Bu yalan dünyamızda qosqoca nağılçıyam... - Şeirlər. Şövkət Zərin Horovlu

 

Şeirimsən, külək

 

Bu külək səngimir axşamdan bəri,

Özün pəncərəmə toxuyub gedir.

Elə bil ozandı, əlində sazı,

Külək nəğməsini oxuyub gedir.

 

Küləyə qoşulub yol gedirəm mən,

Bir həsrət üşüyür baxışlarımda.

Yuvasız quş kimi sarı yarpaqlar

Uçunur ağacın koğuşlarında.

 

İçimdə çırpınan qəm küləkləri

Titrədib canımı sıxır bayaqdan.

Əcəl küləyidi bəlkə bu yaşda,

Başımda şimşəktək çaxıb bayaqdan.

 

Külək yaddaşımda görən qalıbmı

Hər gecə yuxuda kəndə getməyim?

Qapımızda paslı qıfılı görüb,

Onunla çöllərdə gecələməyim?

 

Sübhətək gözlərdim hər gəlişini,

Köhnə sirdaşımsan, sehrimsən, külək!

Pəncərəmi döyüb xəfəki ötmə,

Sən mənim nəğməli şeirimsən, külək!

 

 

Ruhuna qatana qədər

 

Xoş gördük, şəhid anası,

Salam, müqəddəs qadın,

O gündən bu günə yana-yana,

Göynəyə-göynəyə şeirlərimə düzüldü,

Gözlərimdən ağ vərəqə

Damcı-damcı süzüldü adın.

Necə yatırsan, ana,

Qarışırmı heç yuxun?

Danışırmı səninlə gecə mələklərlə enən

Pəncərəndə kölgə görünən oğlun?

Tək böyütdüyün yetim,

Ana, deyə çağırırmı heç səni?

Bir an qızınmaq üçün

Axtarırmı qoynunu, gəzirmi əllərini?

Suyu sovulan dəyirmantək

Bir dam altında təksən, tənhasan,

Nə hənir var, nə də səs,

Tənhalığın dilini, nə təhər öyrəndin bəs?

Oğlunla görüş üçün, bilirəm, darıxmısan,

Dünyaya oğlunun gözlərindən baxmısan.

Qara geymə əyninə, qara demə bəxtinə,

Dualar et Yaradanın uca taxtına.

Ruhunu sındırma, ruhunu qoru, qadın,

Asan bilmə ruhsuz yaşamağı,

Cismi sona daşımağı.

Yaxanı isladan,

Səni selində axıdan bilirəm, yağış deyil,

Göz yaşlarında elə,

Sağmısan buludlardan

Ömrünü yandırsan da

            ruhunu yandırma qurtar dardan,

Ruhunu yaşat, ana, sona çatana qədər,

Oğlunun ruhuna qatana qədər.

Damdım şeirlərimə

 

Yovşandan öyrəndim şeir yazmağı,

Min illər boyunca qoxusu itməz,

Çöllərə sevdalıdı, yeri dəyişməz,

Yuxusu bitməz

Astarı - üzü bir,

İlqarı, sözü bir, heç nəyə bənzəməz.

Qorxusundan min-milyon illərin səsi gələr,

Ölmüş duyğular

Unudulmuş sevgilər dirilər,

Dağların əzəmətindən əzəlliyindən

Öyrəndim şeir yazmağı,

Yağıya yol verməz, yada baş əyməz,

Meşələrin sərinliyindən,

Dənizlərin, göllərin dərinliyindən,

Bir də çiçəklərin, güllərin gözəlliyindən,

Göy üzünün sevgisindən

Öyrəndim şeir yazmağı:

Nə onların sevgisi tükəndi,

Nə mənim sözüm bitdi,

Nə ümidim itdi.

 

Aydan, Günəşdən öyrəndim şeir yazmağı,

Torpağa,

Dənizə, ağaca, yarpağa, insanlara

Səxavətlə verərlər atəşlərini,

Əsla bölməzlər sevgilərini,

Mənim kimi.

Arazdan öyrəndim şeir yazmağı:

İki sahil ağrısını çəkə-çəkə,

Həsrət yağışını sularına tökə-tökə.

Daşı-daş, quşu-quş, böcəyi-böcək,

Şəlaləni qayalardan atılan hörümçək kimi

Söz-söz, heca-heca şeirlərimə süzdüm.

Qoca palıddan, Xan çinardan

            öyrəndim şeir yazmağı.

Ayaqları torpaqda,

Əlləri haqda,

Ögeylik, doğmalıq bilməzlər,

Gəlib-gedənə yol göstərər,

Dözümlərindən, dözüm verərlər.

Daha nələrdən, nələrdən öyrəndim

Şeir yazmağı...

Quş necə uçursa,

Budaq necə tumurcuqlayırsa,

Yarpaq necə açırsa,

Bulud necə dolursa,

Yeddi rəng "Qarı nənənin cecimi"

Aləmi necə işıqlandırırsa,

Arılar necə bal çəkirsə

Çiçəklərin göbəyindən,

İrmaq necə damırsa daşların bəbəyindən,

Mən də eləcə damdım

Şeirlərimə.

 

Fransa, Strasturq 2016

 

 

Özüm payızam

 

Yenə astanada dayanıb payız,

Durnalar həvəssiz uçub gedirlər.

Qucağı ayrılıq dolu payızda

Nədənsə qocalar qəhərlənirlər.

 

Göyləri dəli bir ağlamaq tutur,

Sonuncu yarpağı qoparır külək.

Ağaclar təkliyin qəmini çəkir,

Xəyalı dumanlı tənha qadıntək.

