Məmməd Sadıq Aran (1895-1971) - Çar Rusiyası dövründə Qarabağ vilayətinin Zəngəzur Qəzasının Sisyan bölgəsində, Rud - Bazarçay kəndində anadan olub. Alxanlı tayfasına mənsubdur.
İlk təhsilini kəndlərində almış, ərəb, fars dillərini öyrənmişdir. Bir müddət Naxçıvanda Rüşdiyyə məktəbində oxumuşdur.
M.S.Aran sonradan Bakı Ali Pedaqoji İnstitutunda da təhsil almışdır.
Türkiyəyə getdikdən sonra, İstanbul Universitetində Ədəbiyyat fakültəsində iki il oxumuş, eyni zamanda məktəblərdə müəllimlik etmişdir. Sonradan Finlandiyaya getmiş və orada bir il Helsinki Universitetində oxumuşdur.
M.S.Aran rus dilini də mükəmməl öyrənmişdir. O, klassik Azərbaycan musiqisinə də dərindən bələd olmuşdur.
M.S.Aran 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü olaraq müstəqil dövlətçiliyimizi müdafiə etmişdir.
1920-ci ilin 27 aprelində, Rusiyanın Azərbaycanı işğalından sonra M.S.Aran yaxın dostları ilə gizli təşkilatda çalışmış, sovet rejiminə qarşı mücadilə etmişdir.
Sonradan, gizli olaraq, İstanbula getmiş, buradakı Milli Azərbaycan təşkilatı ilə əlaqə yaratmış, geri qayıtdıqda Tiflisdə həbs edilmişdir.
Həbsxanada ağır işgəncələrə məruz qalan M.S.Aran məcburiyyətdən özünü "dəli" kimi aparmış, buna uyğun xəstəxanaya salınmış və tezliklə oradan qaçmağı bacarmışdır. M.S.Aran 1923-cü ildə İrana, 1924-cü ildə isə buradan Türkiyəyə getmişdir. Trabzonda bir müddət müəllimlik etmiş, sonra İstanbula getmiş, mətbuat, sosial və iqtisadi sahələrdə Azərbaycan istiqlal mücadiləsini dəstəkləmişdir. O, eyni zamanda, əsası M.Ə.Rəsulzadə tərəfindən qoyulmuş Azərbaycan Milli Mərkəzində də çalışmışdır.
M.S.Aran Türkiyədən Finlandiyaya getmiş, burada İdil - Ural türklərinin uşaqlarını oxutmaq üçün bir məktəb açmış, türkcə və fincə "Yeni Turan" adlı qəzet nəşr etmişdir.
Finlandiyadan İstanbula qayıdan M.S.Aran burada iki ilə qədər "Ulus" və "Cümhuriyyət" qəzetlərində çalışmışdır.
M.S.Aran, eyni zamanda "Azəri Türk", "Türk Yolu", "Ergenekon Yolu" adlı jurnalların da redaktoru olub.
Türkiyədə "Türk Kültürünü Araşdırma İnstitutu"nun yaradılmasında M.S.Aranın da xidmətləri vardır.
O, "Sənan" və s. imzalarla da yazılar çap etmişdir.
M.S.Aranın aşağıdakı kitabları da nəşr edilib:
1. "İran Türkləri". İstanbul, 1942.
2. "Türkün Altun Kitabı". İstanbul, 1944.
3. "Ergenekon yolları (şeirlər)". Ankara, 1952.
M.S.Aran 1971-ci ildə İstanbulda vəfat edib, "Fəriköy" məzarlığında dəfn olunub.
Görkəmli ziyalmız M.S.Aranın şeirlərini oxucularımıza təqdim edirəm.
Məmməd Sadıq ARAN
Yurduma!
Üzündə matəmli kölgələr sezdim,
Ruhuma acılar çökən bir axşam.
Bayğın gözlərində min kədər sezdim,
Saralmış yarpaqlar tökən bir axşam.
Anladım hüznünün səbəblərini,
O incə məlalın bəni yakarkən.
Anladım sevginin hər kədərini,
Ruhuma hicrandan sellər axarkən.
Günəşin qızaran son işıqları,
Hər axşam həsrətlə ruhumu yoldu.
Dağlarda inləyən batı rüzgarı,
Mən kimi min yasla hıçqırıyordu.
"Azəri Türk" məcmuəsi, 18 mart
1929-cu il, il: 2, sayı: (24) 2, səh. 18.
Mayıs
Mayıs, ey ruhumun solmayan gülü!
Sənsən tariximin şanlı tuğrası (sancaq, əlamət)
Mənliyim, əməlim səndə gömüldü,
Silinir səninlə qəlbimin yası...
Əsdikcə üstündə qızıl fırtına,
Soldurur hər il zümrüd başını.
Söylə bağçandakı qanlı Nisana (aprel),
Çalmasın uğursuz zəfər marşını.
Nəqş et sinəndəki qanlı dəftərə,
Günahkar Nisanın qan suçlarını...
Odur çəkən hər gün qanlı məhşərə,
Sənə yol soruşan yolçularını.
Sarsılma qaranlıq yollarda, yolçu!
Qaranlığın hökmü sübhə qədərdir.
Qoş, qoş!.. Görünür yolunun ucu,
Hər yolun mühəqqəq
(doğruluğu bilinən) bir sonu vardır.
Qoş, anlat, bu sağır kainata sən,
Tutuşan könlünün diləklərini...
