Sərsəri
Bu qədər sevməz ki, adam adamı,
Səndə nə görmüşəm, bilmirəm axı.
Lap deyək, yaxşısan, yaxşı adamsan,
Dünyada səndən də yaxşı var axı...
Saatı soruşur bayaq bir qadın,
Deyirəm, "səkkizdir, o evdən çıxır".
Qorxdum, sərsəriyə çıxacaq adım,
Hamı mənə dəli gözüylə baxır.
Bu vaxt işə gedir, bu vaxt qayıdır,
Necə də əzbərdən bilirəm, ah...ah.
İkinin yarısı nahar edəcək,
Günümə-saatıma bax, Allah... Allah.
Çayını süzəndə ehmalca süzün,
Bardağı sonadək dolmamalıdır.
Mənim ömrüm, günüm, özüm,
Onunsa, yeməyi acısız olmamalıdır.
Bu qədər sevməz ki, adam adamı,
Yenə ətirinlə ətirlənmişəm.
Adın batsın, unutmuşam adımı,
Sən gedəli yox olmuşam, itmişəm.
Vətən sağ olsun!
Həyatda çox dərdə sinə gərmişəm,
Ölümdən dönmüşəm, candan çəkmişəm.
Təkcə sənsizliyə öyrəşməmişəm,
Gəldin, gedənləri bir-bir unutdum.
Gəldin gedənləri bir-bir unutdum,
Hər yerdən üzülən əlimi tutdun.
Öpüb gözlərimin yaşın qurutdun,
Quruyan gözümdə yasa batmışam.
Quruyan gözümdə yasa batmışam,
Aynada özümü tanımamışam.
Bu sabah, halıma baxıb yanmışam,
Elə sınıxmışam, elə sınmışam.
Elə sınıxmışam, elə sınmışam,
Qısılıb bir küncə qəribsəmişəm.
Mən səni özümə vətən bilmişəm,
Sən qürbətdə qərib, mən vətənimdə.
Sən qürbətdə qərib, mən vətənimdə,
Bir cihad havası var ürəyimdə.
Sonda vəsiyyəti edim şeirimdə,
Mənə nə olsa da, vətən sağ olsun!
Kağız yarası
Mən elə bilirdim, sən əvəzsizsən,
Dağ bilib söykəndim, mənə dağ çəkdin.
Ən çox ehtiyacım olan zamanda
Əlimi buraxıb, əlindən çəkdin.
Elə qəfildir ki, dost vuran zərbə,
Kağız barmağını kəsər e, kəskin.
İnsan düşmənindən ehtiyat edər,
Məyər, dost edərmiş ondan betərin?
Kağızdan kim qorxar, bıçaq deyil ki,
Axı, dost nə edə bilərdi mənə?
Hələ də yanıram, sən onu bil ki,
Dərmanım olsan da, dönmərəm sənə.
Bir qadın vardı
Bir qadın vardı,
Gözləri tavanda.
Üzərində başqasını,
Ürəyində başqasını daşıyan.
Bir qadın vardı,
Hələ uşaqlığından
Əynində qonşusunun,
Xəyalında atasının aldığı donu
daşıyan.
Bir qadın vardı,
Bir ömür, sadəcə, üşüməməkçün
başqa donlarda,
Başqa bədənlərdə
ölə-ölə yaşayan,
Yaşaya-yaşaya ölən
bir qadın vardı!
Ən çoxum
Mən ən çox bu qədər
Sevə bilərdim birini...
Necə ki uşaqdan soruşarlar,
Göstər, görüm, nə qədər sevdiyini.
O da aça bildiyi qədər
açar sərçə qollarını,
Xəyalında dənizləri,
Günəşi, Ayı, səmanı...
Tanıdığı, bildiyi,
Bütün çoxlarını
sığdırar qollarına.
Sən də elə...
Sən də mənim qollarımın arasında
Həmən çoxsan...
Mən, ən çox bu qədər
sevə bilərdim birini.
Sən mənim ən çoxumsan!
Cəllad
Cəlladına aşiq olan
qurban kimi,
Gözlərində rəhm aradım.
Səni sevdim...
Sevilməyi bacarmadım.
İmkansız sevgi
Sən mənim ən böyük günahım oldun,
Hamının yanında üzüm qaradır.
Mənə aid olan nə varsa, aldın,
Və bu iliyədək sızan yaradır.
Rəbbim bağışlarmı etdiklərini?
Səni ucaltdıqca hörmətdən düşdüm.
Qarşıma aldığım sevdiklərimi
Sənə dəyişdikcə özüm dəyişdim.
Geriyə baxıram, itirdiklərim...
Vicdan yarasısan, əzab verirsən.
Mən durub yerimdə sayaqladıqca,
Sən öz həyatına davam edirsən.
Yandırıb-yaxırsan, rəvadırmı bu?
Çırpıram sinəmi yumruqlarımla.
İmkansız sevgimi, göz yaşlarım, yu,
Çıxart ürəyimdən, apar onunla!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!