Şeirlər - Şahanə Müşfiq

***

Eheeyy...

Buludların arasında gizlənən kişi,

Səninləyəm!

Hə, hə, bax elə Səninlə!

Necə fırlanır Yer kürəsi,

Sümüyünə düşürmü?!

Boynumuza doladığın ipin ucu

barmağını kəsirmi

çıxdıqca biz cızığımızdan?!

 

Ölmək gərək bəzən

Ölmək gərək bəzən-

Şairin də dediyi kimi-

Və sırf onun xətrinə dirilmək yenidən.

Qış ömrünə günəş kimi doğmalı,

Adı dodağında çiçək açmalı...

Baxışından,

Bir qıyğacı baxışından sərxoş olmalı.

Satmalı-

Xəfif təbəssümünə bu dünyanı satmalı.

Unutmalı-

Bir "necəsən?"- sualına ağrıları, əzabları

unutmalı.

Axtarmalı-

Sevgili oyuncağını itirən uşaqsayağı

                                   axtarmalı gözlərin

Onu

baxdığı hər yerdə.

Susmalı-

İçində dastan bağlayan sözlərin

                                   tıxanmalı boğazına

gözlərini görüncə.

Nur yağmalı buludların arasından

O gülüncə...

Və necə demişdi şair?

"Hər gecə əl açmalı göylərə

"Tanrım, onu mənə yaz"- deyə..."

 

Nə fərqi

Ovcumda kövrək bir ürək tutmuşam,

Görəsən hayana qoyum, sınmasın?

Mən belə ürəyi necə tutum ki,

O canıyanmışın canı yanmasın?!

 

Neynim, varaqlar da üzümə baxmır,

Qələmim didərgin düşüb əlimdən.

Sözümün nazını çəkməyir daha,

Yaxşısı, siz məni asın dilimdən.

 

Danışsam nə fərqi, sussam nə fərqi,

Yetmir, atam-anam, söz adamlara.

İlahi, bu dünyan hələ dönürsə,

Borclusan bir ovuc düz adamlara.

 

Getmək düşüb könlünə

Getmək düşüb könlünə,

Vaxt yetişdi,

Zaman çatdımı deyirsən?

Niyə elə küskün-küskün gülürsən?

Sən də tutulmusan tənhalıq mərəzinə,

Addım-addım,

Qarış-qarış,

Nəfəs-nəfəs,

əl-əl məlhəm gəzirsən.

 

Sən də qaçırsan fəlsəfəyə,

Həyatı duymaq,

Həzz almaq,

Yaşamaq keçir ürəyindən.

Sənindəmi itib ağzının dadı?

Oysa ki, hər səhər günəşin sənin üçün,

Hə, bax elə sənin üçün gülümsəməsində

Nə şirinlik var,

bir bilsən.

 

Getmək düşüb könlünə,

Görürəm bir ayağın qapının kandarında

Yolun gözləyir o birinin.

Getmək istəməyəndə qadına dönər sol ayağımız

bir anda,

Nə makyajı bitər,

Nə saçı,

Yaxşısını da seçə bilmir geyiminin.

 

Getmək düşüb könlünə,

Unudulmaq da vare... şair,

Unudulmaq da...

Həmişə unudanlardan gileyləndik,

Oysa ki, getməsəydi gedənlər,

Unutmazdı unudanlar,

Inciməsən deyərdim ki,

Gedənlərdən daha vəfalıdı qalanlar...

 

Getmək düşüb könlünə,

Tələsmə, qurban sənə...

Getmək həmişə var,

O yol, o sən...

Mənsə təzəcə şeir dəmləmişəm,

Gəl bir otur,

İçək şeirimizi isti-isti,

Təzə film çəkilib romantik-komedi,

Ona baxaq,

Bir musiqi dinləyək,

Bir mahnı oxuyaq...

 

Getmək düşüb könlünə,

Getməyin qalmışdı gecəyə?

Yıxıl yat, qurban sənə,

Allah kərimdi səhərə...

 

Düşüncə

Bir qəlb düşün,

İllərin yorğunu bir qəlb,

Yağışın döydüyü,

Günəşin yandırdığı,

Kədərin əlində oyuncaq,

Dərdlərin süfrəsinə məzə...

Bir qızcığaz düşün,

Gülüşünü yellər alıb aparmış bir qız,

Sevinci əsir olmuş daş qəlbli

                        əjdahanın tamahında,

Güvəni intihar etmiş

insanların yalanında...

Bir sevgi düşün,

Yoxluğa bulanmış bir sevgi,

Doğrusunun duası oxunmuş,

Bir çatlaq dodaqda

qıvrılan təbəssümdən asılmış,

Bir cüt gözün çökəyində

məzarı qazılmış...

Bir də sən...

Yorğun qəlbi məzə süfrəsindən alıb

Xoşbəxtlik sarayının sultanı etmiş,

O məsum qızcığaza itmiş gülüşünü qaytaran,

Bir sevgiyə dirilik suyu,

Daş qəlbli əjdahanın qənimi,

Sevincin xilaskarı,

Bu dünyanın nağıl qəhrəmanı...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!