Ömür nədir, bir dünyalıq səyahət, Vida anı kim ağlayar, kim gülər... - Süleyman Abdullanın şeirləri

 

Yol haqqı

 

Daha vaxtım ötdü yoldan çıxmağa,

Yola qayıtmağa heçdi, yol haqqı.

Qərib çağlarıdı girinc qalmağın,

Hərə öz yolunu seçdi yol haqqı.

 

Doğru qaydaların çox gopu varmış,

Həyatın nə qədər "hap-hop"u varmış.

Pozduğum qaydanın STOP-u varmış,

Ömrüm ağ zolağı keçdi, yol haqqı.

 

Yoldu, gah tələsə, gah dura getmək,

Getmək qara yola, ağ nura getmək...

Olmur ey, həmişə uğura getmək,

Təzə yol aramaq gecdi, yol haqqı.

 

 

Çıxacağı olan şeir

 

Yaman tələ qurdu bir adı nəsə,

Gördüyüm bu yuxu, gərək, dan çıxa.

Partlayan quş kimi sığmır qəfəsə,

Ürəyim az qala ağzımdan çıxa.

 

Qəlbə düşən çata vurulmaz yamaq,

Olur, yeri deyil susub qalmağın.

Bir başqa ləzzətdir yol qarşılamaq,

Kədəri ayrıdır yola salmağın.

 

Getdi, - nə əl çatan, nə yetəndi səs,

Qayıtmaq da olmur ötən çağlara.

Canımdan ayrıldı "can" dediyim kəs,

Vardı ən yaxınım ən uzaqlara.

 

Qaldıq arzusu kor, ümidləri şil,

Vətəni buraxaq yadamı, dostum?

Təkcə topla deyil, tüfənglə deyil,

Çörəklə vururlar adamı, dostum...

 

Yaşamaq olardı ümid edib də,

Gözləri sozalı qalmağı neynək?

Gedən məni yordu, qəfil gedib də,

Gözümü yollara salmağı neynək?

 

Sıxıldı ürəyim, nə deyim buna?

Yoxluğu canımı sarmış gedənin.

Mən daha ümidin çıxdım sonuna,

Demək, çıxacağı varmış gedənin.

 

 

Heçi olmayan şeir

 

Bu gedişlə gəlməyəcək gələcək,

Nə dayanmaq, nə qayıtmaq olmur heç...

Qara gözü dümağ olur yolların,

Qara baxtı adamın ağ olmur heç...

 

Daha keçib saxta "qadan alım"dan,

Kimdi döyən dizlərinə yalandan?

Nə çıxar ki, dosta quru salamdan,

Min "sağ ol"a bir canı sağ olmur heç...

 

Nə əyridir, bir bax, nəyin düz deyil,

Hər şapalaq qızardan üz üz deyil.

Düz söz üçün güvənməyin düz deyil,

Çöl adamın ürəyi dağ olmur heç...

 

Qəlbi yoxdur atəşə kül deyənin,

İçi boşdur buz üstdən tül geyənin.

Gecə-gündüz dərd çəkib, qəm yeyənin

ürəyində bir damcı yağ olmur heç...

 

Ağ gözünə qara tor çək, gözləmə,

Tənha durub, dayanıb tək gözləmə.

Gözlədiyin gəlməyəcək, gözləmə,

Adam dönüb bir də uşaq olmur heç...

 

 

Su kimi şeir

 

Oyunmu var udulası, dünyada?

Gözlərimi oyub gəldim sularda.

Yer qalmadı tutulası, dünyada,

Əllərimi qoyub gəldim sularda.

 

Gözmü qaldı üfüqləri süzməyə,

Bir ömürü xoşa, bədə düzməyə?..

Mən bir ürək daşıyıram üzməyə,

Üzülməyə doyub gəldim sularda.

 

O limanda körpü yoxdur Sirattək,

Dalğalarla qovğa etdi bir adtək.

Öz yolumu özüm kəsdim pirattək,

Öz-özümü soyub gəldim sularda.

 

Bətni zülmət, işıqlıdır yan üzü,

Dalğalarda can üzülür, can üzür...

Nə ümid var, nə güman var dan üzü,

Sahilləri yuyub gəldim sularda.

 

 

Tapılmaz

 

Hər kəsin özünə görə bazarı,

Məndə sən alası qada tapılmaz.

Bir gün kömək kimi, bir gün təamtək,

Hər ömür çevrilə dada, tapılmaz.

 

"Canım" deyənlərin çıxmaz canları,

Ağırlıq eləmi basar yanları?

Vursan bir-birinə okeanları,

Tənha dolanmağa ada tapılmaz.

 

Bizim arzularda kəsir, qalıq yox,

Tilov gümüşdəndi, qızıl balıq,- yox...

Çıxıb yaşamağa bir ucalıq yox,

Özünü atmağa, ya da tapılmaz.

 

 

Zərə uduzmaq...

 

Dağa vardım nəfəs dərə, gül dərə,

Dağ ömrümü dərə-dərə uduzdum.

Nə gözəlmiş məğlub olmaq güllərə,

Əllərimi çiçəklərə uduzdum.

