaşıl nəyimiz var saraldıb tökər,

Ömrü yarpaq-yarpaq uçurar, sökər,

Dolu, qar yağdırar getməsək əgər,

Gəl gedək, payıza bir salam deyək.

 

Tutub əlimizdən qışa aparar,

Gəlsə, gəlməsə də xoşa, aparar,

Bilir ayrılmazıq, qoşa aparar,

Gəl gedək, payıza bir salam deyək.

 

Ayların, illərin soyu, nəslidi,

Həsrət nişanəli xəzan fəslidi.

Kərəmin ahından yanan Əslidi,

Gəl gedək, payıza bir salam deyək.

 

 

Bəxtəvər

 

Qoşa Qu quşlarına...

 

Məhəbbət nişanı, sevgi rəmzidi,

Qulardı dünyada qoşa bəxtəvər.

Ana təbiətin möcüzəsidi,

Gör necə gəlirlər xoşa, bəxtəvər.

 

Tanrıdan güc alan sirr ürəyi var,

Ocaq ürəyi var, pir ürəyi var.

San ki, ikisinin bir ürəyi var,

Söykəyib döşünü döşə, bəxtəvər.

 

Eşq günahın ola, pak olmayasan,

Həsrətin bağında lək olmayasan,

Əvvəldən axıra tək olmayasan,

Ömrünü vurasan başa, bəxtəvər.

 

Beləcə canını cana hörəsən,

Bənzəri olmayan vüsal görəsən,

Hər səhər yenidən könül verəsən,

Öləndə yazalar daşa - bəxtəvər...

 

 

Bir piyalə sərin suyam

 

Sabahın xeyir, əzizim,

Dur, sənə şeir oxuyum.

Həsrəti gülə döndərim,

Boynuna çələng toxuyum.

 

Adın dilimin əzbəri,

Qoruyuram gözüm kimi.

Yoxdu sevgimin bənzəri,

Təkcə sənsən özüm kimi.

 

Əl çatanım, əl çatmazım,

Bu yer də sən, bu göy də sən.

Ay qismətim, çoxum, azım,

Sirli mələksən, göydəsən.

 

Ən yaxının, doğman mənəm,

Götür, gey köynəyin kimi.

Daha yaxşı görmək üçün,

Tax məni eynəyin kimi.

 

Nərgizim, yasəmənimsən,

Ətrini qoxlayam, duyam.

Susamısan, gəl, iç məni,

Bir piyalə sərin suyam.

 

 

Günəşim

 

Sən mənim ömrümə nur saçanımsan,

Gözlərim önündə batma, günəşim.

Məhəbbət fəslimsən, gül açanımsan,

Sevgimə qürubu qatma, günəşim.

 

Eşqinəm, andınam, sədaqətinəm,

Bir az küsəyənəm, bir az çətinəm.

Doğmanam- alovun, hərarətinəm,

Ögeylər qoynuna atma, günəşim.

 

Ümidim sərhədsiz, səbirimsə dar,

Çıx ki, pozulmasın verdiyin ilqar.

Durub yollarını gözləyənin var,

Qəflət yuxusunda yatma, günəşim.

 

Canım otağındı, öyündü belə,

Ruhuma bələnən göyündü belə.

Desələr: - Qəzənfər nəyindi belə?

Düyüb qaşlarını çatma, günəşim.

 

 

Zəfərin mübarək, Vətən

 

Bu gün qələbə günündü,

Afərin, mübarək, Vətən!

Üçrəngli bayraq yelləyən

Əsgərin mübarək, Vətən!

 

Ələn, ürəklərə ələn,

Qəlbimin ətrinə bələn.

Otuz ildən sonra gələn

Zəfərin mübarək, Vətən!

 

Kürək-kürək, çiyin-çiyin

Yatmış bəxtin oldu yeyin.

Düşməninə göstərdiyin

Təpərin mübarək, Vətən!

 

Çalındı vüsalın toyu,

Şahım şah babamın soyu.

O düzülən sərhəd boyu

Sipərin mübarək, Vətən!

 

Qəzənfər qurban yoluna,

Müqəddəs Quran yoluna.

Çıxıbsan Turan yoluna,

Səfərin mübarək, Vətən!

 

Payız olur ayrılığın səhəri

 

Qəm qoşunu hücum çəkir üstünə,

Viran qoyur könlündəki şəhəri.

Dəyişilir dünəninin havası,

Payız olur ayrılığın səhəri.

