Yaxşı ki, yoxsan… - Xəzər SÜLEYMANLI - şeirlər

Yaxşı ki, yoxsan…

Mən indi beləyəm ilin hər günü

Qaranlıq adamı, gecə adamı.

Mən indi bir az da içki düşkünü,

Mən indi bir az da küçə adamı…

 

Kaş sənə hər şeyi danışa bilsəm,

Mənə məskən olub soyuq səkilər.

Mən indi səninlə üz-üzə gəlsəm,

Gözümdən gözünə yuxu tökülər…

 

Bilsəm ki, sonunda lap ölüm də var,

Dərdə də düşmərəm sonuma çıxsan.

Hələ bir yalandan təsəllim də var,

Mənim bu günümdə yaxşı ki, yoxsan…

 

Balıq yaddaşı

Bu dəniz ömrümün qum sahilinə

Axır ki, məni də atdı tənhalıq.

Yoxsul taleyimə, kasıb bəxtimə,

Baxıb gülümsəyir bir qızıl balıq.

 

Köhnə xatirələr ləpələndikcə,

Gözümün yaşına qarışır sular.

Bu sonsuz dənizin bətnindən indi,

Beləcə doğulur, ölü arzular.

 

Bu nə vahimədir, bu nə təlatüm?!

Dalğalar elə bil durur qəsdimə,

Dənizi çaşdırıb oğru görkəmim,

Köpək balıqları hürür üstümə.

 

İndi bu vahimə, qorxu içində,

Bir ümid doğulur hər addımbaşı.

Haçansa məni də xatırlayacaq,

Bir su pərisinin balıq yaddaşı.

Günahkar

Nə desən haqlısan, mənəm günahkar,

Üzünə baxmağa utanıram mən.

Niyə and içirsən, uşaq kimiyəm…

Sən yalan desən də inanıram mən…

 

Demə ki, xoşbəxt ol, çat arzu-kama,

Çılğın gəncliyimin sönən dəmidir.

Bu sanki gözü kor olan adama,

"Gözün aydın olsun" demək kimidir.

 

Daha öz səsim də mənə yad olub,

Hardasa ağlayan körpə səsitək.

Mənim gözlərimdə həsrət iz salıb,

Körpələr evinin pəncərəsitək…

 

Ağ günə çıxdımı qara gözlərin?

Yuxumu gözümdən oğurlayan qız,

Ag günə çıxdımı qara gözlərin?

Elə ağladım ki, arxanca sənin

Yuyuldu yollardan ayaq izlərin…

 

Daha tükənmişəm, daha bitmişəm,

Sənin nə vecinə, rahat yatırsan…

Mən sənə haqqımı halal etmişəm,

Sən niyə yuxuma haram qatırsan?

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!