Vətən himnimiz
Səfər yoldaşımız
Aygün xanım Zeynalovaya hörmətlə
Bakıdan Gəncəyə gedən o yollar
mənim könlüm kimi pakdı, təmizdi.
O şəkil oğullar, şəhid oğullar
torpağa yazılmış
tariximizdi.
Bir cavan, əlində silahı, gülür,
o biri səngərdən qalxır ayağa.
Cəbhədə dan yeri təzə sökülür,
biri də,
durbinlə baxır uzağa.
Orda, şəkillərdə Vətən havası,
orda yazılmamış bir and var - Qisas!
Şəhid anasının xeyir-duası,
Vətən himnimizdi,
şair, qulaq as.
Qədim arxivləri açın, oxuyun,
hünərlə qoruyub, o, saflığını.
Ya başqa xalqlarla yanaşı qoyun,
paklıqla qoruyub,
qoçaqlığını.
Hünər sərgisidi bu doğma yollar,
paklıq sərgisidi, gətirin yada.
O şəkil oğullar, şəhid oğullar
burdan səs verəcək,
yüz il sonra da.
Bir ana əyləşib indi yanımda,
Tanrım!
Gedənlərin əvəzi nəydi?!
Gördüm, bir ah çəkib, gəldi fəryada,
bilmədim, sükutun o səsi nəydi?!
O Dəmir Yumruğa sığınsın gərək,
bir mənzil başına rahat yol gedən.
Gəncə yollarına biz salam verək,
gələcək illərə
salam, indidən!
...And içənlər
Cənab Prezident İlham Əliyev Xankəndindəki tarixi çıxışında yetişən yeni ruhlu
gənclərdən də danışdı.
Sinifdə əyləşibdi
dediyiniz o gənclər.
Vətənin taleyini
öz taleyi bilənlər.
Bir şəhid tabutuna
çiyin verib gələnlər.
O, atasız, anasız,
bunlar - qardaşəvəzi,
Taleyin son töhfəsi!
Milli Akademiyam,
Dünyada yeni Dünyam!
Mənim tələbələrim!
Yeni bir şah əsərim!
Yeni açılan səhər!
İçində and içənlər!
Milyondan
doqquz nəfər:
Barış,
Murad və
Ayxan;
Fərid,
Nicat və
Haqan;
Amil,
Tale və
Elmar!
Fədakar,
Təvazökar...
O qız bir nəğməydi
Qənirə xanımın xatirəsinə
Dünyadan qazancı bir qələm-kağız,
bir qəlbin oduna o yana bildi.
Ana laylasına uyuyan o qız
bəşər naləsinə
oyana bildi.
Gördük, bəxtimizə doğan səhəri,
əsrin,
Ulu Öndər şah əsəriydi.
Jurnalist bir qızla o görüşləri
onun, ata-bala töhfələriydi.
Türkiyə səfəri... o da bir roman,
oxu, sətirlərin oduna qızın.
Sən kimi itirdin,
can, Azərbaycan,
deputat qızıydı Türk dünyamızın!
O qız bir nəğməydi, biz oxuyurduq,
qalır kürsülərdə səsi, sözü də.
Biz onu tac kimi başa qoyurduq,
biz də görünürdük,
onun özü də.
Sevib insanları, o, qiymət verib,
görüblər arxadı, o bir dayaqdı.
Qənirə bir gəncə zəmanət verib,
bu, üzv seçilib,
o, özü yoxdu.
Yüz canda çırpınan o, bir ürəkdi,
hökmü əvəzsizdi andın, niyyətin.
Ömrü-ömürlərə həsr eləməkdi,
bəlkə,
bir sirri də
Əbədiyyətin?!
Qəzənfər müəllim, əmisisiniz,
həmi doğmasınız, həmi Sizsiniz!
Bu ağır gedişə ağırdı dözmək,
göynəyir Vətənin qızı, oğlu da.
Əkbər Qoşalıya təsəlli vermək,
şair ürəyinə
dərd olar bu da.
Burda nə təsəlli, nə ümid yeri,
burda o pak ruhun öz surəti var.
Onun ürəklərdə nitqi və şeri,
Azərbaycan adlı -
əmanəti var.
Ayağa qaldırdı o, hamımızı,
qoymazdı,
bilsəydi, bir ağlayan var.
O, sevdi, sevdirdi torpağımızı,
Tomrisin qanından - qanında qan var.
Qoymazdı,
bilsəydi, bir ağlayan var.
O bizi hər yaşda eşidəcəkdi
Qələm dostlarıma
Bir səs harayladı Müşfiqi haqdan,
narahat eləyən şairi nəydi?!
