Azərbaycan -
dünyam mənim
Zəmi gördüm, oraqlandı əllərim,
Bir də baxdım yad zəmidir, biçmədim.
Çaylar gördüm, xan Arazım deyildi,
Təşnəlikdən yansam belə, içmədim.
Körpü gördüm, iki hicran arası,
Xudafərin deyildi o, keçmədim.
Bəm dünyada nə namus var, nə qeyrət,
Demək, yoxam, zilim məndən küsübsə.
Məni Zərdüşt ocağında yandırın,
Qarabağım, Milim məndən küsübsə.
Bamsı Beyrək qılıncıyla doğrayın,
Siz dilimi, dilim məndən küsübsə.
Sinən üstə quş nəğməsi eşitsən,
Bil ki, mənim vətən deyən səsimdir.
Bürkü vaxtı hiss etdiyin sərin meh,
Nəfəsimdən axıb gələn nəsimdir.
Demirəm ki, Şah dağına çevrilim,
Zərrə boyda qumun olsam, bəsimdir.
Ömrü boyu məsləkimdən dönmərəm,
Yeddi milyard qılınc ensə təpəmə.
Min Everest bağışlasa yadelli,
Dəyişmərəm bir xırdaca təpəmə.
Rədd edərəm yüz okean versələr,
Xəzərdəki bir mazutlu ləpəmə.
De hardasan, ay Qaraca çobanım,
Qoy sapanda, vətən səmtə at məni.
Ən qiymətli qızıl olsam belə mən,
Mis yerinə doğmalara sat məni.
Suya dönüm, torpağına qarışdır,
Duza dönüm, xəmirinə qat məni.
Ağac olsam - büllur sular içində,
Yenə sənsiz yarpaqların solacaq.
Olsam belə qəhqəhələr allahı,
Yenə gözüm sənsiz yaşla dolacaq.
Tək mən olsam bu dünyanın sahibi,
Yenə evim Azərbaycan olacaq.
Sevdiyindən qaçan qız
- Durmadan yağışlayan,
Ana torpağımıza
Bərəkət bağışlayan
Buludu sevirmisən?
- Bəli, sevirəm - dedin.
...Ancaq yağış yağantək,
Nöqtələyib sözünü,
Girdin çətir altına,
Sən şıdırğı yağışdan
Qorumaqçün özünü.
- Bəs bürkülü havada
Ən çox sevdiyin nədir?
- Külək... sərin bir külək.
Ancaq külək əsəntək
Qəzəbindən çağladın.
Pəncərələrlə birgə,
Hətta nəfəsinin də
Qapısını bağladın,
Tozdan qorunmaq üçün.
- Söylə, qızıl örpəkli
Nurlu günəşi necə?
- Onun da vurğunuyam...
Ancaq gün yandırantək,
Dərhal qol-qanad açdın.
Sən qarşı ormandakı
Kölgəyə doğru qaçdın.
Sən öz arzularınla
Söylə, haçan həmfikir
Olacaqsan, haçan, qız?
Ay sevdiyi yağışdan,
Ay sevdiyi küləkdən,
Ay sevdiyi günəşdən,
Pərvazlanıb qaçan qız.
Bilməm necə törəsən?
Bir gün öz sevdiyinə
"Səni sevirəm" desən,
İnanarmı, görəsən?
Bu şeir yox, həqiqətdir,
İnanmayan inanmasın
Mənim ad günüm
Bu gün ad günümdü,
çeşməyi taxdım,
Qanrılıb güzgüdə özümə baxdım.
Saçım ağappaqdı, dümağdı qaşım.
Qocalmış damarlı əllərim ilə,
Məni qucaqladı həştad beş yaşım.
Oğlum zəng elədi, ata, gəl dedi,
Gəlinin gözəl bir süfrə açıbdır,
Gəl ki, ad gününü birgə qeyd edək.
Dedim, qurban olum, hava soyuqdur,
Sınama sən qarla, yağışla məni.
