Yer üzünə ayaq açan xəyallar Göy üzünü unutdular, deyəsən... - Taleh Mansurun şeirləri

 

Oğlum Fatehə...

 

Gülmə, oğlum, həqiqətə,

Həqiqətlər kədərlidi,

Qədərimiz həyatdan da kədərlidi.

- Həyat nədi?

Kədər,

qədər arasında

mənalanmış bir hədər...

- Kədər nədi?

- Sevinci də, sevgini də

dəmir qəfəs,

Soyuq məhbəs ürəyində gizləyəndi...

- Qədər nədi?

- Hamımızı

gözləyəndi...

Gizlənəndən, gözlənəndən xəbərsizik,

Bu gündən də,

Yaşanmamış sabahdan da,

Ötüb-keçən dünəndən də xəbərsizik...

İzləyirik ömrümüzü,

İzlənəndən xəbərsizik.

Yalanları hamı bilir,

Sən heç kimin bilmədiyi doğruları bilməlisən,

Xəlvət bilib

Gizli-gizli ağladığım bu dünyada

açıq-aşkar,

Lap ürəkdən gülməlisən.

Qazancı az,

İnancı çox bir atan var,

Bu inancının qazancına "Şükür" denən.

Ruzimizi soruşsalar,

"Tanrı varı başımızdan tökür" denən.

Dua eylə,

İstəklərin zamanında

gedib çatar Yaradana,

sözə nə var...

Kim soruşsa, "nəyiniz var?"

Cavab vermə, sirri qoru,

Ürəyimdən-ürəyinə miras qalan

xəzinə var...

Nə olsun ki, bu dünyadan gileyim var,

Səni xoşbəxt yaşatmağa

lazım olan

hər şeyim var...

Yetər ki, sən kiçik qalma, böyü, oğlum...

Ürəyimdə, düşüncəmdə şeirləşən

Sözüm kimi böyüyürsən...

Daha uca olam gərək,

Görürəm ki, özüm kimi böyüyürsən...

Özüm kimi, sözüm kimi böyük olsan,

Zərrə qədər kiçilməzsən.

Öz yolundan, düz yolundan,

Xəyalından, amalından

Vaz keçməzsən.

Bir baxıb görəcəksən,

Sən özün də keçilməzsən...

 

İlahi xəyal

 

Şeir qəlbi şah tutasan, şax qala,

Söz başını düz önündə əyəsən.

Qoşulasan ilahi bir xəyala,

Aradabir gedib ərşə dəyəsən.

 

Azıb yolu duman-çənə düşəsən,

Qızılgülə, yasəmənə düşəsən,

Dönüb şehə - göy çəmənə düşəsən,

Leysan olub, çiçəkləri döyəsən.

 

Şahlar dönür, qullar dönür Allaha,

Qağayılar, qular dönür Allaha.

Ay göz yaşım, sular dönür Allaha,

Bəs nə üçün qayıtmırsan göyə, sən?

 

Batıb-çıxan Günəş insan, Ay insan,

Toparlanıb il olmadın, ay insan.

Cavab axtar, sual vermə, ay insan,

Sən dünyada ən cavabsız niyəsən.

 

Doğma cismi özgə bilməz kəfənin,

Dirildəcək səni, ölməz kəfənin.

Ölüb geysən, əynə gəlməz kəfənin,

Gərək onu dirigözlü geyəsən.

 

Yalan oldu düzdə qaçan xəyallar,

Qanad saldı quştək uçan xəyallar.

Yer üzünə ayaq açan xəyallar

Göy üzünü unutdular, deyəsən.

 

 

Yuxu

 

Göyün xəyalımdı,

yerin yuxumdu,

Sən olan yuxular dərin yuxumdu.

Xəyalım çəkilib, göylərindədi,

Yuxuya dalmışam sənin yerində -

Şirin yuxuların sərin yerində...

Yəqin, oyanmaram özümə qalsa,

Hey yuxu görərdim gözümə qalsa.

Bir də ki, sən özün yaxşı bilirsən,

Sənli yuxuların dayazı olmur.

Yağış, qar töksə də,

ayazı olmur;

Nə qışı, nə də ki payızı olmur.

Sənə düşmən olan sərsəri duyğu

yad olur canımda, özgəyə dönür.

Bulanıq yuxular durulur səndə,

Aynaya çevrilir, güzgüyə dönür.

Bir zaman olur ki , o şən güzgüdə,

Əksimi göstərən o sən güzgüdə

özümü görürəm,

yozuram sənə.

Əlimdən nə gəlir,

nə gəlir başqa?

Ən gözəl şeiri yazıram sənə.

Daha nə istəyirsən,

şeir olursan...

Misraya çevrilib, bəndə dönürsən.

Axtarma özünü, itirmə məni,

adın dilimdədi,

qəndə dönürsən...

 

 

Min il əvvəl...

 

Susamışdı ağızlarda dualar,

Buludların yelinləri sağıldı.

Yerlə göyün arasını vuranlar

İki daşın arasında sağaldı.

 

Döndü göz yaşına gülən sevdalar,

Bir də doğularmı ölən sevdalar?

Ay mənim başıma gələn sevdalar,

Başımdakı ürək deyil, ağıldı.

 

Kürəyində ağrı varsa yəhərin,

Qırx ilə də qanad açmaz kəhərin.

Xəyalını nə cür qurum səhərin?

Bir də gördün, axşam dünya dağıldı.

 

Vəcdə gəldim söz əlindən, danışdım,

Qəşəngindən, gözəlindən danışdım,

Mən ömrümün əvvəlindən danışdım,

Sonrasını bilirsən də, nağıldı...

 

Ürəyimi eşq içində bəslədim,

Nə həsrəti, nə hicranı pislədim,

Kömək umdum, adamları səslədim,

Dörd yanıma şeirlərim yığıldı.

 

Cismim təzə, ruhum qədim, gecikdim,

Yalan çıxdı doğru vədim, gecikdim.

Doğulmağa tələsmədim, gecikdim,

Tayım-tuşum min il əvvəl doğuldu.

 

 

Fələk dostum

 

Fələk dostum istəmədi baş olum,

Canımdakı mərhəmətə darıldı.

Daş bağladım ürəyə ki, daş olum,

Sevgilimin ayna qəlbi qırıldı.

 

Bu dünyaya yüklə gəldi kürəyim,

Yük olmadı sünbüllərə çörəyim.

Bir şeiri ölü doğdu ürəyim,

Bir ağ vərəq yazılmadan cırıldı.

 

Kimsə duymaz sabahların səsini,

Göy ucaltmaz günahların səsini.

Kəsmək üçün silahların səsini

Bir də gördün, söz silaha sarıldı.

 

Çox dedilər, cismi ruha sər, yama,

Güllə dəyən gicgahına tər, yama.

Yanıqlı bir layla dedim dəryama,

Lili yatdı, inci sular duruldu.

 

Fağır canım ağrılardan bezmədi,

Son ümidə ayaq verdim, gəzmədi.

Külünglərin sınmağına dözmədi,

Dağ vüqarlı qaya bağrım yarıldı.

 

Beşik asdım, gor ağacım qırıldı,

Can üstəydi qor, ağacım qırıldı,

Gəmim batdı, dorağacım qırıldı,

Yelkənimə dar ağacı quruldu.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!