"Şairəm", söyləyir yerindən duran,
adamın üzündə həya gərəkdi".
Çaxan şimşək idi, əsən bir külək,
bir dedi,
ta bir də o deməyəcək.
O, dünən doğulan bir Gələcəkdi,
o bizi hər yaşda eşidəcəkdi.
Rəqs eləyə-eləyə
O qız məni rəqsə dəvət elədi,
rəqs eləyə-eləyə.
Bu dəvəti bir az xəlvət elədi,
rəqs eləyə-eləyə.
Bu xəlvətdə gördüm xiffət elədi,
rəqs eləyə-eləyə.
Pakizənin qızıyam mən, - deyirdi,
rəqs eləyə-eləyə.
Saçlarının ətri mənə dəyirdi,
rəqs eləyə-eləyə.
Bir gözəli xatırladım o dəmdə,
rəqs eləyə-eləyə.
İlk görüşün son həsrəti sinəmdə,
rəqs eləyə-eləyə...
Möcüzə
İnsanlar gör, necə heyif olurlar,
Bilmirsən, haraya "qeyb" olurlar.
Sağına baxırsan, sağında yoxdu,
Soluna baxırsan, solunda yoxdu.
Olub, ya olmayıb? -
ağlında yoxdu.
Qoluna girdiyin qolunda yoxdu,
Ayılıb görürsən, yanın boş qalıb,
Qulaq həsrət qalıb, göz çaş-baş qalıb.
Dünyanın sirri
- Şair, yenə yazırsanmı? -
sual verdi biri, mənə.
Tanıtmaq istədi yəqin
məndəki şairi, mənə.
Axşam olur, sabah olur,
mən yazmasam, günah olur.
Yazan zaman agah olur
bu dünyanın sirri mənə.
Soyumasın od nəfəsin,
əvəzi yoxdu heç kəsin.
Ulu Tanrım çox görməsin,
öz verdiyi şeri mənə.
Məhəbbət
Hörmətli Xalq artisti
Murad Dadaşova
O görüş, tarixi bir tamaşaydı,
yerişi başqaydı Murad bəyin də.
Deyirəm, həyatda kaş sağ olaydı,
özü əl çalaydı,
yüzilliyində.
Zaman dayanmışdı, anlar ötürdü,
Murad səhnədəydi, hikmət səhnəsi!
Heydəri
Heydərə təqdim edirdi,
Əhsən Dadaşovun
oğul nəvəsi.
Addımı təmkinli, baxışı həssas,
səsində bir ovsun, salonda sükut!
Elə ki, o dindi, danışdı az-az,
əl verib görüşdü...
dəyişdi mühit.
Biz onda gördük ki, ağzı dualı,
Murad hər sözünün təsirindədir.
Bir "Heydər" səhnədə -
dərin,
mənalı! -
Bir Heydər salonda uğunub gedir.
Sənin ürəyinə eşqi, ülfəti
verən o qüvvəyə, o gücə əhsən!
O dahi insana, bu məhəbbəti,
özü də,
səhnədən elan edirsən!
Mən də salondaydım, onda yüzü də,
millət heyran idi o böyük ada.
Şanlı sərkərdəmiz İlham özü də,
sənə əl çalıbdı,
şərəfdi bu da.
O görüş, tarixi bir tamaşaydı,
yerişi başqaydı Murad bəyin də.
Deyirəm, nə ola, kaş sağ olaydı,
özü əl çalaydı,
yüzilliyində.
Tarix o məktubun oxucusuydu
Lenin Atatürkə yardım elədi,
dedilər, türk azdı, Antanta böyük.
- Rusdan aldığımız borcdu bu, - dedi,
türkün xilaskarı
dahi Atatürk.
Qızıl pul göndərdi Doktor Nəriman,
ölkədən neft getdi sisternlərlə.
Türkiyə mərd çıxdı son imtahandan,
səngərdən-səngərə,
yalnız Zəfərlə.
"Nə qədər borcumuz var indi bizim?" -
Atatürk deyirdi Azərbaycana.
"Qardaşım, əbədi sındı bu tilsim!" -
məktub da göndərdi, o,
Nərimana.
Məktub gəzdi əl-əl, dolaşdı əl-əl,
söykədi əlini Doktor, başına.
Borc üstə gələndə,
hər şeydən əvvəl,
fikrini bildirdi türk qardaşına.
"Yox, qardaş-qardaşa borc vermir heç vaxt",
cavab məktubunun ilk sözü buydu.
Dünən o məktuba səs verdi bir xalq,
tarix
o məktubun oxucusuydu.