Artıq ayağımda taqət qalmayıb,
Qalsın başqa vaxta, bağışla məni.
Sanmayın ürəyim o an dinc idi,
Bəlkə oğlum kimi, gəlinim kimi,
Həştad beş yaşım da məndən incidi.
De, kim innən belə tapardı məni,
Qalxıb yorğun-arğın girdim yerimə,
Yuxu bircə anda apardı məni.
...Qəfil səs eşitdim, ilahi bir səs.
Ayağım altına qoyub dözümü,
Bir anda bayıra atdım özümü.
Hər yer qaranlıqdı,
ancaq qarşıda,
Bir işıq yanırdı,
işıq içində,
Bir qadın durmuşdu ağ bir libasda,
Ona yaxınlaşdım mən asta-asta.
Baxdım, tanımadım, baxdım, tanıdım.
Mən adi ağacdım, osa barımdı.
Beş il bundan öncə ölmüş yarımdı.
- Ema, bu sənmisən, - deyə bağırıb,
Ağlaya-ağlaya cumdum irəli.
Qondu saçlarıma onun bir əli.
Dedi: - Qurban olum, mənsiz ağrına,
Ad günün mübarək - deyib bir anda,
Məni məhəbbətlə basdı bağrına.
Əlindən tutaraq çəkdim otağa,
İşıq da bizimlə addımlayırdı.
Sevinclə, fərəhlə biz coşa-coşa,
Bir süfrə başında oturduq qoşa.
- Ömrüm havayıdır, vallah, havayı,
Mən kimə gərəyəm səndən savayı.
Axşamı bilirəm - o, günbatandır,
Ancaq mənim üçün sənsiz əzizim,
Hətta dan yeri də bir günbatandır.
Qadınsız ən dadlı təamlar belə,
Dilənçi əldəki yaxma kimidir.
Qızıldan hörülmüş saraylar belə,
Qadınsız qamış bir daxma kimidir.
Ömr edə bilmirəm adınsız evdə,
Özün de, mən necə yaşayım axı,
Sənintək sevgili qadınsız evdə?
- Mənsiz varlığından artıq halıyam,
Məni bağışla ki, artıq bir azdan
Gəldiyim məkana qayıtmalıyam.
- Getmə, qurban olum, getmə, sən allah,
Sənsizlik nə vaxtdır közləyir məni.
- Başqa yolum yoxdur, rüxsət almışam,
Yeraltı dostlarım gözləyir məni.
- Mən qalan ömrümü bağışlayaram,
Vallah, mənlə keçən bircə anına.
Hətta Əzrailə qurban kəsərəm,
Məni gətirməkçün sənin yanına,
Sənsiz ömr etməyə yoxdur taqətim.
- Yox, yox, qurban olum, bu, mümkün deyil.
Mən daha yer üstə çətin yaşıyam.
Özün ki bilirsən, beş ildir ki, mən,
Yeraltı dünyanın vətəndaşıyam.
...Oyandım yuxudan qan-tər içində,
Yenə dörd divardı, osa yox idi.
Batmış bulaq idim, dərddən çağladım,
O ki, yer altdadır, necə bilib ki,
Bu gün ad günümdür,
durub ağladım.
Mən onu bir daha görməkdən ötrü,
Üzümü yuxuma döndər, Allahım.
Ya da rəhm eləyib, məni o səmtə -
Yarımın yanına göndər, Allahım.
Sədaqət
44 günlük vuruşlarda
Neçə qatil erməninin
Dərisini soyub gəldi.
Səd heyf ki, bədəninin
İki ali əzasını
O Şuşada, Füzulidə,
Kəlbəcərdə qoyub gəldi.
Nişanlısı eşidəntək,
Sevincindən
Damarında qan atlandı,
Qəlb evindən,
Sevdiyinin evinədək
Göyərçin tək qanadlandı...
Sol gözünü, sağ qolunu
Görməyincə,
Düşmənlərə nifrətindən
Dərya kimi çağladı o.
