Mənim Şuşa dastanım - Zəfər poeması. Elçin İSGƏNDƏRZADƏ

 

Şuşa adlı...

Sevgili dərdim çıxır hər yerdə qarşıma,

sevgili kədərim çökür üz-gözümə,

sevgili gözyaşları axır gözlərimdən,

sevgili ağrılar ağrıdır ürəyimi,

sevgili sancılar doğrayır içimi,

sevgili ayrılıqlar sarılır boynuma,

sevgili,

sevgili,

sevgili

hamısı Şuşa adlı.

 

***

Ayrılığın ilk günü...

Bir şəhər hər yerindən tərk edilirdi -

göyündən,

sularından,

yollarından, evlərindən...

 

Evlərin pəncərə gözləri ayrılığa açılırdı,

ayrılıq sarmaşıq kimi sarmışdı

pəncərələri,

qapıları,

pilləkənləri,

ümidləri...

 

Kiminin qayıtmağa ümidi varıydı,

kiminin yox.

Kimsə, nə vaxtsa qayıdacaqdı,

kimsə yox.

 

Bir şəhər sabahlarından tərk edilirdi,

dünənindən,

keçmişindən

və xoşbəxtliyindən.

 

Daha bu şəhərin doğma sakinləri,

bu şəhərin yollarından keçməyəcək,

o göylərə baxmayacaq,

o çöllərdə qaçmayacaq,

o sulardan içməyəcəkdi.

 

Çox şeylər olacaqdı,

bu şəhər uzun bir ayrılığa qədəm qoyurdu,

bu şəhəri bütün şəhər tərk edirdi.

 

***

Bir yola çıxdıq

Bir yola çıxırdıq,

bir uzun yola.

Heç bilmirdik bu yollar hara aparır,

hara aparacaq,

harda qırılacaq,

harda düşəcəyik yolların təkindən,

yolların tərkindən.

 

Eləcə gedirdik,

qaçırdıq, yüyürürdük.

Ardımızca əcəl qovurdu bizləri,

zaman qovurdu,

ayrılıq qovurdu,

ölüm qovurdu.

Nəyiysə çözməyə gedirdik,

anlamağa gedirdik,

vətənsiz yaşamağa gedirdik.

 

Getdik də...

 

***

Dünyadan sıyrılıb getdik,

istəmədən getdik,

istəmədən dağıldıq,

istəmədən tərk etdik...

 

Bizdən asılı heç nə yoxuydu,

bir duracaq yer yoxuydu,

elə biz də yoxuyduq.

 

Biz hardaydıq?

- bilmirəm.

Hara gedirdik

- bilmirəm.

- İrəlidə bizi nələr gözləyirdi

- bilmirəm

- Biz varıydıqmı

bilmirəm...

 

Amma deyəsən biz yoxuyduq.

 

***

Bu şəhərin ümidini də öldürüb gedirdik,

sabahlarını da öldürüb gedirdik,

elə özümüzü də öldürüb gedirdik,

bəlkə heç bilmədən

bu şəhəri də öldürüb gedirdik.

 

***

Bizim ev...

Bizim ev ardımızca qaçmaq istəyirdi,

dartınırdı,

çırpınırdı,

bünövrəsində laxlıyırdı,

amma özülündən qopa bilmirdi.

 

Çevrilib baxdım,

pəncərə gözlərindən yaş gəlirdi,

bacasından ah tüstüləyirdi,

divarları çat verib qopurdu,

ağrısından əyilib ikiqat olmuşdu,

yenə də durduğu yerdən qopa bilmirdi.

 

Bir ev adam kimi,

atam kimi,

babam kimi ağlayırdı,

için-için,

korun-korun,

yana-yana ağlayırdı.

 

O bizim eviydi,

o bizim qapıydı,

bizim pəncərəydi,

bizim uşaqlığımız,

bizim hər şeyimiziydi...

 

Biz bizim evdən qopurduq,

qopub uzaqlaşırdıq,

getdikcə evimiz uzaqda qalırdı,

sevincimiz,

xoşbəxtliyimiz uzaqda qalırdı,

hər şeyimiz uzaqda qalırdı.

 

Biz də uzaqda qalırdıq -

bizim evə,

bizim yerə,

bizim göyə,

bizim olan hər şeyə.

 

***

Buludların üstündən keçirdik,

buludluyduq.

Yağışların içindən keçirdik,

yağışlıydıq.

Payızların, qışların içindən keçirdik,

payızlıydıq,

qışlıydıq...

