Mübarəkdi!
Hər səhərim öz Yurdumda oyadırsa -
Bundan artıq daha mənə nə gərəkdi?
Zəfər çaldıq; Xan - Kəndinə
qayıdırsa,
Azərbaycan, Qayıdışın mübarəkdi!
Doğma Laçın, gözəl Şuşam, Kəlbəcərim...
Ürəyimi tərk elədi dərdi-sərim,
Haqq yolundan çəkinmədin, yenilmədin,
Azərbaycan, uca başın mübarəkdi!
Əsarətdən Dünya boyda Bağ qurtardı,
"Nidan" ilə dözülməli vaxt qurtardı!
Azərbaycan, neçə-neçə dağ qurtardı;
Qaytardığın dağın-daşın mübarəkdi!
Zaman yetdi; bütövləşdi ulu Vətən,
Qoy çatlasın xəyanətlə atıb-gedən,
Yer üzünü qüdrətinə heyran edən,
Azərbaycan, son Savaşın mübarəkdi!
Yaşa, var ol, müdrik Ali Baş Komandan,
Qüvvət aldıq ağır Dəmir yumruğundan,
Əbədilik, əsarətlər buxovundan,
Azərbaycan, Qurtuluşun mübarəkdi!..
21.09.2023
Almışam...
Əsgərin gecə görüşü
Gileylər yazırsan yuxularından -
aldımsa, uzaqdan necə almışam?
Bu gecə keçəcəm lap yaxınından -
dünən məhlənizdə "küçə almışam".
Üzü yola baxır yatdığın otax,
soyuqdu; şal götür pəncərədən bax,
bir az gülümsəyək, bir az boylanax -
möhləti Gizirdən "Üçə" almışam.
Nə səndən gedənəm, nə bu şəhərdən,
mənim də xoş keçmir günlərim hərdən,
uzaq düşürəmsə məhəbbətimdən,
olmaya yolları haça almışam?
Niyə bu istəyim ağlına batmır?
Axı əsgərini Ordu yubatmır!
Uzanan əllərim əlinə çatmır -
qisməti göylərdə, uca almışam!
Bahara az qalır - qışım keçəcək,
baxma ağrısına - başım keçəcək,
bir az da ləngisək - yaşım keçəcək;
lağa qoyacaqsan - "Qoca almışam!".
Məni tərk eləyib qırma arzumu,
hər cürə yuxunun olar yozumu,
səmadan düşürdüb Bəxt ulduzumu
duvağın üstdəki Taca almışam.
"Həri"yə - elçimi haçan göndərim?
Bəxtimin yeganə gülünü dərim!
Qonşular görsünlər - Anama gəlin,
şəhərdən Bacıma Bacı almışam!
Hicrandan o qədər canlar odlanıb,
toyuna o qədər əsgər yubanıb,
tüstüyə dönsək də, bir odda yanıb -
qorxma; səmalarda baca almışam...
05.02.2023
Kasıbam...
Bəxtəvərmiş qol-budaqlı şairlər:
Bir canımdı, bir özüməm, bir obam,
Aradabir - "Vaxt qızıldır" - deyərlər,
Vaxtım azdı, ona görə kasıbam.
Hər kəs bir az bez aparar öləndə,
Eyni gedər ağlayan da, gülən də,
Haradasa, mən Dünyaya gələndə,
Bəxtim azdı! - ona görə kasıbam.
Güzarının El, yoluna qoyurdu,
Əyriləri qavi dövran buyurdu!
Parçalayıb-yaralayan bu Yurdu
Xan Arazdı - ona görə kasıbam!
Qırmaq olmur "Sapı bizdən baltanı",
Boynumuza düşmən taxan xaltanı,
Xain çıxıb - ayağımın altını
dostlar qazdı, ona görə kasıbam.
Qəlbdəkini gözdən axan yaş bilər,
Nəyə görə? - nə çəkdiyin baş bilər!
El dərdini neçə-neçə "başbilən"
Anlamazdı - ona görə kasıbam...
Dünya bizimdi...
"Dünya sənin, dünya mənim,
dünya heç kimin"...
Məmməd Araz
Eşələdim bu cahanı mən hər üzünə;
düşünmə ki: "Ömrün mehi bircə əsimdi",
Tanrı özü şərik qoşub bizi - Özünə,
əgər bura gəlmişiksə, Dünya bizimdi!
