Zəfərin mübarək, Vətən!
Allah cəmi şəhidlərimizə
rəhmət eləsin!
Xoş günlərdən soraq verir
Axşamın-səhərin, Vətən!
Düşmənlərə göz dağıdır
Hər təzə Zəfərin, Vətən!
İgid-ərən oğulların
Tapdayıb bəndi-bərəni,
Bir həmləylə sevindirdi
Xocalını, Əsgəranı,
Xocavəndi, Ağdərəni...
"Dəmir Yumruq"dan güc aldı
Qatlanmaz qanadın-qolun!
Qırdın paslı qıfılını
Xankəndiyə gedən yolun!
Qarşında tab gətirmədi
Zülmə sipər olan "barı".
Diz çöküb, aman dilədi
Səndən harsın dığaları...
Başın sağ olsun... yenə də
Haqq yolunda cəngə çıxıb,
Candan keçənlərin də var!
Qanlı şəhid köynəyiylə
Ulu Tanrı Dərgahına
Vaxtsız köçənlərin də var...
Qalibiyyət simvoludur
Üçrəngli bayrağın sənin!
Bütövləşən sərhədlərin
Sabahkı növrağın sənin!..
Türkün-türkə can borcu var,
Nə yalqızsan, nə tək, Vətən!
Hünərindən soraq verən
Zəfərin Mübarək, Vətən!
Araz nəmli gözlərimdən axırmış...
Ürəyimdə sızıldayan dərd çayım,
Qismətindən hələ incik-pərt çayım,
Bakı-Təbriz qiyafəli mərd çayım,
Deyən varmı, doluxsunub heç nədən,
Göz-göz olan yaraları qövr edən?
Qəm-qüssəsi gör necə də ağırmış -
Araz nəmli gözlərimdən axırmış!
Yaranışdan həm Sultandı, həm də Xan,
Bir düşməni gödənsökən, ev yıxan.
O birisi hürə-hürə vurnuxan,..
Bel sütunu Xoy, Ərdəbil, Qaradağ,
Qibləgahı Zəfər taclı Qarabağ...
İllər boyu bəxtinə qar yağırmış -
Araz nəmli gözlərimdən axırmış!
Xudafərin daş köynəkli dastanı,
Yağı bəlli, namərd aşkar, dost hanı?!.
Görən, varmı heç möhləti-amanı?
"Gülüstan"da şux qaməti bükülən,
"Türkmənçay"da gözünə mil çəkilən.
Xəmirini kimlər dərddən yoğurmuş?
Araz nəmli gözlərimdən axırmış!
Həsrət yükü hələ o tay-bu taylı,
Bəd taleyi nə sovqatlı, nə paylı...
Hayqırtısı hərdən cəngli-haraylı,
Gorum çatlar qisas qalsa sabaha...
Gülsə üzü, deyərəmmi heç daha,
Tanrı ona gəc nəzərlə baxırmış?
Araz nəmli gözlərimdən axırmış!..
Ürəyim tapdanmış
əkin yeridi...
Əzəldən su kimi safam-duruyam,
Ürəyim nə qəzəb, nə kin yeridi.
Bəlkə də bir zərrə günəş nuruyam,
Şirin arzularım əkin yeridi.
Acı söz mürgülü iynəm-tikanım,
Yalana bəllidir təkcə, sərt üzüm.
Haqdan soraq verir hər gələn anım,
Dilimin ucunda söz düzüm-düzüm.
Əlimdən çıxanda bəzən dincliyim,
Heç kimi nahaqdan tapdamamışam.
Nə yersiz hökmüm var, nə boş hay-küyüm,
Mərdlik nişanəli cəngəm-savaşam...
Söz odum, torpağım, havam, suyumdu,
Saflaşa biləndə niyyət etmişəm.
Ovcuma düşənlər tale payımdı,
Qəmə-qüssəyə də biət etmişəm.
Kim kəsə bilər ki axı, yönümü?
Bəxtin sapandından atılan daşam.
