Getmə, bütün dualar gözümdən düşür... - Tural Turanın şeirləri

 

***

Günəş baxdı, çiçək oldun,

Yaxdı məni, çiçək odun...

Bir ölümün gecə adı,

Yuxumun pəncərəsisən.

 

Divarların qan yaddaşı

Buludların üstə aşır.

Ayrılığın ağıl dişi,

Qorxumun pəncərəsisən.

 

Tanrıların üzü dönür,

Ovcunda gizlə bu dini!

Bir duanın doğum günü,

Ağrımın pəncərəsisən.

 

 

***

Bu gecə payızın yuxusu qaçıb,

gözləri yumulmur göy üzünün də.

Baxır kor ovcundan Tanrıya sarı,

öpür duaların payız üzündən...

 

Bu gecə payızın yuxusu qaçıb,

baxır pəncərədən dan papağına.

Hərdən oğrun-oğrun gözünü açıb,

baxır buludların göz qapağına...

 

Bu gecə payızın yuxusu qaçıb,

qorxur yarpaqların sarı rəngindən...

Səssizlik notundan qorxmasın deyə,

gözləyir bayırda qapı zəngi də...

 

 

***

Payızın dan rəngiyəm,

məni saxla yadında.

Son telefon zəngiyəm

bir günahın adından.

 

Gəlib tutdu yaxamdan,

bir küsməyin qoxusu.

Yenə qaçıb bu gecə,

ayrılığın yuxusu...

 

Yaddaşını yuyuram

bir ovuc göz yaşının.

İndi xatirən qatır

duamızın başını.

 

 

***

Tut əlindən bu kimsəsiz soyuğun,

Şaxta vuran anımızı isidək.

Duaların dodağında uçuşaq,

Göy üzündə qanımızı isidək.

 

Uzaqların qucaqlayaq boynunu.

Alın yazımızın pozaq oynunu.

Dəyişəkmi tanrıların əynini,

Son nəfəsdə əynimizi isidək?!

 

Yenə sabahların çatılır qaşı.

Yenə duaların tökülür dişi...

Açıb qucağını gülür kişmişi...

Deyir, tez gəl, sonumuzu isidək...

Tut əlindən bu kimsəsiz soyuğun.

 

 

***

Getmə, uzaqlar da qayıdır,

getmə, yetim qoyma ayaq izini.

Getsən nəbzi dayanar göy üzünün,

getsən, özünlə apar alın yazımı...

 

Getmə, oktyabr ayıdı;

Getmə,

güllələmə payızın saralan yanaqlarını,

dar ağacına çəkmə cümə günlərini...

...Getsən, dodaqlarımı da apar özünlə,

Dola boynuna şərf kimi,

üşütməsin göz yaşımın soyuğu.

 

Heç olmasa, indi getmə,

cığırlar yuxuludu,

küçələr uyuyur.

Getmə, əynini dəyişir,

birdən utanar dan yeri.

Getmə,

bütün dualar gözümdən düşür.

 

 

***

Tanrı bildim bir kölgənin oynunu,

Alnımın notunu yazdı qanıyla.

Ayrılığın o bükülü boynunu

Ölçdü ay işığı öz qapanıyla.

 

Son nəfəsin fotosuna uduzdum.

Göz yaşımın butasına uduzdum.

Mən ölümü atasına uduzdum,

İndi ölüm əlləşir öz canıyla...

 

Şam kimi əridi dualarım da;

Yıxıldım bu axşam dualarımdan.

Pozuldu yuxusu boyaların da,

Od olub oynayır öz dumanıyla...

 

 

***

Oğlum, oğlum, gözəl oğlum,

Hər ağrının bir dişi var.

Hər gülüşün, hər sevincin

Yoxa çıxan keçmişi var.

 

Hər baxışın duman-çəni

Gəlib üzünə söykənir.

Küsdürmə yetim kölgəni

Onun da öz vərdişi var.

 

Süd verəndə sözün döşü,

Bir yad ocaq öpər qışı...

İtkin düşən o öpüşün

Axı, səndə nə işi var?!