 

Artır saçlarında bəyaz dumanı,

Dolaşır əzəlki cığırı, izi.

Fikirlər qarışır yol ayrıcında,

Qəfil doluxsunur payızın gözü.

 

Qaranlıq uzanır gecə boyunca,

Bir dünya sirri var onda hər anın.

Üzündən-gözündən xatirə yağır,

Əlləri qoynunda duran qadının.

 

Köçür aram-aram payız duyğuma

Çətin bu ovqata nə isə yazam.

Özümə baxıram,  bir də payıza,

Nə deyim, axı, mən özüm payızam.

 

 

Duz çevirirəm

 

Yelkənsiz gəmiyəm suyun üzündə,

Bilmirəm, dünyada nə üçün varam.

Düyününə salıb ümidlərimi,

Mən belə dünyayla ta barışmaram.

 

Kiçik bir zərrəydim göyün üzündə,

Rəngbərəng yalandan, günahdan uzaq.

Kürəyimə alıb dərd şələsini,

Sərgərdan yolçuya döndərdi nahaq.

 

Bir əzəl sevdanın dadından ayrı,

Gözümə dəmadəm yaş qazanmışam.

Yaşıl illərimi əynimdən töküb,

Yazımı itirib qış qazanmışam.

 

Dərdimi üyütməz dərd dəyirmanım,

Yükü çəkəmmirəm mənzil başına.

Ömür də yorulub, güman da gedib,

İnamım qalmayıb ömür yaşına.

 

Bir qəm adasına sanki sürgünəm,

Ayımı, ilimi yelə verirəm.

Özümlə bir kərə görüşüm deyə,

Hər günün başına duz çevirirəm.

 

 

Qoru, İlahi

 

Kişilərimiz, oğlanlarımızla birgə

qız-qadınlarımız da şəhid sayılırlar

 

Bu qız nigarandı, pərişan gəzir,

Qəmli baxışları yolları üzür.

Həsrət yağışları gözündən süzür,

O gedən igidi qoru, İlahi!

 

Sevgisin əmanət verib, gedirdi,

Saçlarından bir tel dərilib, gedirdi.

Şəhidlik zirvəsin görüb gedirdi,

O gedən igidi qoru, İlahi!

 

Gecə kipriyilə səhəri açır,

Təzə qanadlanıb sevgiyə uçur,

O gedən igidi qoru, İlahi!

 

Xəyal misallıdı, danışıb-dinmir,

Yuxusu qayıdıb yerinə dönmür.

O qız da şəhiddi, özü də bilmir,

O gedən igidi qoru, İlahi!

 

Bəxtinin ulduzu ta sönüb axır,

Başında tufanlar, şimşəklər çaxır.

Bir Şəhid göylərdən o qıza baxır,

Özün o Şəhidi qoru, İlahi!

 

Görüşürük hərdən

 

Kənddə həyətimizin yaxınlığında

Tənha tut ağacı vardı,

Yol qırağında,

Hamı ona möcüzəli ağac deyərdi,

Gəlib-gedən şirin barından yeyərdi.

Mən də anamdan gizli

Ağaca dırmaşardım,

Başdan-ayağa tut rənginə bulaşardım.

Yayda kənd uşaqları sallanıb

Qanadlarını əyərdi,

Qışda qar-şaxta başına döyərdi.

Küləklər fırfıra kimi dolanardı dörd yanında,

Sarı payız yarpaqları yuvalanardı koğuşunda

Tut ağacı dinməzdi, dözərdi,

İçinə çəkilib tənhalığını kiridərdi

Nə sirdisə yarpaqları elə hey xışıldayardı,

Ətrafa həzin, kövrək zimzümə yayardı,

Sanki nəğmə dilində ağlayardı.

Nənəm bizi ovudardı.

İsax-Musaxdı həsrətini,

Ya Anadildi, nəğməsini oxuyur

Yuxularınıza - deyərdi.

Gözümüzün qabağında kəndimiz öldü bir gün,

Tut ağacı da yox oldu,

            İsax-Musax da, Anadil də,

Görən olmadı bir də,

Nənəm də dözmədi kəndimizin yoxluğuna,

O tut ağacı hər gecə yuxuma gəlir,

Yenə həzin zümzümələr eləyir

Onda olanlardan indi heç nə heç kim yoxdur.

 

Bu yoxluqda nə kəndimiz,

Nə möcuzəli tut ağacı var,

Nə nənəm, nə uşaqlığım, nə də mən,

Yuxularda görüşürük - hərdən.

 

 

Nağılçıyam

 

Bu karvan ləngər-ləngər

Yön alıb özbaşına,

Şair də köks ötürüb

Baxır ahıl yaşına.

 

Uzandıqca-uzanır

Dünyanın karvan yolu,

Karvanın çəkdiyi yük

Həsrət dolu, qəm dolu.

 

Ruhunun yedəyində

Gedən uçur quş kimi,

Getdiyi yolun sirri

Açılmayıb hələ ki.

 

Ömrüm də son şeirimtək

Bir gün əldən düşəcək,

Tanrının dərgahında

Ruhumla görüşəcək.

 

Ruhumun kölgəsində

Baş daşımı görürəm,

Hər kəsdən gizli özüm

Özümü dəfn edirəm.

 

Eh... Darıxma, ay könül

Nə əzəl, nə axırdı,

Ömür uydurduğumuz

Qorxulu bir nağıldı.

 

Mən də ömür nağılında

Azan qərib yolçuyam,

Bu yalan dünyamızda

Qosqoca nağılçıyam.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!