Sevdiyini qucaqlayıb,
Hönkür-hönkür ağladı o.
Oğlan dedi: - Qara gözlüm,
Gəl ayrılaq, iç dünyanı,
Səadətlə naxışla sən.
İndən belə öz ömrünü
Daha sağlam, daha gümrah
Bir oğlana bağışla sən.
Görürsən ki, yarımçığam,
İstəmirəm mən toy günü,
El-obanın qarşısına,
Sənlə birgə yarım çıxam.
Tufan kimi çağlayaraq,
İniltiylə ağlayaraq
Söylədi qız:
- Gözlü vaxtı sevdim səni,
Qollu vaxtı sevdim səni.
Mənin sevgim yetişibdir,
Kal deyiləm.
Hər ötənə
Dəyərinə, dəyməzinə
Satılası mal deyiləm.
Ömrüm duman, çəndə qalıb.
Qıfıllanmış ürəyimi,
Səndən başqa kim açacaq,
Açarı ki, səndə qalıb.
Daim həmdəm olsam belə
Mən sağ aca.
Yaşıl ağac susuz ikən,
Öz suyumu verərmiyəm,
Mən qurumuş bir ağaca?
Ürəyini hər yetənə
Verən kəsdən yar olammaz.
Yad ağacın kölgəsinə,
Sığınan bir ağac üstə
Ömrü boyu bar olammaz.
Mənim bir cüt gözlərimin
Giləsini oğrasalar,
Mənim bir cüt qollarımı
Biləyindən doğrasalar,
Yenə səntək sevdiyimdən
Ayrı düşə bilmərəm mən.
Bu dünyada milyon-milyon
Qəza vardır,
Hər insanın bədənində,
360 əza vardır.
Anlayıram cəbhələrdə
Günlərini dərdlə, qəmlə
Bitirmisən.
Öz əzalar toplumundan
Sən cəmisi ikisini itirmisən,
Qəm eyləmə, qurban olum.
Babam tarix müəllimiydi,
Unutmuşam, o zamanlar,
Yaşı qırx beş, əllimiydi.
Əzablardan doyub gəlmiş,
Bədəninin bir parçasın
Cəbhələrdə qoyub gəlmiş
Bir əsgərlə görüşəndə,
Dərddən libas geyərdi o.
Mənim balam, qəm eyləmə
Deyərdi o.
Bu iztirab de nədəndir?
Bizim ana dediyimiz
Bu müqəddəs məmləkət də
İrəvandan Kərkükədək,
Qarabağdan Təbrizədək,
Zəngəzurdan Dərbəndədək,
Sağda, solda hər bəndədək,
Gör nə qədər əzalardan
Məhrum olmuş bir bədəndir.
Görürsən ki, bu məmləkət
Nə haydadır.
Millət özü yarımçıqdır,
Bir hissəsi o taydadır,
Bir hissəsi bu taydadır.
Düz deyirdi mənim babam...
Siz qəzəbdən
Çatım-çatım çatıldınız.
İtgin düşmüş
O əzalar toplumunu
Qaytarmaqçün
Döyüşlərə atıldınız.
Sanma ömrü
Dərdlə, qəmlə bitirmisən.
Sən cəmisi iki əza itirmisən,
Bəs məmləkət?
Sən millətin yaddaşından
Çıxarmısan?
Bir gözünü itirsən də,
Yüz erməni gözlərini
Çıxarmısan.
Sən alovsan, sönməmisən.
Tanrımıza şükürlər ki,
Cəbhələrdən sən Şuşasız,
Sən Laçınsız, Kəlbəcərsiz,
Qarabağsız, Zəngəzursuz
Dönməmisən.
Heç vaxt demə,
"Yarım qalıb, yarım gedib.
Mənim bədən ağacımdan
Qol adında, göz adında
Barım gedib".
Sən gövdəli bir ağacsan,
Barın mənəm,
Heç vaxt demə yarımçığam,
Yarım yoxdur.
Ölənəcən yarın mənəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!