***

Səslər, ah... o səslər

yandırırdı ürəyimi,

yaxırdı ürəyimi

- Şuşam oyy, Şuşam oyy...

 

Şuşam ağrıyırdı,

hər yerdə ağrıyırdı,

içimdə bir Şuşa ağrıyırdı.

 

Hər kəsin,

Şuşalı hər kəsin içində,

gözündə,

könlündə bir Şuşa ağrıyırdı,

dağınıq yollarda min Şuşa ağrıyırdı.

 

***

Gedənlərin ardınca su səpən də olmadı,

buludlar da içində ağladı,

Şuşa da içində ağladı,

ağaclar da,

sular da içində ağladı.

 

Sular içində ağladı.

 

***

- Sən bilirmisən, dostum,

            Şuşa yetim qaldı, dedim

- Biz də Şuşadan yetim qaldıq, dedi.

- Biz Şuşasız öləcəyik, dedim.

- Biz artıq ölüyük, dedi.

 

***

Zamana dur, dedim,

zaman dayanmadı.

Dumana çəkil, dedim,

duman çəkilmədi.

Həsrətə bit, dedim,

həsrət bitmədi.

Ağrıya səngi, dedim,

ağrı səngimədi, səngimədi…

 

***

Bir şəhərin ağrısı,

zamanın ağrısıydı,

zamanın ağrısını çəkdik.

 

Bir şəhərin ağrısı,

sabahların ağrısıydı,

sabahların ağrısını çəkdik.

 

Bir şəhərin ağrısı,

yolların ağrısıydı,

yolların ağrısını çəkdik.

 

Ağrıları rəsm kimi çəkdik taleyimizə,

şeir kimi çəkdik gözlərimizə,

musiqi kimi çəkdik duyğularımıza.

 

Bir şəhəri çəkdik ayrılıqlara.

 

***

Kimsə söylədi ki, biz dönəcəyik,

yenidən o yollarda yüyürməyə,

biz dönəcəyik yenidən sevilməyə, sevməyə,

biz dönəcəyik yenidən yaşamağa,

yenidən var olmağa.

Biz dönəcəyik, yenidən doğulmağa.

 

***

Kimsə söylədi ki, kaş əcdadlarımızın

            qəbirləri sağ qalaydı.

Qəbirlər sağ,

ağaclar sağ,

evlər sağ qaldımı?

Yoxsa qəbirlər də öldü?

Yoxsa başdaşları da öldü?

Yoxsa qəbirləri də öldürdülərmi?

 

***

Döndüm ki, qəbirlər arxamızca boylanır,

döndüm ki, başdaşlarının gözlərindən yaş gəlir,

döndüm ki, Şuşa boyda qəbristanlıq yalqız qalıb.

Şuşanı da götürmək istədim,

özümlə aparmaq istədim,

amma qollarımın arasından

            yağış kimi axdı, Şuşam.

 

***

Dedim ki, ay Şuşam xoşbəxtlik bildiyim sənsən,

anam dediyim sənsən,

sevgi bildiyim sənsən,

yaşam bildiyim sənsən -

öldüyüm də sənsən.

 

***

Bu dəm anam dilləndi, həm də necə dilləndi,

- Səni Allaha əmanət verirəm, Şuşam.

Analar Şuşanı Allaha əmanət etdi.

Allah bu əmanəti

            nə vaxtsa geri qaytarmalıydı, nə vaxtsa...

Şuşa anaların əmanətiydi Allaha!

 

***

Sonra şeirlərə sığındım,

sətir aralarında ovundum,

anamın dizlərində təsəlli tapdım.

 

Anam Şuşaydı,

analar Şuşa olmuşdu bu ayrılıqda

...Şuşalar hər yerdəydi,

içimizdə, çölümüzdə,

Bakıda,

Almaniyada,

Amerikada,

Türkiyədə,

Hər yerdə, hər yerdə...

 

***

Çinardan keçən bir qatar da varıydı,

bizi arzularımızın arxasınca aparan qatar.

O qatar gəlməliydi,

bizi Ağdama,

Ağdamdan Şuşaya aparmalıydı.

Amma bu özləm, bu həsrət çox çəkirdi,

bir ömür çəkirdi, bir qərinə çəkirdi,

qatar gəlmirdi...

 

Şuşadan başqa bizi gözləyən yoxuydu,

amma Şuşanı gözləyənlər çoxuydu, lap çox.

 

***

Telefonum zəng çaldı, dostumuydu,

- Elçin, Talıb əminin oğlu Leysan da,

- Nə, Leysan?

