Nur saçılsın
Bir azcana üzüm gülcək,
Qismətimə daş atılır.
Zərrə boyda sevincimə,
Kədər, qüssə, qəm qatılır.
Bu ömürdən bezikmişəm,
Çox istəyə geçikmişəm.
Əlli ilə ev tikmişəm,
Nəm çəkməkdən ev dağılır.
Yetəmmədim söz taxtıma,
Heç düşmədi söz vaxtına.
Közü basdım öz baxtıma,
Söz süzülür, qaş çatılır.
Saçım qışın qırov qarı,
Yeməyimdi yazma darı.
Şəkər, təzyiq düşmür barı,
Yeməyimə həbb qatılır.
İçim isti, çölüm buzdu,
Dodaq quru, dil susuzdu.
"Düşmənlərim" şəkər, duzdu,
Yağ da, bal da nəs sayılır.
Qızıl ömrüm döndü misə,
Alov söndü, düşdüm hisə.
Fərq olmadı yaxşı, pisə,
Yerə, göyə çən yayılır.
Bu halımla gedim hara,
Dərd əlindən gəldim zara.
Ulu Tanrı, et bir çara -
Dan sökülür, nur saçılır.
Ölümü gözləyən qoca
Gen otaqlar ona dardı,
Çıxıb həyətdə gözləyir.
Deməyə çox sözü vardı,
Yetişən anı izləyir.
Qol da açıb onu quca,
Ölümü gözləyən qoca.
Nəfəs dərir ağır-ağır,
Üz-gözündən giley yağır.
İstər dindir, istər çağır,
Çətin sözə qulaq asa,
Ölümü gözləyən qoca.
Saf ömrünə lil qatdılar,
Böhtan, nöqsan, çirk atdılar,
Sındırdılar, alçatdılar,
Hər halında oldu uca,
Ölümü gözləyən qoca.
Dönüb bir də geri baxmır,
Nə kövrəltmir, nə də yaxmır.
Torlu görür, eynək taxmır,
Baxışları dönüb buza,
Ölümü gözləyən qoca.
Bilə bilmir, bu nə haldı,
Ölüm harda ölüb qaldı.
Yəqin şeytan tora saldı,
Heç bilmir ki, necə yoza
Ölümü gözləyən qoca.
Dinən çağı dinənmədi,
Gülən vaxtı gülənmədi.
Ölən çağı ölənmədi,
Həyatından bezən qoca
Ölümü gözləyən qoca!
Bir qız gördüm
sənə bənzər
Bir qız gördüm sən yerişdə,
Sən duruşda, sən biçimdə.
Sənə oxşar gülüşündən,
Ovsunlandı söz içimdə.
Yanağı dağ lalasıydı,
Ürkək ceyran balasıydı,
Pəmbə bulud talasıydı,
Yağasıydı su içimdə.
Qaşlarını dartması da,
Gözdə ocaq çatması da,
Saçların yan atması da,
Sən nizamda, sən edimdə.
Süzgün baxıb boylanmağı,
Nazla gəzib-dolanmağı,
Hamını xoş, dost sanmağı
Sənə bənzər, sən seçimdə.
Bir az dəcəl, şıltaq qızdı,
Neçə donmuş qəlblər qızdı.
Baxışları sərhəd cızdı
Sənə bənzər, sən seçimdə.
Bir qız gördüm, sənə bənzər,
Duyğulanıb saldım nəzər.
Bu sən idin, lap təzə-tər,
Çözələndi köz içimdə.
Qəlbindən Vətən boylanır
Ömür-gün yoldaşı
şəhid olmuş mərd qadına
Gözlərinin didəsindən,
Kiprik boyu nəm boylanır.
Baxışların piləsindən,
Kədər hopmuş, qəm boylanır.
Ay şən gülüb, lal ağlayan,
Qara örpək, şal bağlayan,
Acı dərdi, bal saxlayan,
Zilin yenib, dəm boylanır.
Sinən dözdü çarpaz dağa,
Şəhid verdin nəm torpağa.
Döndün saralmış yarpağa,
Günəş sönüb, çən boylanır.
Bir üzü qız, biri gəlin,
Yorulmadı işdə əlin.
Oğlun, qızın, nəvələrin,
Sabahına şən boylanır.
Bu gün ana, həm nənəsən,
Səndən olmaz, birdənəsən.
Göylər boyda ümmansan sən,
Qəlbindən Vətən boylanır.
Haraya qaçır bu adam
Addımları qırıq-qırıq,
Üzü, gözü cırıq-cırıq,
Gödəkçəsi sırıq-sırıq -
Haraya qaçır bu adam?
Eli yoxdu, eldən qaça,
Evi yoxdu, evdən qaça,
Yağış yağmır, seldən qaça -
Qəm-kədər saçır bu adam.
Göz yaşı gözündə donub,
Saçlarına qırov qonub,
İtə, pişiyə dost olub
Dərdini açır bu adam.
Nəyi gəlir qəmdən gəlir,
Görən deyir: "Dəmdən gəlir",
Qarğa, quzğun həmdəm gəlir -
Onları qucur bu adam.
