Payız notları - Əlizadə Nuri

1. Biz nağılları göydən düşəcək üç almaya görə sevdik.

2. Suyundan bir damla da götürsən… azalar dərya.

3. Quşlar göy üzünə uçmaq öyrədir, -

Bir azdan göylər də qanadlanacaq…

4. Mən sevgi qaçqınıyam, -

Qayıt, sığınım sənə…

5. Payıza tapşırdım: - gələndə səni də gətirsin…

6. Xoşbəxtlik də - göy üzüdü,

Uzaqdan baxmaq üçündü…

7. Ölüm-iynə, ömür-sapdı, -

Keçirik ölüm gözündən…

8. Hərdən saçlarının yerini soruşur məndən əllərimin içi…

9. Ay aman, suyu nə yaman çoxalıb, -

Boğulacaq dəniz…

10. Ölümdən qorxduğu üçün

hamı öz həyatında gizlənib.

11. Sevinc toz kimidi, asan yuyulur,

kədər zor yuyulur qan ləkəsitək…

12. Sevgisiz can-cərəyana qoşulmamış nağıldı…

13. Qəbir daşlarına

çox vaxt cavanlıq şəkillərini vururlar,

öləndən sonra da cavan qalmaq istəyir!..

14. Həyat - müvəqqəti çətinlikdi, -

keçib gedəcək…

15. Bu dünya sənsizlikdən əziyyət çəkir…

16. Bu gün bir dağ çayı da

"intihar" etdi, -

özünü dağdan atdı.

17. Şeir qız, dodaqların

bir-biriylə nə gözəl qafiyələnib?!.

18. Qapını bərk bağladıq,

Sevinc də aça bilmir…

19. Yağış nə bilsin ki, mənim

Çətirim yoxdu?!.

20. O qədər acgözdü ki,

öz cənnəti ola-ola

mənim cəhənnəmimə də əl uzadır…

21. Ağlayan saçları ovutmaq çətin…

22. Mən dənizin içindəki sahiləm, -

dalğalar mənə dəyib qayıdır…

23. Bəlkə o göy üzü də

haçansa nəhəng bir dəniz imiş, -

Tanrı çağırıb yanına?..

24. Çiçək-çiçək sevgilərdən şirə çəkən

arı kimidi xatirələr, -

hərdən elə şirin sancır adamı…

25. Ayrılıq - sevginin qürbətidir…

26. Uduzmamaq üçün, - udmaq lazımmış sən demə.

27. Bir az çox yaşamaq

kəsib "yediyin həyatın

qırıntılarıyla" dolanmaq kimidi.

28. Günəş sən tərəfdən doğduğu üçün

Adını qoyuram: "Gündoğar qadın"

29. Mən sənin adına "hesab" açmışam, -

Sənin adınadır nə yazıramsa…

30. Payıza qar yağır… ağ tənzif kimi,

Xəzəllərin yarasını sarıyır…

31. Səni bağıma yox, Bağrıma dəvət edirəm…

32. Yanına gələcəm, - darıxmaq üçün…

33. Əlimi uzadıb

Şəkildəki o uşağın

göz yaşlarını silmək istədim…

34. Qumru quşu elə oxuyurdu ki,

elə bil ağlayırdı,

Qumru nənəm elə ağlayırdı ki,

elə bil oxuyurdu…

35. Bu kədər - kol dibidi, -

Ürəyim - bənövşədi…

36. Adını gülə qoydular, -

Gülü bəxtəvər etdilər…

37. Unutdum etdiyin pisliyi, -

Belə qisas aldım səndən!

38. Hər eşq - bir şairdi, qadın, -

Hər eşqdən qalan

bir xatirə dəftəri var…

39. Hamı günəş olmasa da,

hamının bir qürubu var…

40. Xoşbəxtliyə şeir qoşmaq, -

görmədiyin adamın rəsmini çəkmək kimidi…

41. Ağac da adam kimidi, -

Tək qalanda darıxır…

42. Mən səni bu axan çaydan

Bir damla su tək götürdüm…

43. Dor ağacı, dar ağacı…

Yarı kölgənə çağırdım, -

Sən də oldun Yar Ağacı!..

44. İnsandan qalan ən yaxşı miras, -

Xatirələrdi...

45. Gedəndə heç nədə gözün qalmasın ki, -

Məcbur qalıb bu dünyaya yenidən qayıtmayasan...

46. Bu dünya sənin olsa, -

Səni mənə versələr,

Kim daha zəngin olar?!.

47. Səndən sonra doğulub o gül...

Sənin adını verib o gülə,

Gülü xoşbəxt ediblər...

48. Dodaqlarının izi qalmışdı

İçdiyin suda,

Öpdüm suyu, -

Yığdım dodaqlarının suda qalan izini...

49. Burda ağıllı adamları sevmirlər, -

 Biz də dəli deyilik ki, ağıllı olaq?!.

50. Sən də təkliyimə

Çarə tapmadın, -

İki nəfərlik tək oldum...

51. Bu dünya kimi nə ev,

Kiminə sığınacaqdı...

52. Kitab var

çırpırsan tozu

tökülür,

kitab var, çırpırsan

sözü tökülür...

53. Ölüm hamının yoluxacağı

tək xəstəlikdir...

54. Qızmar günəşin altında

tez "əridi" bu yay...

55. Sən mənim çoxdan oxuduğum kitabsan,

 amma əzbərdən yadımdasan...

56. Dəlixananın giriş qapısında yazı:

Ağlı olan bura düşməsin...

57. Tanrı qadını yaratmışdısa,

insan niyə şərabı yaradırdı ki?!.

58. Hər eşq - bir işıqlı,

Nə qədər aşiq var, işıq olacaq.

59. Nə olsun ki, karam? -

Milyon səsin içindən də

Sənin səsini tanıyıram...

60. Kədər, gündüz gəl bizə

Axşam yolu azıb başqa qapıya gedərsən...

61. Hər il elə bil bir ata evidi,

 İçində on iki qardaş oturub.

62. Mən öləndə,

Sevdiyim çiçəklərə deməyin, -

Ürəyi yuxadı o çiçəklərin.

63. On beşindən sonra

Bütün qızlar oddu,

On beşindən sonra bütün oğlanlar

oda həssas.

64. Sən göy üzü kimisən -

Səni uzaqdan qucmaq olur...

65. Əlini qoynuna qoyub, elə bil, -

Şəkil çəkdirəcək bu şair - ağac...

66. Bu qoca dünyanın min üzü varmış, -

Ancaq üz qoymağa üzü yox imiş...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!