Şeirlər - Dəmir ÇEŞMƏLİ

 

Vətən bəstəsi

 

Haray saldım sən haraya,

Dumanmı düşdü araya?

Gəlib çıxmadın bir aya,

Güllənəndə gül dağlarda.

 

Böyük Qaya bölünməz daş,

Sirri-sehri bilinməz daş,

Yuvasında silinməz daş,

Yellənəndə yel dağlarda.

 

Yoxuş yorub düz yerimi,

Sıraladım iz yerimi,

Özüm bildim öz yerimi

Sellənəndə sel dağlarda.

 

Güney günəş nəfəsiymiş,

Quzey bulaq dəstəsiymiş

Bəstə Vətən bəstəsiymiş,

Dillənəndə dil dağlarda.

 

 

Desən

 

Canlığın can evimdi,

Can vermişəm cana, desən.

Tövbəmi demişəm başdan,

Sonu çatıb sona, desən.

 

Xətirin xətrinə dəydim,

Vücudunu kökdən əydim.

Palazını sürtüb geydim,

Girdim donnan-dona, desən.

 

Çəkildim üfüqə sarı,

Qarasına çəkdim sarı.

Odladım odumnan qarı,

Qaldım yana-yana, desən.

 

Mətləbimi qanan bildi,

Sədama uzaqdan gəldi.

Göyünə pərdə çəkildi,

Tələsdi tavana, desən.

 

Dayandım dayaq yerində,

Tutuldum ayaq yerində,

Saydım, nə sayaq yerində,

Çatdım onnan-ona, desən.

 

Tuşladın tuşumu qəmə,

Yem oldu yemliyim kimə.

Yaxşılıq elədim demə,

Məni saldın qana, desən.

 

Dağlar

 

Arxanıza arxalandım,

Gəlmişdim xoş-xoşa dağlar.

Ətəyindən tuta-tuta,

Düşdüm dağa-daşa dağlar.

 

Qalanı qala bilmədi,

Əlindən ala bilmədi,

Paşalar qala bilmədi,

Sən özünsən Paşa, dağlar.

 

Qovuya qovdun gümanın,

Yaypanlandı çən-dumanın.

Yaşı varmı de, zamanın,

Boşanıram boşa dağlar.

 

İlhamım kimi sən mənim,

Göy üzlümsən, göy çəmənim.

Var ol, sən həmən-həmənim,

Bax beləcə yaşa, dağlar.

 

Dəmir əldə çıraq tutub,

Qələm tutub, varaq tutub,

Demə, sizi qıraq tutub,

Biz qoşayıq, qoşa dağlar.

 

 

Qalmışam

 

Gecələyib dağda-daşda bərkidim,

Bəzən göydə, bəzən yerdə qalmışam.

Ağrılarm, acılarım züy tutur,

Dözdüyümə dözən yerdə qalmışam.

 

Yarılamışam yarı-yarı yarını,

Yığışdırıb aparmışam varını.

Yetişməmiş yetirmişəm barını,

Buz bulağı əzən yerdə qalmışam.

 

Budaq-budaq sındırıblar, sınmışam,

Ocaq-ocaq yandırıblar, yanmışam.

Məni döyüb qandırıblar, qanmışam,

Üzdüklərin üzən yerdə qalmışam.

 

Çəkilmişəm küncdən küncə, neyləyim,

Məni ruhum çəkib dincə, neyləyim,

Yaxşı, ya pis, səncə-məncə, neyləyim,

Xəyalların gəzən yerdə qalmışam.

 

Yoxuş nədi, eniş nədi, bilmədim,

Ölçüsünü ölçə-ölçə gəlmədim.

Əzabınla qarşılaşdım ölmədim,

Nə yaxşı ki, düzən yerdə qalmışam.

 

Çox istədim Haqdan haqqı, bilən yox,

Harayıma tələsən yox, gələn yox,

Ovuc-ovuc yaş tökürəm, silən yox,

Gözlərim yaş süzən yerdə qalmışam.

 

Gəldimi

 

Canımı ağrıdan ağrılı yerdi,

Vaxtımı, vədəmi güdaza verdi.

Girişdən girmədi, çıxışdan girdi,

Çıxılan çıxıldı, çıxan gəldimi?

 

Sözdən söz açıram, təzədən indi,

Demədiyim susdu, dediyim dindi.

Dilindən düşmədi dilinin qəndi,

Dilini dişinə sıxan gəldimi?

 

Qayıdıb gəlmədi, dönüb gələrdi,

Məqamını bilə-bilə bilərdi.

Yükünü yükləyib, yükün bölərdi,

Meyllənib səmtimə yaxın gəldimi?

 

Gözucu baxmışdı baxımsız yerə,

Ürəyindən keçmir, yeri min kərə.

Özgə havasını çalmırmı hərə?

Verdiyin başıma qaxan gəldimi?

 

Gedər-gəlməz oldu, olmalıydımı,

Od qoyub, oduna salmalıydımı,

Salam verib, salam almalıydımı,

Üstünü üstümə yıxan gəldimi?

 

Xəyaldan-xəyala uçardı bir vaxt,

Qucaqlayıb qucaq qucardı bir vaxt.

Açdığı qapını açardı bir vaxt,

Baxışı arxamca baxan gəldimi?

 

                                                                      

Gedirəm

 

Yozduğumu yoza-yoza gəlmişdim,

Əldən çıxan çoxa, aza gəlmişdim,

Dərdlərimi yaza-yaza gəlmişdim,

Olanımı nişan qoyub gedirəm.

 

Ağrıdan ağrıtdı məni, kimə nə,

Kimliyim kimini bilib, himə nə,

Talayıb tabımı, öz çəkimə nə,

Duyulub duyduğum, duyub gedirəm.

 

Axşam-səhər deyib, ötərəm indi,

Arzumun dadına yetərəm indi,

Nəsimi babamnan betərəm indi,

Dərimi əlimlə soyub gedirəm.

 

Yarıladım yarı canımı nədən,

Elə-belə oymuş məni göynədən.

Əl çəkə bilmədim, çəkdim niyədən,

Gözümün yaşını yuyub gedirəm.

 

Dəmir, yapdığını daşa daşıdın,

Yazı sevə-sevə, qışa daşıdın.

O başdan bu başa, boşa daşıdın,

Hələ ki sözümü deyib gedirəm.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!