Biri - aydın, biri - zülmət; Doğu - Batı var,
yer üzünün bizim üçün üstü, altı var,
əl çatmayan səmaların xeyli qatı var -
əgər bunu bilmişiksə, Dünya bizimdi!
Bezdirsək də, bir kənara çəkməz özünü,
pıçıltıyla danışsan da - tutar sözünü,
yuvamıza basqın etmiş düşmən izini
qanımızla siliriksə, Dünya bizimdi!
Saniyəsi, dəqiqəsi, ayı, ili var,
ixtiyarı bizdə olan dağı, çölü var,
gözlərimiz tox olarsa - hamı tox olar,
rau böləni bizləriksə - Dünya bizimdi!
Ayırd etmək dadı, duzu - dilə bağlıdı,
hətta duru çeşmələr də lilə bağlıdı,
ögey bilsə, cismimizi saxladarmıdı?
Qucağında ölürüksə. Dünya bizimdi...
12.12.2021
İllər...
Sanki yaman gözlər sehrinə düşdüm,
çəmən göyərmədi, güllər açmadı,
nə həyat dəyişdi, nə mən dəyişdim -
elə bil qapımı illər açmadı,
Qorxdum - danışsam, mənə gülərlər,
"bəxtəvər", ya da ki - "bədbəxt" - bilirlər,
darayıb-hörməyə öyrənən əllər
çələng bağlamadı, tellər açmadı,
Könül çaşmaqdaydı, qələm yazırdı,
gözlər ağlamaqla yuxu yozurdu,
görmürdüm; bəlkə də dağ da qısırdı?
xeyli vaxt dilini sellər açmadı,
Beləcə ötüşdü aylar, fəsillər,
tavrını dəyişdi sazlarda tellər,
düzü; yer üzündən silmədi illər,
amma ki, başıma nələr açmadı?!
03.04.2021
Yaşıdım ağaclardan...
Yaşıdım ağacların neçəsini kəsdilər;
yaşıl-yaşıl gedən də,
pöhrə verib bitən də,
istəyinə yetən də həyat tapıb yaşadı.
Yaşıdım ağacların
hamısı kül olmadı -
başqa-başqa işlərə
yarıyanı da oldu.
Yaşıdım qızların da hər birisi birində;
kimisi O, dünyada -
məleykələr yerində,
kimisin sevinci
dərdi-qəmi-nadinci
əziz nəvələrində.
Yaşıdım ağacların neçəsini kəsdilər;
birini ləngitdilər,
birində-tələsdilər.
İndi Dünyada qalan bir mənəm, bir neçəsi;
birdə ki, xışıldayan
ciyərlərin nəfəsi.
Nəfəs də qəribə şey -
onsuz həyatımızda
vaxtın davamı olmur,
amma ki, içimizdə
aldığımız havanı
tutub saxlamaq olmur.
Yaşıdım ağacların neçəsini kəsdilər...
21.09.2023
Təsbeh çevirəcəm
bu gündən belə...
Tamam dəyişibdir məkanla zaman,
haraya üz tutsan, havası ağır,
təsbeh çevirərdik bekarçılıqdan,
indi telefonlar fikir dağıdır.
Budaqla işləri yarımçıq qoyub,
calaqlar vururuq ağac kökünə,
naqis fətvasına nadanın uyub,
imkan eləmir ki, bilici dinə.
Öyrətdi özümə - "gün ağlamağa",
"maşa" ocağımın közünü eşdi,
qaçırtdı zamanı qabaqlamağa,
zamanın quyruğu əlimə keçdi.
Var-dövlət kor edir şikəst gözləri,
dedilər - "kasıbın iştahı yoxdu!"
hər kəs qabağına eşir közləri,
ocaq ətrafında "maşalı" çoxdu...
Hansı ocaq dürüst? - gedib qalanım,
saf-çürük kim edir "yaxşı"-"yamanı"?
o, saxta, bu - çürük - kimə inanım -
dələduz çıxanda "Allah adamı"?
Yenə xətaları gətirdim dilə,
nə gərək mənimlə məzara getsin?
təsbeh çevirəcəm bu gündən belə -
barmaqlar dövranla haqq-hesab etsin...
02.02.2021
Şuşamız...
Titrətdi könlümün sətirlərini,
bir Ay parçasıdır - göylərdən düşüb.
nə şeyda bülbüllər ləhcələrini,
nə "İsa bulağı" dadın dəyişib.
Sübhədək qoynunda getmişdim huşa -
bu, gecəm o uzaq gecələr kimi.
bizləri sınağa çəkirmiş Şuşa,
yarını sınağa çəkənlər kimi.