Qoxlat hissiz duran insanlara sən,
Duyğunun atəşdən çiçəklərini...
Yazdıqca bəşərin qanlı qələmi,
"Həqiqət bul" deyə, masqaralıqlar (əyləndirici).
Mərhəmət etmə, yax bütün aləmi,
Yansın haqq tanımaz canavarlıqlar...
"Türk İzi" dərgisi,
mayıs 1952-ci il, sayı 1.
28 mayıs - Azərbaycan İstiqlal bayramı
Hər il gülümsərkən yeni ilk bahar
Könlümüz tutuşur, içimiz qanar.
Bağrımızda hicran atəşi yanar,
Həsrətlə inləriz, coşub çağlarız.
Ruhumuz Mayısın doğduğu yerdə,
Xəzərin üfüqü boğduğu yerdə,
Atəş qaranlığı qovduğu yerdə
Ömrümüz sönsə də, sönməz əməllər,
Əməl qüdrətiylə çökər əngəllər.
Mayıs təbiətə yeni can verir,
Solan hər filizə (toxumdan
çıxan körpə) təzə qan verir.
Umud çiçəklənir, həyəcan verir.
Süslənir baxçalar, sevinir quşlar,
Çəkilir bağlardan qara bayquşlar.
Təsəlli duyarız qan ağlasaq da,
Sevinclə kədərlər əkiz yan-yana.
Ellərdə kimsəsiz, öksüz qalsaq da,
Könlümüz uzanır Azərbaycana.
Qurtuluş eşqiylə dolar başımız,
Bir ləhzə güləriz, dinər yaşımız.
Ah, zavallı yurdum, Azərbaycanım!
Yalnız sənə vurğun bu əziz canım...
"Türk Yolu" dərgisi, 28 mayıs
1955-ci il, il: 4 sayı: 8, səh. 15.
Ağladı, keçdi
Mən qərib yurdumu andım, ağladım,
Ayrılıq oduna yandım, ağladım.
Könül istəyinə qandım, ağladım,
Göz yaşım sel oldu, çağladı, keçdi.
O mənim köksümdə solmaz bir gülüm,
Andıqca üzünü, tutuşur könlüm.
Ayırır ruhumdan onu bir ölüm,
Bağrımı həsrətlə dağladı, keçdi.
Sırma saçlarını könlümə taxdı,
Pəmbə şəfəq kimi könlümə axdı.
Çaldı imanımı, bağrımı yaxdı,
Boynuma bir zincir bağladı, keçdi.
Mən onun əsiri, o da yağının,
Solmuş qoynundakı gülü bağımın.
Xarabası qalmış əski çağının
Hıçqıra-hıçqıra ağladı, keçdi.
Qaralar geyinmiş, bürünmüş yasa,
Dağları dumanlı, bağrında tasa (üzüntü,
həyəcanlanma).
O yurdun halını bir soran varsa,
O da mənim kimi ağladı, keçdi...
"Azərbaycan" dərgisi,
1970-ci il, il:19, sayı 202
Tufan olacaq
Tufan olacaq cuşa gələn al qanımızdan,
Dünya yanacaq saqlı (saxlanmış
olan) duran vulkanımızdan.
İstərsə cəhənnəm saçılıb ərşi qovursun,
Göy parçalanıb ildırımı ərzə sovursun,
Hər səmti alovlarla qızıl zincirə vursun.
Tufan olacaqdır yenə coşqun qanımızdan,
Dünya yanacaq saqlı (saxlanmış
olan) duran vulkanımızdan.
Yurdun əzəli atəşi sönməz ocağında,
Minlərcə kəfənsiz yatır hər bucağında.
Dul qaldı gəlinlər, yetim ağlar qucağında,
Gördükcə bu vəhşətləri keçdik qanımızdan,
Dünya yanacaq saqlı duran vulkanımızdan.
Çıxsın yola dağlar və dənizlər hər addımda,
Yol keçməyə şimşək hızı titrər qanadımda.
Türküm babamın şatvəti (sındırıcı güc)
var şanlı qanımda,
Dağlar yıxılır fışqıracaq al qanımızdan,
Göy sarsılacaq saqlı (saxlanmış olan)
duran vulkanımızdan.
"Azərbaycan" dərgisi,
1971-ci il, il: 19, sayı 203, səh. 5.
Yanıq yolçular
İstiqlal savaşının qəhrəmanlarına
Çıxdıq bağrı yanıq, uzaq yollara,
Yolumuzda atəş, qızıl qan vardı.
Biz uca diləyə ulaşmaq üçün,
Köksümüzdə sönməz bir iman vardı.
Bir anda kükrədik, sel kimi daşdıq,
Qasırğalarla biz sanki yoldaşdıq.
Keçilməz sanılan dağları aşdıq,
Önümüzdə qandan bir tufan vardı.
Qoşduq bu yollarda, bağrımız yanıq,
Boğduq haqsızlığı, Tanrımız tanıq (şahid).
Obamız, köyümüz, şəhrimiz yanıq,
Hər şeyi məhv olmuş bir vətən vardı.
İndi gəlişdikcə hər il yaşımız,
Göylərə ucalır şanlı başımız.
Dinmiş (bitmək, durmaq)
gözümüzdə artıq yaşımız,
Bizi alqışlayan bir cahan vardır.
"Azərbaycan" dərgisi,
1972-ci il, il: 21, sayı 205, səh. 1.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!