Ömür sürür qurdla, quşla,
Gül qoxlayır belə huşla,
Yola gedir bəd virusla,
İnsandan qaçır bu adam!
Mənə bircə gilə
göz yaşı bəsdi
Göylərin üzünü aldı buludlar,
Qəlbimi ürpədən külək də əsdi.
Mənim səndə xeyli əmanətim var,
Qaytarsan... bir gilə göz yaşı bəsdi.
Bitdin bənövşətək yolumun üstə,
Yaydın yaylığını qolumun üstə,
Yığdım dərdlərimi solumun üstə,
Ağrılar çoxaldı səbrimi kəsdi.
Mənə bircə gilə göz yaşı bəsdi.
Vətənin obasın, elin sevmişəm,
Günəşin, yağışın, yelin sevmişəm,
Anamın şipşirin dilin sevmişəm,
Zirvənin qartalı, sərt qaşı bəsdi
Mənə bircə gilə göz yaşı bəsdi.
Bəxtimə düşənlər Tanrıdan gəlir,
Sevincim, kədərim yarııdan gəlir
Bütün istəklərim "barı"dan gəlir,
Həyat nə verdisə bir üzü tərsdi,
Mənə bircə gilə göz yaşı bəsdi.
Bir gün göz yaşıyla yuyulacağam,
Üç qarış torpaqda uyuyacağam.
Bir parça sal daşda duyulacağam,
Tanrımın verdiyi öz yaşı bəsdi,
Mənə bircə gilə göz yaşı bəsdi.
Çətin olacaqdı
bu payız sənə
Daha sısqa-sısqa yağışlar yağır,
Yağışa qarışan qarğışlar yağır,
Qarğışa qarğıyan şimşəklər çaxır,
Yolların bürünür dumana, çənə -
Çətin olacaqdı bu payız sənə.
Sevdiyin çiçəklər, güllər solacaq,
Pəncərən önündə tüllər solacaq,
Hər solan gününə gözün dolacaq,
Saçların bələnir qırova, dənə -
Çətin olacaqdı bu payız sənə.
Heyin qalmayıbdı çağlamağına,
Ürəkdən hönkürüb ağlamağına,
Sonuncu düyməni bağlamağına,
Taqətin yenibdi yarıya-tənə -
Çətin olacaqdı bu payız sənə.
Bu payız gününü görəydin gərək,
Sevginə bir qəsir hörəydin gərək,
Dizinə-başına döyəydin gərək,
İndi köks ötürmə keçib-gedənə -
Çətin olacaqdı bu payız sənə.
Payız Dədə Qorqud libası geyib,
Hər ömrün payını, adını verib,
Sənəsə nə ana, nə nənə deyib,
Tənhalıq çökübdü solmuş çöhrənə -
Çətin olacaqdı bu payız sənə.
Gecikmiş misralar
Özümü duyandan gizlicə, aşkar,
Ruhumu oxşayan gül axtarırdım.
İlməsi qardan ağ, üstündə cüt nar.
Pəncərə önündə tül axtarırdım.
Sənə tuş gəlmədim baharda, yayda,
Çölü, çəmənliyi gəzdi gözlərim.
Bir payız günündə çatdılar dada,
Səndən əllərini üzən gözlərim.
Gördüm, o çiçəksən, gəzdiyim gülsən,
Ruhuma yayılan ətrin bəsimdi.
Nə qədər xoşbəxtəm, nə qədər, bilsən,
Sevincdən ürəyim əsim-əsimdi.
Gəlmisən mələyin qanadlarında,
Saçını küləklər darayırdılar.
Alma qızartısı yanaqlarında,
Gözlərin yolumu arayırdılar.
Yamanca hürkəkdin, yaman təlaışlı,
Arxanca bir qısqanc göz izləyirdi.
Ancaq xəyalında bir qaraqaşlı,
Səni oxşayırdı, əzizləyirdi.
Sənli keçəcəkdi ömrümün ardı,
Qəlbimdən kədəri, qəmi silmişəm,
Nə yaxşı, həyatın payızı vardı,
Nə yaxşı, mən səni tapa bilmişəm.
Özümdən qorxmuram, səndən qorxuram
Otları saralmış, gülləri solmuş
Çəmənəm, qırovdan, çəndən qorxuram.
İnadkar gözəltək gözləri dolmuş
Buluddan qorxmuram, səndən qorxuram.
Qorxuram, adına söz gələr axı,
Sözlər sinən üstə köz ələr axı.
Közlər ürəyini pöşələr axı -
Qəlbinə çökəcək nəmdən qorxuram.
Gözlərin göy kimi durudu, duru,
Yanağın yaş deyil, qurudu, quru,
Üzündə günəşin nurudu, nuru -
Saçına ələnən dəndən qorxuram.
Bəd nəzər dikilib boyuna sənin,
Qoymaram, salalar oyuna səni.
Özüm gələcəyəm toyuna sənin -
Yoluma ələnən qəmdən qorxuram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!