Səyirdib yüyənsiz "söz köhləni"mi,
Şeirin "quluncunu" ovxalamışam...
Sevincim bəmdədir, nisgilim zildə,
Vücudum nə qəzəb, nə kin yeridi.
İllərlə sızladım bir qərib eldə,
Ürəyim tapdanmış əkin yeridi...
Mən əsgər babasıyam
Bir həftə qabaq hərbi xidmətə yola
saldığımız övladım İsmayıl Qafarlıya
Hər fikrin, düşüncən azaddır sənin,
Halallıq könlünün ritmi, havası.
Düz dörd il gücünə güc qatdı sənin,
Milli Aviasiya Akademiyası.
Məzun olan günü, - "əsgər getməsəm
Əlim heç vaxt işə yatmaz", - demişdin.
"Vətənə oğultək qulluq etməsəm
Bəxtim köməyimə çatmaz!", - demişdin...
Nədənsə, üstündən xətt çəkiləndə,
Hayqıra-hayqıra sədləri aşdın.
Heç kimdən çəkinib, durmadın gendə,
Buludtək kükrəyib, sel kimi daşdın.
Dedin, nə qorxaqam, nə də yarımcan,
Özüm-öz gücümdən yaxşı halıyam.
Qəlbim yurd eşqiylə döyünür hər an,
Vətənə borcumu qaytarmalıyam...
Səsinə-səs verdi anan, atan da,
Yenə alnıaçıq çıxdın sınaqdan.
Əsgərtək and içmək növbən çatanda,
Sənə xeyir-dua dilədik Haqdan!
Əyninə geydiyin əsgər libası,
Bəlkə də özündən qabaq sevindi.
Həyatda gözünün ağı-qarası
Bacın görkəminlə fəxr edir indi...
Bilirəm, əzəldən gözün-könlün tox,
Nəfsin xıncımlanıb ayağın altda.
Övladım, mən bu gün təkcə şair yox,
Əsgər babasıyam, həm də həyatda...
Nicat gözləyirik
Mən susuzluqdan
Dodaqları çatlayan
torpağam,
Sənsə, nakam sevgimizin
közərtisində
qovrulmuş bir xışma dən.
Bircə zərrə ümid işartısına
üzümüzü söykəyib
Nicat diləyirik
Həm bəxtdən,
həm də taledən...
Bu yaz gözlədiyim
yaza oxşamır
Seldən, zəlzələdən soraq gətirir,
Bir topa qan hopmuş varaq gətirir.
Çox şeyi gözlərdən iraq gətirir -
Bu yaz gözlədiyim yaza oxşamır!
Göylərin qəzəbli şimşəyi - qamçı,
Vulkan məhşər odu, ildırım sancı.
Külək ipiqırıq, bulud yalançı -
Bu yaz gözlədiyim yaza oxşamır!
Dağ-dağa çırpılır, sürüşür yamac,
Torpaq tüstülənir, düşür qaçhaqaç.
Səkidə basabas, küçədə tıxac -
Bu yaz gözlədiyim yaza oxşamır!
Vaxt-vədə hoppanıb qaçır irəli,
Yeri barmağında fırladır dəli.
Tanrının daş altda qalıbdır əli -
Bu yaz gözlədiyim yaza oxşamır!
Daldada davakar, üzdə utancaq,
Nə paslı iynədir, nə biz, nə cancaq.
Gəlişi mübarək, nədənsə, ancaq -
Bu yaz gözlədiyim yaza oxşamır!
Ölüm
Hər doğulanla dirilib,
Hər ölənlə ölən ölüm.
Ün yetməyən ucalıqdan
Gizli enib gələn ölüm.
Ürəyimiz tir-tir əsir,
Kimsə çəkəndə adını.
Təkcə Allah, bir də yəqin
Ölənlər bilir dadını...
"Dirilik şərbəti"sənsə,
Niyə deyim ki acısan?!
Bəlkə də sən elə ömrün
Axırıncı "borc dəftəri",
Doğru-dürüst sayğacısan...