Duydum-istəyinə yetişdi, çatdı;
vurdular, qırdılar... cücərdik, bitdik.
nə Şuşa bizləri unudub-atdı,
nə biz Şuşamıza xəyanət etdik.
Qətiyyən sındırmaz bu dərd milləti;
yox, axan qanlar da getmədi hədər;
bizim xislətimiz kişi adəti -
sevginin yolunda can qurban gedər...
16.07.2022
Bir bayatı çağırdılar...
Bir bayatı çağırdılar xarabazar görəndə,
Xan əminin ruhu idi - pərvazınnan tanıdım,
Yağı düşmən fürsət tapıb məkanına girəndə -
Qartal gözün çıxartmışdı - yuvasınnan tanıdım.
Bu yerlərin doğma, əziz hər ağacı, hər daşı,
Qara çınqıl parıldadı - isladanda göz yaşı,
Bəyaz qarı saç qaraldar, göz dərmanı yağışı,
Şuşa çiskin içindəydi - havasınnan tanıdım.
Odlar Yurdu qəlbimizi alovlarda yoğurdu,
Bu ellərin anaları pələng, aslan doğurdu!
Savaş gördüm - biri basıb birisini boğurdu;
Boğan bizim əsgər idi - davasınnan tanıdım.
Dağı-daşı oynadırdı mərmilərin nərəsi,
Qorxa-qorxa boy atırdı nar kolunun pöhrəsi.
Şüşəsində tanış qızın ilğım kimi çöhrəsi -
Dağıdılmış pəncərənin aynasınnan tanıdım.
Sarı qaya dumanlarda; - sanki qəlyan çəkirdi,
Bulud dizin dağa qoyub dəvə kimi çökürdü,
Qara torpaq bir nəfəri öz kamına çəkirdi -
Köç eləyən Şəhid idi - el yasınnan tanıdım.
Azad olan Qarabağım daha şaqraq güləcək,
Alçalmadıq! - yeni nəsil bizi Kişi biləcək,
İlk misramdan bir pərvanə -
"Vahid Əziz" - deyəcək
"özgəsinə bənzəməyən yazısınnan tanıdım..."
09.11.2020
İnqilablar...
Basıb keçdi inqilablar -
Kimləri taxtdan salmadı?!
Kimindən qisas aldılar,
Kimindən varis qalmadı.
Dağıldı şahlar yuvası,
Coşdu ağızlar yavası,
Lənətə gəlsin hamısı;
Dava - torpaq davasıymış -
Bütün saxta inqilablar
yurdumdan torpaq aldılar!
Bağda zay, çürük qalmadı;
Xeyli alaqlar bitdilər,
Əsil bəy-gada olmadı,
Gadaları "bəy" etdilər.
Basıb keçdi inqilablar,
Talandı ellər, obalar,
Xilaskarımız Tanrı var,
O, bizi darda qoymadı...
06.10.2023
Ümidini itirmə...
Ümidin itirib ağlayan qızın
yanağı yağmurlu bahar kimidir,
ya mənə vurulsun, ya az ağlasın -
adamın içində ürək əridir.
Hönkürdü, dar gəldi başıma Dünya,
nədənmiş, görəsən, gördüyü röya?
çatıb qarışdıqca damla-damlaya
məni də özüylə aparıb-gedir.
İstədim özüm də bir damla olam,
axıb dodağında ilişib qalam,
hayıf, vaxtım keçib - daha bihalam,
ləngiyə bilmərəm, karvanım gedir.
Kipriklər ucunda hər damla bir ləl,
azmı çiçək oldu baharda xəzəl?
Bəxtin qapısında ağlayan gözəl,
Dünyamı dağılır, ömürmü bitir?
Ümidin itirib ağlayan qızın
yanağı yağmurlu bahar kimidir...
De...
Xəlq edənə çatsa səsin -
"Dövran gəlsin imana" - de,
"insaf etsin, tələsməsin" -
hünərin var, zamana de,
Özü bilər - nə cür gedər,
bizə nələri öyrədər;
başında sünbül böyüdər,
"Sağol"unu - samana de,
Öyrəndik qullar döyməyə,
güclüyə tərif deməyə,
yaxşını nə var söyməyə!,
Gücün çatsa, yamana de!
Çürüyərsən - kin saxlama,
hər kəmərlə bel bağlama,
yad ocağa söz ağlama;
sənə görə yanana de!