 

Sübh şehiydi yaş üstümdən sıxdığım,

Dan üzünə çiyələkdi yığdığım.

Xeyir idi zəfər deyib, çıxdığım,

Qəfil çıxdı yolum şərə, uduzdum.

 

Baş qoşmadım başda gələn ada mən,

Heç vermədim dostlarımı bada, mən.

Görk olmadım doğmaya mən, yada mən,

Bir ölümə neçə kərə uduzdum...

 

Çətin olur, - az sevinclə yaşa çox,

Gələn gəlir ayağa yox, başa çox...

Güvənirdim atacağım daşa çox,

Son oyunda düşən zərə uduzdum.

 

 

Özünə dönüş

 

Özümdə deyildim sənə çatanda,

Bir udum nəfəstək dərdim yolları.

Hardasa, bir çiçək şehə batanda

Günəş şüasına sərdim yolları.

 

Dəydi qulağıma su hənirtisi,

Ağaran üfüqdə yamac əyridi.

Çin çıxan yuxuydu gözümdə sisi,

Dağların başında duman səyridi.

 

Başladı quşların sabah oxusu,

Sehrinə daldığım qədim sirdi səs.

Yasəmən ətiri, iydə qoxusu

üstümə min yerdən çiləyirdi səs.

 

Əsən güllər idi ikindi vaxtı,

Qaçdı sübh çağının mehi üstümə.

Biçənək yellənib axdı, nə axdı,

Qondu çiçəklərin şehi üstümə.

 

İşıqsan, batıbsa nura, dörd yanın,

Günəşi görmüşdüm xəyal yerinə.

Əsəb mərkəzindən qaçıb dünyanın,

Yetişdim sükutun ən lal yerinə.

 

Gözəlmiş imana-dinə qayıtmaq,

Dilimdə titrəyən sözümə gəldim.

A doğma yurd-yuva, a meşə, a dağ,

Düşüb havanıza, özümə gəldim.

 

 

Bir ömürlük şeir

 

Sonra unutmağa çalışır adam,

Ətrini yellərə çırpa üstündən.

Ayaq izlərini silmək istəyir

O çəhlim üstündən, bu qır üstündən.

 

Nədir bu tüstünün içində azmaq? -

Bir dayan axırı, bir dur axırı...

Ürək yanğısıyla getdiyin yolun

deyən də olmadı, yoxdur axırı.

 

Nə vaxtsa, hardasa sevinc adında,

Özü dərd, sözü qəm, - kədər qız oldu.

Nə olsun, yapışmır...

uzanır, amma,

Yollar ayağında qırsaqqız oldu.

 

Dünyada hərəyə bir toy tutan var,

Qəlbində qurduğun o yası unut.

Hər kəsin haqqı var unudulmağa,

Sonra...

sonranın da sonrası, unut!

 

 

"Bu da keçər"...

 

"Keçməz" demə heç vaxt heç nə...

Demə, yox!..

Hər adamın ömründən bir vaxt keçər.

Gözlərini yumduğun bu körpünün,

Altından su, üstündən kor baxt keçər.

 

Tale yolu bağlı olmur tamına,

Çıxış üçün bir cız qalar adamda.

Nə olsun ki, sədaqətdə it deyil,

Dar macalda it canı var adamda.

 

Yığılanda su boğaza, qorxma,

Meymununa bala verib yaradan.

Asılmağa, atılmağa bürcü çox,

Satılmağa qala verib yaradan.

 

Təsəllinin bir adı da qədərdi,

İxtiyarı şaha verir, nə olsun?!

Bu dünyada dərddi ucuz, dərdverən

dərmanını baha verir, nə olsun?!

 

Ömür nədir, bir dünyalıq səyahət,

Vida anı kim ağlayar, kim gülər.

Varlı-kasıb, fərqi yoxdur, sonuna,

Eyni yoldan keçib gedir körpülər.

 

Xırmanı da, yabası da cəhənnəm,

Özünə qəsd eləməkdə şərt yoxdur.

Qu da keçər, su da keçər yuxundan,

Qəm eləmə, çəkilməyən dərd yoxdur.

 

Bir gediş var hər adamda müləli*,

Öz yolunu özü seçər, qadası.

Bacar, keçir qıl körpüdən kor bəxti,

"Keçməz" demə, hər şey keçər, qadası.

 

* Müləli-sirli

 

 

Çıxır

 

Dərd çəkməyə var canımız,

Son məqamda qalan çıxır.

Haqdan sözdü olanımız,

O da çox vaxt yalan çıxır.

 

Sevinməyi qoyduq dəmə,

Gözümüz alışdı nəmə.

Satan satsın cəhənnəmə,

Sonumuza alan çıxır.

 

Hər işi düz əyilənin,

Yeməsi var yeyilənin.

Hər "qurulur" deyilənin

alt qatından talan çıxır.

 

Görmək olmur yüz olanı,

Astar sevməz üz olanı.

Düzənliyə düz olanı,

Dağa-daşa salan çıxır...

 

Qan-qarğışdı o ah nəfəs,

Şər düşəndə batandı səs.

Ey yolları kor qoyan kəs,

Arxanca öz balan çıxır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!