 

Ürəyində dərd özünə yer alır,

Ağ vərəqlər misra-misra qaralır.

Yaşıl-yaşıl arzuların saralır,

Payız olur ayrılığın səhəri.

 

Eşq sarayın kətpic-kərpic sökülür,

Cismin həsrət bələyinə bükülür,

Budaq-budaq yarpaqların tökülür,

Payız olur ayrılığın səhəri.

 

Xəyalında ocaq-ocaq yanırsan,

Öz odunu, öz közünü danırsan.

Yazı, yayı keçib getmiş sanırsan,

Payız olur ayrılığın səhəri.

 

Canın zəmi, səbir dəndi, dözüm dən,

Bulud-bulud yağış yağır gözündən.

Təşnə quşlar su içirlər izindən,

Payız olur ayrılığın səhəri.

 

 

Çıx payız yoluna

 

Yağış buludların gümüşü simi,

Torpağın əlinə bir ovu düşür.

Qara saçlarıma hədiyyə kimi

Payızın sonunun qırovu düşür.

 

Xəzan yarpaq-yarpaq yazır şeirini,

Yerlər qaralama dəftərə dönür.

Göylər şəfəqlərdən alır xeyrini,

Damcılar ulduztək parlayır, sönür.

 

Gümanlı kəslərə xoş xəbər sıza,

Bahar tələsəcək, yeyin gələcək.

Yolumu gözləyən qara göz qıza

Payız yolundadı-deyin- gələcək...

 

 

Payız məktubu

 

Bizim duracağa bir yaşıl yarpaq

payız məktubunda qərib gəlmişdi.

Darıxmasın deyə sevdiyi torpaq,

Özünü budaqdan dərib gəlmişdi.

 

Duyub küləklərin qınaqlarını,

Keçib bu dünyanın sınaqlarını,

Həsrətdən islanan yanaqlarını

ümid işığına sərib gəlmişdi.

 

Göstərib əhdini, düz ilqarını,

Qıyıb olanını, dövlət-varını,

Eşqindən güc alan qanadlarını

vüsalı üstünə sərib gəlmişdi.

 

 

Bir yağış yağa ki

 

Bir yağış yağa ki, külək qamçılı,

Çətiri əlindən salıb apara.

Bir yağış yağa ki, sevgi damcılı,

Könlünü əlindən alıb apara.

 

Çiçəyin üstündən arılığını,

Bulanlıq dünyada duruluğunu,

Üstünün, başının quruluğunu,

Nəmli inadında qalıb apara.

 

Nifrəti kövrəkdi, sevgisi qayım,

Cəmi həsrətimi yığım, toplayım.

Düşünüb-daşınır: - alım, almayım? -

Bir az xəyallara dalıb apara.

 

 

Xoş gördük

 

Hey yolunu gözləyirdim,

Müqəddəs anım, xoş gördük.

Məndən küsüb gen gəzirdin,

Təbim, rəvanım, xoş gördük.

 

Özün fərəhim, sevincim,

Gövhərim, yaqutum, incim.

Öndə gedənim, birincim,

Ay adım-sanım, xoş gördük.

 

Sənsən sözümdəki nizam,

Qismətim, qədərim, qəzam.

Ali mükafatım, cəzam,

ürəyim, canım, xoş gördük.

 

Haqqım, ədalətim, düzüm,

Adınla ağ olur üzüm.

Hər vaxtım - gecəm, gündüzüm,

axşamım, danım, xoş gördük.

 

Qəzənfəri sal yadına,

Qoy bələnsin bal dadına.

Pərvanəyəm, gəl, oduna

alışım, yanım, xoş gördük.

 

 

Oxu, yar

 

Bir kitabam həyatından yazılan,

Götür məni varaq-varaq oxu, yar.

Azı üstü, çoxu sinəm altıdı,

Üstdən başla, yavaş-yavaş oxu, yar.

 

Misralardan qala qurdum qalacaq,

Nadanlara anlam verməz qalacaq.

Məndən sonra şeirlərim qalacaq,

Sevgi nədi? Anlayanlar oxuyar.

 

Qadan şirin, heç demədim -az alım,

Qıyma səndən damla-damla azalım.

Mənim qanım eşq şərabı, a zalım,

Oxlasan da kaman qalar, ox uyar.

 

Məsimoğlu, varlığına ax anda,

Öz ömründü möhlətindən axan da.

Baxışları barmaqlara axanda,

Həzin-həzin əllərini oxuyar.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!