"Vaqif - payızda ayağının altındakı xəzəllərə ürəyi qanayan adam..." - Vaqif Bayatlıya həsr olunmuş şeirlər

 

Ramiz Rövşən

 

Çıxır

 

Ələ qələm alan kimi,

Sətirlər qaralan kimi,

Köynəyə çıxan qan kimi,

Kədərim varağa çıxır.

 

Canımda sözlər sıxılır,

Artır, üst-üstə yığılır,

Yüz nəğmə batır, boğulur,

Bir nəğmə qırağa çıxır.

 

Küsən çox şair sözündən,

Öpən yox şair gözündən.

Şeirin astarı üzündən

baha çıxır, baha çıxır.

 

Rüstəm Behrudi

 

Təkbaşına yürüyən Adam

 

Hər kəsin həyatında özünü Tanrı kimi

hiss elədiyi bir an mütləq olur.

 

...Ölməmişdən əvvəl

gözlərində ölümün

şəklini gəzdirən

o adam kimdi elə?!

O adam kimdi elə,

Unudub, səhv salıbdı

sahili dəniz ilə...

...Vaqifi gördüm dünən,

Görüşməmişdik

bütün il boyu.

Dünən Vaqifi gördüm,

Tələmtələsik yürüyürdü

bulvarda sahil boyu...

Yürüyürdü,

Səhrada təkbaşına yürüyən

İsa kimi -

Qorxa-qorxa, təngnəfəs;

Elə bil qovurdular onu,

Ancaq sahildə

yoxuydu heç kəs...

 

Vaqif - payızda

ayağının altındakı xəzəllərə

ürəyi qanayan adam,

Vaqif - quşları göy üzü,

balıqları dəniz,

dənizləri yosun,

torpağı məzar,

Ayı qardaşsız qız kimi

tanıyan adam.

Təkbaşına yürüyürdü Vaqif,

Yürüyürdü, qorxa-qorxa,

yeyin-yeyin...

...Sonbaharda,

37 il bundan əvvəl

tanışdıq onunla

toyunda Elçibəyin.

Qısa bir tanışlıq oldu -

Bəyin əlində badə:

- Vaqif, tanış ol,

Bu bir yalqız qurddu, adı - Rüstəm,

Rüstəm, bu da sevdiyim şair -

Vaqif Cəbrayılzadə...

(Bilirdim mən -

Bəyin xoşu gəlmirdi

Mənim imzamdakı "i"-dən

Və Vaqifin "zadə"sindən)

Yadımdadı, illər sonra

Bir sonbahar gecəsi...

Əkrəm, sən, mən, Elçibəy,

bir də yağışın səsi...

Və bir də Bakının

ən uzun bir küçəsi...

Gözümüzdə yaş vardı,

yaş vardı gilə-gilə;

Gecəni dolduracaq

bir nəğmə oxuyurduq:

"Qaragilə, ay Qaragilə".

İndi o günləri

xatırlayıram, yana-yana;...

Sonralar Vaqif

mənim ilk şeirlərimi çap elədi,

Mən də 7 ildən sonra

çap eləyib ad qoydum

onun ilk kitabına.

Sahildə təkbaşına yürüyür

bir adam

Danışa-danışa özü-özünə,

Dua oxuyur göy üzünə:

- Yer üzündə bir işim,

bir işim qaldı ancaq, -

Göyü yerlə, duanı ahla,

Adamları şeytanla,

Şeytanı Allahla,

Allahla barışdırmaq.

Dünən Vaqifi gördüm;

Ah, səni, ahıynan daş üstdə

söz oyan uşaq;

Ah, səni, Vaqif -

Qonşu toyuna,

On çəpər o tərəfdə

özü-özünə oynayan uşaq.

Hələlik, Vaqif, hələlik,

gülə-gülə,

Ancaq, yadında saxla,

Yarımçıq qalan bir mahnı

indi də öldürür məni,

Mahnının adı -

"Qaragilə, ay Qaragilə".

 

Adil Mirseyid

 

Vaqif Bayatlı Önərə

 

Röyada şair öldürdüm,

Tanrım, necə qıydın ona?

Gözlərini qapadım

barmaqlarım yana-yana.

 

Tanrım onun hücrəsində

sənin şamın yanırdı.

Bəlkə sənə hamıdan çox

o zavallı inanırdı.

 

Mən qurda bənzəyirəm,

O da bir son məcnuna.

Tanrım, mənim əlimlə

necə qıydın sən ona?

 

Rəşad Məcid

 

Yuxuda nə görüb bu qız?

 

On yeddisində bir qız

yolda öz-özünə gülümsəyəndə

Ya dalınca Ay gəzir,

Ya da üzündə-gözündə Ay işığı.

        Vaqif Cəbrayılzadə

 

Ayrılmayıb yuxusundan,

Yuxudakı duyğusundan,

Üzü gülüş, sözü gülüş,

Üzü Günəş, sözü Günəş -

Yuxuda nə görüb bu qız?

 

Bu gecə qəlbində yatıb,

Gözlərində doğub Günəş.

Gözlərindən baxır Günəş -

Yuxuda nə görüb bu qız?

 

Qanadı olsa uçar,

Qucar mavi səmanı.

Sevindirmək istəyir

Sevinciylə hamını.

 

Dönüb göy üzünə üzü,

Günəşi gəzdirir gözü.

Yumuldu, qatdandı dizim -

Yuxuda nə görüb bu qız?

 

Səxavət Sahil

 

Su kimi

 

Bahardan bəri

susuz qalmış nar ağacıyam.

 

Yarpaqlarım saralıb

yayın ortasında,

quruyur meyvəsiz budaqlarım.

 

Qarlı qışdan qabaq

əcəl gəzir həndəvərimdə,

bəlkə, heç

payıza da çatmadım.

 

Əllərinin qoxusunu

ciyərimə çəkmişdim su kimi -

Sən yenidən əkmişdin,

göyərtmişdin məni.

 

İndi suyumu kəsib,

saraldırsan yarpaq-yarpaq;

qaranlıq çökür gözlərimə -

bir mənəm,  bir ölüm, bir də torpaq.

 

Fərid Hüseyn

 

Qanadlı Vaqif Bayatlı Odərin qanadlı

Tamam Bayatlıya dedikləri

 

Sən mənim fərqimə varanda,

mən sənin fərqinə varanda

yenidən doğuluruq biz.

Tanrının  baxdığı yerdən

dünyaya boylanırıq biz.

 

Biz o yerdən baxdıqca,

biz o göydə qaldıqca,

səslər sığmır səsimizə,

sözlər sığmır sözümüzə,

ürək sığmır sinəmizə,

dünya sığmır gözümüzə.

 

Elə həmin an, həmin dəm,

Bizə hamıdan yaxın olan

Tanrı "yüyürüb" köməyə

səsə bir az meydan açır,

sözə bir az meydan açır,

tez böyüdür köksümüzü,

böyük açır gözümüzü.

 

Böyüyür dünyanın yeri

çatır bütün sevənlərçün.

Şükür, bizsə, gen dünyada

hər dəfə  - dönə-dönə

bir də varrıq fərqimizə.

 

Biz vardıqca fərqimizə,

Allah biz dayanan yerdən

baxır bizim oğlumuza.

 

 

Odər Bayatlı

 

Anama və atama

 

Dünyada üç adam yaşar -

biri gözəl Ana,

biri Odər,

biri Ata,

onlar üçü bir yerdə

sevgilidilər bu anda!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!