Laçın
Laçın mənim dünyamdı,
Laçın iki gözümdü.
Qoy var olsun ordumuz,
Laçın yenə bizimdi.
Suyu, havası təmiz,
Burda yaxındı göylər.
Dağlar qoynunda şəhər
Sənə min nağıl söylər.
Sanki Həkəri çayı
Sevincdən gəlib cuşa.
Burda dağ-daş möcüzə,
Bulaqlar qoşa-qoşa.
Bax, yenə də, nur saçır,
Abadlaşır diyarım.
Laçın qayalarında
Dalğalan, ey bayrağım.
Azad Şuşam
Ordumuzun gücündən
Qorxub qaçdı yağılar.
Şuşanı azad etdi
Şir biləkli oğullar.
Bu yer sanki möcüzə -
Uca dağlar, şiş qaya...
Dolama yollarıyla
Biz qalxırıq Şuşaya.
Hamımız əsgər olub
Durmuşuq keşiyində.
Üzeyirin yurdunda -
Musiqi beşiyində.
Şuşa sənət məbədi,
Gözəlliyin taxtıdır.
Şuşa Azərbaycanın
Mədəni paytaxtıdır.
Bayrağımız
Bayraqların içində
Bayrağımız bircədi.
Onun məğrur duruşu
Necə ürəyimcədi!
Bayraqların içində
Duruşuna can qurban.
Bayrağımız söyləyir:
- Yaşasın Azərbaycan!
Ali Baş Komandanım!
Yatmadı sübhə qədər
Ali Baş Komandanım.
Düşmənlərlə savaşdı
Ali Baş Komandanım.
Qalmamışdı dözümü,
Çox sərt dedi sözünü,
Oydu düşmən gözünü
Ali Baş Komandanım.
Hamı ona "Can!", - dedi,
"Bu müqəddəs an", - dedi,
"Can, Azərbaycan!", - dedi
Ali Baş Komandanım!
Hər Şəhid
bir bayraqdı
Bu ana Vətənimin
Haqq səsidi Şəhidlər.
Min bir adın içində
Müqəddəsdi Şəhidlər!
Şəhid oldu oğullar
Vətən yaşasın deyə.
Qarabağ azad olub
Haqqa qovuşsun deyə.
Şəhidlərin adları
Bütün eli dolandı.
Bayrağımız Şuşada,
Laçında dalğalandı.
O quruca torpağın,
Daşın sağ olsun, Vətən.
Hər Şəhid bir bayraqdı,
Başın sağ olsun, Vətən!
Zəfərdi mənim adım
Mən uşaq deyiləm ki,
Böyümüşəm bir il də.
Altı yaşım olacaq
İndi bu gələn ildə.
Üçrəngli bayrağımdı
Mənim müqəddəs andım.
Adım xoşuma gəlir,
Zəfərdi mənim adım!
Topçu Vüsal
Uşaqlar, yaxşı baxın,
Unutmayın bu anı.
"Topçu Vüsal!" eşidib,
Ekrana baxdı hamı.
Oğul deyərəm ona,
Qəhrəman duruşuna.
Düşmənə od yağdıran
O qartal baxışına!
Qonşular xəbər verdi
Vüsalın anasına.
Ana göz yaşlarıyla
Baxdı nər balasına.
Ekranı qucaqladı
Həyəcandan az qala...
-Anan qurban boyuna,
İgid, qəhrəman bala!
Azad oldu Qarabağ,
Zəfər çaldı oğullar.
Topçu Vüsal, Zəfərdə
Sənin də öz payın var.
Ağdam
Üstündən yellər əsdi,
Yellər sənə neyləyər?
Könlüm səni arzular,
Dilim səni səsləyər.
Ağacların kəsildi,
Yolunu bağladılar.
Evimizi yandırıb
Qəlbimi dağladılar.
Qisasın yaman oldu,
Qoy var olsun Ordumuz.
Yolunda candan keçdi
Şəhidimiz, qazimiz.
Qoynu nəğməli şəhər,
Sən yenə də, bizimsən.
Yenə də, deyəcəyəm
Şəhərlərin gözüsən!
Azərbaycan əsgəri
Oddan-alovdan keçib,
Düşmən üstünə getdin.
Hər barmağın bir silah,
Yağıları məhv etdin,
Azərbaycan əsgəri.
Şimşək kimi çaxdın sən,
Zülməti yarıb qalxdın.
Şuşada bayrağımı
Alıb köksünə sıxdın,
Azərbaycan əsgəri.
Ucaltdın adımızı,
Cəsarətlə, şərəflə.
Sən yenidən doğuldun
Qəlbimdə bu zəfərlə,
Azərbaycan əsgəri!
Yeni bir tarix yazdın,
Sadiq qaldın andına.
Qurban olum mən sənin
Şəhid, qazi adına,
Azərbaycan əsgəri!
Türk bayrağı
Şəhidinin qanından
Doğuldun, türk bayrağı.
Al-qırmızı donunla
Var oldun, türk bayrağı!
Üstündə ay-ulduzun
Ucalığın rəmzidir.
Hər yan türkün bayrağı -
Bir bayraq dənizidir.
Sən həmişə dost oldun,
Qardaş oldun ölkəmə.
Can, Türkiyəm, bilsəydin
Necə heyranam sənə!
Sən adımsan, andımsan,
Türkümsən, türk bayrağı!
Millətlərin içində
Görkümsən, türk bayrağı!
Qız qalası
Başı göylərə çatan
Bir qalam var, möcüzə.
Bu sehrli abidə
Nələr söyləyir bizə?
Elə vüqarla durub,
Əzəmət simvoludu.
Bir sənət incisidi,
İçi sirlə doludu.
Gözəllikdə tayı yox,
Nağıldı, əfsanədi.
Adı Qız qalasıdı
O, Bakının rəmzidi.
Nə yaxşı varsan, oğlum!
Doğum günün mübarək,
Nahid balam, necəsən?
Ürəyimin parası,
Şəhid balam, necəsən?
Bulud kimi dolub, bax,
Anan da, "Salam!"- deyir.
Bacı-qardaşların hey,
Hey səni əzizləyir.
Şəhidlər ölmür, uca
Zirvədə qarsan, oğlum!
Fəxr edirəm səninlə,
Nə yaxşı varsan, oğlum!
Qar yağsın
İstəyirəm qar yağsın,
Qara gün qarda batsın.
Adamlar bir-birinə
Güllə deyil, qar atsın.
Qara günlər ağarsın,
Dünyaya yağsın bu qar.
Qışın tən ortasında
Günəştək doğsun bu qar.
Müharibə sözünü
Görüm qar-çovğun alsın.
Qar yağsın, qoy silahlar
Qarın altında qalsın.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!