Qadınlar da Şəhid olur...
Həyatda nə desən, olur;
çəmən kimi açır, solur,
bu şərəfli ölüm ki, var -
təkcə Kişiliknən deyil,
Qadınlar da Şəhid olur.
Deyiriksə -"Ana Vətən",
demək - Qadın möcüzəsi
torpağı bizə Yurd edən,
bizimlə sirdaşlıq edən,
silahdaş, ölümə gedən,
qəbrimiz üstündə bitən
Qadınlar da igid olur.
Olmazsa, görünər yeri;
"Leyli" biri, "Şirin" biri -
İgid edən kişiləri.
Amma, təkcə bir xislət var;
dilləndirən könülləri,
gerçək edən istəkləri,
bədbinlərin ümid yeri,
bir də zərif çıçək ətri
yalnız Vətən qızlarına,
Qadınlara aid olur!
Təkcə kişiliknən deyil -
Qadınlar da Şəhid olur...
Gerçək imiş
Koroğlunun dəliləri...
Fərman gəldi, Əmr olundu -
"Yurd, irəli!"
daha bizi bezdirmişdi "Vaxt oyunu",
gerçək imiş Koroğlunun Dəliləri,
44-günlük döyüşlərdə gördük bunu!
Dost qınağı ağır olur yad olanın tənəsindən,
qürbətlərdə dəfələrlə üz qızartdıq, "yerə girdik",
rəzil oldu yağı düşmən həmləmizdən,
biz, möhtəşəm Zəfər çalan
bu savaşa girməliydik!
Mərmilərin bağırtısı yeri-göyü oynadırdı,
hər əsgərin qəlbindəki bir müqəddəs inad idi,
O son savaş düşmənlərə "Qır qazanı" qaynadırdı,
davadakı köhlənlərin hamısı da -
Qırat idi!
Zəlzələtək, sel kimiydi coşan Millət tərpənişi,
Vətənimin hər övladı yenilməyən igid, qoçaq,
arada bir Xankəndi var; o da
beş-on günün işi:
Xan-kəndinə qayıdacaq!
Bu Zəfərin Sərkərdəsi özü
Ali Baş Komandan,
öz hökmü var hər zamanın;
Söz sahibi gələsiydi,
İsmi oldu Vətənimin -
"Qələbəli Azərbaycan!"
Ordumuzun hər əsgəri
bir Koroğlu dəlisiydi...
Gödəyindən...
Kasıba, yoxsula uzun olurmuş -
varlının gileyi - "il gödəyindən",
adamın başını yerə soxurmuş -
ay aman, əlhəzər dil gödəyindən!
Yıxmağa nə var ki? ağırdı qurmaq,
birləşsə-yumruqdu beş ayrı barmaq,
uzundan mümkündür qaçıb-qurtarmaq,
yayınmaq çətindir sel gödəyindən.
Dil batar gözəldə gözün olanda,
yubadar qəlbində sözün olanda,
könül ocağında közün olanda -
ürəkdə çəkinmə kül gödəyindən.
Canını sıxmasın sınan havalar,
hər qışın sonunda ilk bahar durar,
nazına yaraşan-hörüklər olar,
saçın gileylənər, bel-gödəyindən.
Bilmərəm, həyatım nə qədər çəkər?
Göydə, köçəcəyim işıqlı ülkər,
küləklər güllərin ləçəyin tökər,
çiçək xoşallanar yel gödəyindən.
Dünya dediyimiz - sahilsiz ümman,
bura, bir zərrəyəm səmadan daman,
hər vaxt, Vahid Əziz, pay bölən zaman,
özünə, evinə böl-gödəyindən...
21.09.2023
Ağlama, Şəhid övladı...
143 saylı məktəbdə Şəhid övladı
qızcığazın hönkürməsinə
dözmək çətin idi
Ağlama, Şəhid balası,
Ağlama, gözünə qurban,
Könüllərə atəş salan
Qəlbinin közünə qurban,
Ağlama, sözünə qurban,
Getmək üçün inamıyla-
Yurdun bütövlük yoluyla,
Atanın öz al qanıyla
Saldığı izinə qurban,
Ağlama, gözünə qurban,
Dindin-içimdə çağladım,
Nəvəm kimi qucaqladım,
Doluxsundun, mən ağladım;
Ağlama, gözünə qurban,
Səndəki dözümə qurban,
Müqəddəs varlıqdır Ata,
Ulduz oldu alovlarda-
Əbədilik bu həyatda
Ağ olan üzünə qurban,
Ağlama, gözünə qurban,
Ağlama, Şəhid övladı.