- Hə, Leysan da,gözləmədi o qatarı,

- ...

- Amma o qatar gələcək, mütləq gələcək

...

Biz Ağdamda düşüb,

ordan o vaxtkı kimi Şuşaya gedəcəyik,

Leysan getməyəcək

- Əbülfət də,

- Seyid Fikrət də,

- Qəmər nənə də,

- Atalarımız da getməyəcək.

- Eh, dostum, eh! Bəs Sabir nədən öldü?

- Şuşasızlıqdan!

 

***

- Şuşa qayıdacaq, dostum, mütləq qayıdacaq

...biz o qayıdışı görəcəyik,

biz Şuşaya gedəcəyik,

Şuşaya Salam deyəcəyik,

Sabirin adından,

Vaqif müəllimin adından,

Qəmər nənənin adından,

Səfurə xalanın adından

...şəhidlərin adından.

 

***

İtən illərin ardından,

qeyb olan ömürlərin ardından,

yoxa çıxan xoşbəxtliklərin ardından

bir uşaq qaçır,

bir uşaq yüyürür mən adlı,

Qəmər nənəsi uzaqdan o uşağı səsləyir

- Elçin, Şuşa səni çağırır!

 

***

Səhər yola çıxırıq, Şuşaya gedirik, dedi dostum.

Bilirdim gedəcəyimi,

            amma həm də bilmirdim sanki.

Şuşa bizi gözləyirdi,

Şuşa gedənlərini gözləyirdi,

Şuşa balalarını gözləyirdi.

 

…Şuşa geri qayıtmışdı.

Şuşa qanlar bahasına azad olmuşdu,

Şuşa azadıydı.

Biz azad Şuşaya gedirdik.

 

Anam ağlayırdı, qızım ağlayırdı,

            can dostum ağlayırdı,

Şuşa ağlayırdı.

 

Ağlama, dedim Şuşam.

Biz gəlirik, gəlirik gözlərinin yaşını silməyə,

gəlirik qoxunu almağa,

gəlirik sənə qurban olmağa.

Qurbanın olum, Şuşam!

 

***

Hərəmiz ayrılıqda bir Şuşa hekayəsi yaşadıq,

bir Şuşa nağılı dinlədik,

bir Şuşa dastanı oxuduq,

bir Şuşa şeiri yazdıq,

bir Şuşa əlifbası öyrəndik -

ayrılıqların əlifbası!

 

***

Həqiqətə gedən yoldaydıq,

sevgiyə gedən yoldaydıq,

uşaqlığa gedən yoldaydıq,

Şuşaya gedən yoldaydıq...

 

***

...Neçə illərin həsrətindən sonra,

neçə ömürlərin ayrılığından sonra,

neçə ayrılıqların ağrısından sonra

Şuşaya çatdıq.

Şuşa qucaq acıb bizi qucaqladı,

yüzlərlə, minlərlə Şuşa bir Şuşaya qovuşdu,

vətən bütün oldu,

vətən tam oldu,

vətən bir can oldu.

Şuşa atam kimi ağladı,

- can Şuşam!

 

***

Dedim görən, evimiz yerindəmi?

Yerindəydi.

Dedim, görən Cıdır düzü yerindəmi?

Yerindəydi.

Dedim görən məscidimiz yerindəmi?

Yerindəydi.

Dedim görən, o qəbristanlıq yerindəmi,

dedim görən yolumuz yerindəmi?

Yerindəydi, yerindəydi.

Bircə Şuşadan gedənlər yerlərində deyildi,

hərəsi uzaqlarda, lap uzaqlarda

            qəbir olub qalmışdılar.

Qəbirlərdən də Salam aparmışdıq Şuşaya!

 

***

Bir vətən necə sevilir?

Səndən sonra anladıq.

Bir vətənin adı necə sevilir?

Səndən sonra anladıq.

Səndən sonra çox şeyi anladıq…

 

Anladıq ki, Şuşa həm də səsdir.

Cıdır düzünün, Xarı bülbülün səsi,

keçmişimizin, əcdadlarımızın səsi

musiqinin, şeirin səsidir.

 

***

Vətəni sevmək çox şeyi öyrədir adama,

onu qorumağı öyrədir,

onun uğrunda vuruşmağı,

onun uğrunda ölməyi öyrədir.

 

Səndən gedənlər ruh olub qayıtdılar,

səndən gedənlər ölüb qayıtılar,

səndən gedənlər Şuşa olub qayıtdılar, Şuşam!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!