Yayırdı nurunu açılan səhər,
millət oyanmışdı
bir nəfər kimi.
Görənlər deyirdi, görməmişdilər,
nə Türkiyə kimi,
nə türklər kimi,
belə bir əvəzsiz vətənpərvəri.
Sən bir abidəsən, ey türk əsgəri!
Cənublu
bəstəkar-müğənni
Arif Mehmandosta
Arazdan o tayda düşüb saça dən,
bu tayda səbrinmi azalıb, Arif?!
Başında açılır səhər, deyəsən,
günorta üstünə,
az qalıb,
Arif!
Bu tayda səbrinmi azalıb, Arif?!
Nə yaxşı
Qələm dostum
Yasif Nəsirlinin 85 illiyinə
Hardan düşdü yadıma,
eşitdim mən o səsi,
istədim ki, çağıram,
deyəm, nə yaxşı varsan!
Hərəmiz bir sahənin
Moskva tələbəsi,
bax, o gülüşlərindən
sən mənə yadigarsan.
İstədim ki, çağıram,
deyəm, nə yaxşı varsan!
Yasif, qoy sənin olsun,
açılan yeni səhər,
qalmırsan yenə yəqin,
sən öz zarafatından.
Biz nə vaxt yaşadıq ki,
belə keçdi bu illər? -
85-in mübarək!
Nə vaxt gəldi, bu, hardan?
Qalmırsan yenə yəqin,
sən öz zarafatından.
Həyat - biz yazdığımız,
tərcümeyi-hal deyil,
nədir bizi ayıran,
bizi görüşdürən də?
Getdi sənin xanımın,
dünyan itdi elə bil,
uçdu, getdi əlimdən,
gördüm təkliyi mən də.
Nədir bizi ayıran,
bizi görüşdürən də?
Xatirə gözəl qızım,
Könül də gözəl qızın
əvəzsiz bir töhfəsi
deyilmi dünyamızın?
"Dünya - yalan dünyadı", -
dedilər,
birər-birər,
guya kəşf elədilər.
Qoymadılar yaşayaq,
təsadüf də var ancaq,
"yalan dünyada" Yasif,
deyirəm, yaşa, Həyat!
Qızlar rəfiqədilər,
bacıdılar, şadam-şad,
deyirəm, yaşa, Həyat.
Adət
Bu gün, bu tədbirdən qaça bilərdim,
şeirimin üstündə əl gəzdirərdim.
Nəvəm gözləyirdi, gedib dəyərdim,
işdən axtarıblar, zəng eləyərdim.
Bir qazi deyirdi şeir yazmışam,
dəvət eləmişdim evə, bu axşam.
İndi görürəm ki, tamam əksinə, -
tədbirə qaçmışam,
iş əvəzinə...
Dərdiş
Səndən nigaran qalmışam,
insafın hardadı, dərdiş?
Sən hardasan, mən ordayam,
canım da ordadı, dərdiş.
Sən əzizim, mehribanım,
necə susum, necə danım?
Sənsiz günüm-güzəranım,
gözə bir pərdədi, dərdiş.
Sözümü saxla yadında,
ovsun var sənin adında.
Kölgəm ayağın altında,
yanında - yerdədi, dərdiş.
Hərdən mənə baxaydın
Nəğmə mətni
Mən yeniyetmə bir cavan,
sən bir az uşaq olaydın.
Mən ayıq, təmkinli-filan,
sən yenə şıltaq olaydın.
O şəlalə gülüşlərə
qataydın bu "can!" səsini.
Açaydın sən o gözləri, -
o Tanrı pəncərəsini.
Hərdən mənə baxaydın,
yandıraydın-yaxaydın.
"Yuxum gəlir" deyəydin,
məni sehrləyəydin.
Budaqları əyəydim,
gündən kölgələyəydim.
Gözdən-nəzərdən uzaq,
sən yuxulu, mən oyaq.
Oxumayın, durnalar,
o, yuxudan oyanar.
Üç qardaş nağılı
Uşaqlar üçün
Onlar üç qardaşıydı,
böyük qardaş - başıydı.
Ortancıl - ortadaydı,
kiçiyinə - ataydı,
sağ və salamatıydı.
Kiçiyi - sadə, həssas,
yoldaşı - darda qoymaz...
Hansı alicənabdı?
Hansı sadədi, safdı?
Varmı bir xeyirxahı?
Bu dünyadan agahı?
Seçin, deyin özünüz,
nə desəniz, yüzə-yüz!
Şərikəm mən də sizə,
Gələn söhbətimizə,
gələn dəfə başlayaq,
Qalibi alqışlayaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!