 

Yapış bir izin dişindən,

Yuva tik ruhun qumaşından...

Boyunu ölç Günəşin də,

Hər ölçünün ağuşu var...

 

 

Unuduram

 

Rüstəm Behrudiyə

 

Hardasa işığın qoxusuna vurulur

göy üzünün yaddaşı.

Hardasa qaranlığın əlindən tutur

unudulmuş payız notu.

Hardasa güllələnir

dan yerinə düşmüş dualar.

Hardasa Tanrının özünə qarışıb başı...

Hardasa

düyməsi qırılmış ağ bulud,

başını qatır yuxusu qaçmış bir odun.

Mənsə yaddaşımın rəsmini çəkirəm

boz çöllərin qan qırmızısı köynəyinə...

...Və unuduram

təqvimlərdən yıxılıb düşən

            bütün doğum günlərini.

Unuduram alınyazımın qanadlarını...

Unuduram, dar ağacının kəsilmiş saçlarını...

Unuduram!..

Unuduram kölgəmin baş hərflərini də...

Bircə

son nəfəsimin əlində tutduğu

gözləri qaralmış işıqdan savayı.

 

 

***

Bütün kölgələr susur,

saatlar kiriyir burada.

Su üzündə yuxuya gedir

payızın gözyaşları.

Xəzəllər tabutunu axtarır

kötüklərin üzərində...

Ağaclarsa,

yuxuya gedib bir baltanın kölgəsində.

Mənsə kötüklərin yanaqlarından

qırışlarını təmizləyirəm

sentyabrın acığına.

Qəfildən gəlib alnımdan öpür,

əli çəlikli bir külək.

Mən yox,

həyat yoldaşım tanıdı

həmin küləyi öpüşünün səsindən...

 

İsmayıllı, Qaranohur

 

 

***

Məktub yazma, ağ kağıza gülümsə,

Göndər mənə, biləcəyəm halını...

Hər gedişin qayıdışı ölümdü,

Yorulanda gözləyirəm yolunu.

 

Ağ şərfini saxlayıram hələ də,

Boynuna doladım hər xatirənin.

Yorğanı çək, bax, üşüyür ayağı,

Mənsiz yatammayan bir xatirənin...

 

Yuxunu söndür gəl, lap ölümsayaq,

südü bitən ağrı, bəlkə, kiriyə...

İçimdə adını çəkmişdim bayaq,

Divarda şəklin döndü geriyə...

 

Payız da bu gecə yorğun, əsəbi,

Sənli xatirələr gözümdən axır.

Səsinə inanmır saat əqrəbi,

Sənmi gəldin - deyə qapıya baxır.

 

 

***

Küçələr yoluna çıxdı son dəfə,

işıq dirəkləri alqışa tutdu.

Qoluna girdiyin həmin məsafə,

sən gedən gecəni qarğışa tutdu.

 

Ayrılıq sözü var hər bir ətirdə,

bəzənib yenə də bir addım səsi.

Boynubükük baxır xatirələrdən

payızın sonuncu şənbə gecəsi.

 

Nəbzini donduran bir ürkək baxış,

öpdü bu gedişin dodaqlarından.

Rəsmini çəkibmiş o həmin yağış,

göz yaşın gülürdü yanaqlarında...

 

Təqvim güllələmək gəlməsin asan,

fəsillər bakirə, qatil utancaq!...

Əgər bir gün məndən ötrü darıxsan,

hər gün unutduğun duaya bir bax...

 

 

***

Uçurdu,

uçurdu tanımadığım saat əqrəbləri

kölgəmin daşlarını.

Sonra içirdi dualarım

içirdi doğum günümə

ölümcül həbləri...

Ardınca girov götürdü gülüşlərimi,

girov götürdü

ötən payızın sonuncu bazar günü.

Göz yaşlarımsa əlil oldu

dekabrın yuxusuz səngərlərində...

Bir gün üz-üzə gəldik yanağımdakı qaranlıqla;

Öpdü gözlərindən alınyazımın.

Və dedi:

- Gözlərinlə o qədər əlbəyaxa oldu ki,

çapığı var göz yaşlarının.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!