Əbədidir sən əyləşən taxt, Şuşam... - Şeirlər. Aynur QAFARLI

 

Yaşa, böyük Türkiyəm,

yaşa, şanlı hilalım

 

Bayraqlar bayrağı

Türkiyə bayrağına ithaf olunur

 

Gecənin qaranlığı; susub Yer, Göy, çöl, dəniz,

Xəyallar qanadında yol gedirik yenə biz.

Ulduzlar səpələnmiş masmavi Göy üzünə

narın qumlar sayağı,

Sarsılmaz bir güc ilə dayanmış məbədində

uca Türkün dayağı.

Gecə sönüb qaralmış bir şam kimi qəmlidir,

Həzin titrəyişləri duyulan çiçəklərin

baxışları nəmlidir.

Göyləri seyrangaha çıxmışdır nazlı hilal,

Yox olmuş üzündəki neçə dərd, neçə məlal.

Əriyib könüllərin qarı, buzu, şaxtası,

O üzür səmalarda necə ki dənizlərdə

bir azadlıq yaxtası.

Bir ulduz da qoşulur o hilala bu dəmlər,

Nurlanır addım-addım sübhə gedən qədəmlər.

O, Türkümün yıldızı - o, Türkümün hilalı,

Bir ananın millətə südü kimi halalı.

O, ruhum, o, can gücüm, mənim mənəviyyatım,

Əsrlərlə yol gələn at belində həyatım.

İşıqlanır tarixin solğun qaranlıq üzü,

Al sancağın nurudur bürüyüb çölü-düzü.

Sonsuz, ölçüsüz gücə sahib bir Türk ürəyi,

Zamanın tufanında basılmamış kürəyi.

Budur, doğmuş o hilal, kipriyimdə donur yaş,

Odur hər şeydən uca, odur hər başdan da baş.

Tər və qanla süslənib bu bayraq illər boyu,

Bu bayraq türklüyümün, türklük dastanlarımın

igid boyu, ər boyu...

Gör neçə qışlar ötmüş: qarlar, yağışlar ötmüş

onun başı üstündən,

Gecənin bir yarısı bunu düşünürəm mən.

Hansı bəla gəlməmiş, söylə, Türkün başına,

Tarix nələr yazmayıb qanlarla yaddaşına?!

Dalğalanır taleyin səadət yelkənitək,

Gözlərimdə sayrışır dayanmadan yüz min rəng.

Ulduzlar incə-incə azadlıqdan söz salır,

Əbədi bir məşəltək Türk bayrağım ucalır.

Zaman onsuz ötüşməz, çaylar-sular axmaz heç,

Bu bayrağın önündən daima qürurla keç.

O hər bir könüllərin alovudur, közüdür,

Adi bir bayraq deyil, o, zamanın özüdür.

Yaşa böyük Türkiyəm, yaşa şanlı hilalım,

Sənin ucalığınla yoxa çıxıb dərdlərim,

yoxa çıxıb məlalım.

Yaşa Azərbaycanın yenilməyən qardaşı,

Doya-doya öpürəm bu torpağı, bu daşı!

 

Əbədidir sən əyləşən taxt, Şuşam

 

Bahar gəlib, buludunu sərinlət,

Yağış olub ürəyimə yağ, Şuşam.

Ağır qanlı döyüşlərdən çıxmısan

Çox şükür ki, çox şükür ki, sağ, Şuşam.

 

Görüşümə sən gəldikcə röyada,

İllər boyu nifrin tökdüm mən yada.

Səndən uca şəhər yoxdur dünyada,

Dörd tərəfi qala Şuşam, dağ Şuşam.

 

Dolanırsan Natəvanın sözündə,

Qoy qalmasın arzu-kamın gözündə,

Dönüb İsa bulağına özün də

Şırıl-şırıl zümzüməylə ax, Şuşam.

 

Cıdır düzü qucağında yazlanır,

Bülbüllərin gülüstanda sazlanır,

Xarıbülbül bir gəlintək nazlanır,

Düşmənləri yandır Şuşam, yax, Şuşam.

 

Bu gözəllik bizi bizdən alası,

"Şuşa qala"m igidlərin qalası,

Fatehlərin tarixlərdə qalası,

Əbədidir sən əyləşən taxt, Şuşam.

 

Tonqalımız dağ döşündə qalanıb,

Düşmənlərin könlü-qəlbi talanıb,

İgidlərin qanı ilə sulanıb,

Güllər açıb sinəndəki bağ, Şuşam.

 

Həsrətimiz köçüb getdi qürbətə,

Qurban olum adındakı qeyrətə,

Gətirmisən hamımızı heyrətə,

Şeir yazır Aynur sənə, bax, Şuşam.

 

 

Salam olsun Turana

 

Ucalmaq arzusuyla,

Gəlir ruhumuz cana.

Salam olsun Turana,

Bütöv Azərbaycana.

 

Yetişib gözlənilən

O tarixi şərait,

Bu dünyanın məhvəri,

Yalnızca türkə aid.

Son qoymaq zamanıdır,

Hərbə, qırğına, qana.

Salam olsun Turana,

Bütöv Azərbaycana.

 

Çox olsa da bu yolda,

Bizə quyu qazanlar.

Biz bu yoldan dönmərik,

Bilir tarix yazanlar.

Eşq olsun Ərdoğana,

Salam olsun Turana,

Bütöv Azərbaycana.

 

Bu qardaşlıq yenilməz,

Bu məhəbbət əbədi.

Gücü bir yerə qoyub,

Qoruyaq bu məbədi.

And içmişik Qurana,

Salam olsun Turana,

Bütöv Azərbaycana.

 

Türkün qadir əliylə,

Dünya bir də yarana.

Belə basar bağrına,

Övladını bir ana.

Salam olsun Turana,

Bütöv Azərbaycana.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!