Ata...
Nigaran getmədi ata dünyadan -
Çürütdü hesabı qanlı davayla,
Silah götürməyə gücü çatmayan -
Oğul yola saldı xeyir-duayla.
Yaşı xeyli idi-naşı deyildi,
Savaşın əzəldən görürdü sonun,
Zarafat deyildi-müharibəydi!
"Gedər-gəlməzliyin" bilirdi onun.
Oğul yola saldı xeyir-duaynan,
"Qurandan" oxunan "Yasin"lə gəldi,
Ata vidalaşdı Şəhid balaynan;
Ya övlad, ya da ki - Yurd itməliydi.
Qibləgah bildiyi Vətənə görə,
Yeganə oğlunu itirdi ata,
Övlad məzarında iməkləyərək,
Başdaşı tərəfə gedirdi ata...
Qoca sarvan...
Zamanımız beş-altı gün;
mənzilə yetməkdə karvan,
kimi gördün, qoca sarvan,
Dünyada əbədi qalan?
Ora gec yetişən olmur,
yarı yolda düşən olmur,
Dünyayla güləşən olur!
Cəhd eləməz ağlı olan,
Cavabsız qoymaz sualı,
söz ustası qoca sarvan,
sordum - "Nədir dünya malı?"
dedi - "Səni yola salan..."
18.04.2020
Şəhid unudularmı?
"Oğlumun da şəklini paylaşın,
Şəhid balam unudulmasın..."
Şəhid Anası ("Facebook"dan)
O, daha Ulduz olub -
Ovucla tutularmı?
Ana, nigaran qalma -
Şəhid unudularmı?
Anayla qoşa şəkli,
Bəxti - kor gələcəkli,
O, elə nisgildi ki -
Qəlblərdən atılarmı?
Şəkildəki bu oğlan -
Döyüşlərə atılan!
Fikir keçmiş ağlından:
"Vətən də satılarmı?"
Nə cür sıxım bağrıma?
"Can..." söyləyim ağrına?
Torpağı basılanda
Qeyrətlilər yatarmı?
Göylər - yeni Dünyası,
Özü gözlər röyası,
Bacım, Şəhid anası -
Dərdinə dərd çatarmı?..
Məktəbə şagirdin
adı verildi...
Vətəni olacaq-qisasın alan!
Davada ölümlə üz-üzə gəldi,
Bitirmiş, amma ki, qəlbində qalan
Məktəbə Şagirdin adı verildi.
Keçdi həyatından ömrün yazında,
İndi yaşadanı - xatirələrdi,
Bir vaxt şagirdinə "İki" yazan da
Öpüb, başdaşından üzr istədi.
Məktəbə şagirdin adın verdilər,
Sərgiyə qoydular dəftərlərini,
Bir İnşa yazıbmış: "Gənc ölsəm əgər,
şəhidlər yanında dəfn edin məni".
Vətən Qəhrəmanı o, çılğın igid
Minlərlə qəlblərdə alov oyatdı,
Heç kəsə minnətçi olmadan, şagird -
Şəhidlər içində murada çatdı.
Partası boş qalar bu gündən belə-
Qorxusuz-ülküsüz döyüşə girdi,
Bir vaxt oxuduğu kənd məktəbinə
Qəhrəman şagirdin adı verildi...
Dəmir yolların da
sonu olurmuş...
Gəncəyə getməkçün mindim vaqona,
Adamlar sevincək, qəmli, doluxmuş,
Bakı vağzalında inandım buna-
Dəmir yolların da sonu olurmuş.
Qatarçı, məkana tez çatdır məni,
Ürəyim sıxılsa, pəncərəni aç,
Yolların çox olar gəlib-gedəni-
Onlara fərq etməz, ya yeri, ya qaç!
Səsini duyuram sərt təkərlərin,
Qatar da insantək təbil çalırmış,
Ömrün yollarında bəxt gəzənlərin
saçları vədəsiz dənlər salırmış.
Yollar qırılsa da, bitməz səfərlər,
Ömrü tez bitirən möhlətin kəmi,
Uçan təyyarələr, üzən gəmilər
qəlbimi kövrəltməz qatarlar kimi.
Divara dirənib duran qatarın
içi tam boşalıb-yenidən dolur,
Qatar dayanmadan keçən vağzalın
sən deyən elə də sayqısı olmur...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!