Haqsızlıq görəndə
susan deyiləm...
Sığındım Tanrının mavi çətrinə,
Hər misram qarışdı çiçək ətrinə.
Acından ölsəm də, "ənam" xətrinə
Kimisə öyəsi deyiləm, vallah!
Çoxları şahiddir... dar gündə belə,
Töhmət gətirmədim ağır bir elə.
Sonuncu ümidim dönsə də, külə,
Dizimə döyəsi deyiləm, vallah!
Hələ yaşasam da, elə birtəhər,
Gücümə-güc qatır hər gələn səhər.
Nə sözə-kəlməyə bükülən zəhər,
Nə xəncər tiyəsi deyiləm, vallah!
Haqsızlıq ruhuma yaddır həyatda,
Bircə xoş kəlməmlə sağalar çat da...
Heç vaxt qalmamışam acı söz altda,
Dilimin yiyəsi deyiləm, vallah!
Ulu sənət məbədidir
tikdiyin...
Əziz dostum, görkəmli şair-publisist, nasir Əli Rza Xələfliyə
Dünyaya göz açdın Dağ Xələflidə,
Səni xəlq edənə əhsən, ay Dədə!
Gəzib-dolaşmadın heç vaxt, heç vədə
Sənətin tapdanmış qırağın, Qağa!
Sevdalı qəlblərdə sözdü əkdiyin,
Ulu sənət məbədiymiş tikdiyin.
Bədxahın, nadanın qəddin bükdüyün
Hər kəlmən paslanmaz "yarağın", Qağa!
Şeirin misra-misra gəldikcə dada
Qovuşdun ən halal şöhrətə-ada.
Həm könül mülkündə, həm "Kredo"da
Günəştək nur saçdı çırağın, Qağa!
Elə əzəl gündən addımın mətin,
Yol tapmaz qəlbinə nə qəzəb, nə kin...
Tanrı sovqatıdır şairlik təbin,
Və bir də qələmin, varağın, Qağa!
Yurda əmanətsən Gordu Babadan,
Ruhun təzələnir söküləndə dan.
Sənət gülşənində ismin bir ünvan,
Gəlir hər tərəfdən sorağın, Qağa!
Mənim bu dünyadan
gözüm su içmir...
Allah, yaratdığın dünya budursa,
Bəs, niyə aləmə hökm eləyir şər?
Nemətin od, torpaq, hava, sudursa,
Daha nə istəyir, görəsən, bəşər?
Ya Sən xəlq etdiyin dünya bu deyil,
Ya da pozulubdu mizan-tərəzi.
Bilən yox, nədəndir artır ilbəil,
İnsanın-insana kini, qərəzi...
Sənin əvəzindən hökm edənə bax,
Məzluma əl uzat, yiyə dur, Allah!
Üst-üstə çəkilsin sinəsinə dağ
Kim ki varlığını unudur, Allah!
Rəhmin gəlməsəydi, gül balalara
Yerin "şah damarın" kəsib atardın.
Son qoyub biryolluq sərvətə-vara,
İnsanın nəfsindən ocaq çatardın!..
Bağışla... səbrini tarıma çəkdik,
Özün də bezmisən cəngdən-savaşdan.
Toxumluq dən verdin... qan-qada "əkdik",
Barı, cəzamızı ver bəribaşdan...
Heç kim "arşınınla" öz boyun ölçmür,
Tanrım, yamanlığın amanını qır!
Mənim bu dünyadan gözüm su içmir,
Sən onu təzədən bir də yarat, qur!
Gözlərində üşüyürəm...
Gözlərimdən-gözlərinə
cığır salıb baxışlarım.
Gözlərinin işığını
içmək üçün
Kipriyindən tutub qalıb
baxışlarım.
Soyuqluğun qəhər kimi,
gecə-gündüz
gizli-gizli boğur məni.
Gözlərində üşüyürəm,
ürəyinə çağır məni...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!