Öldürücü məhəbbət
ekspressiyası
Sən dözülməz adamsan,
sevginə dözmək çətin.
Ayrılığın nə asan,
nazına dözmək çətin.
Sən dilini bilirsən
hüznün, qəmin, məlalın.
Səndən vəfalı imiş
bu ərköyün xəyalın.
Sən sevgini öldürüb
üstümə atıb getdin.
Mən ki İsa deyiləm,
nəfəs verib dirildim.
Ayrılıqla oynama,
qəlbi külə döndərir.
Rüzgar da nə ki dərd var,
yığıb bizə göndərir.
Sən ki payız deyilsən,
ürəyimi saraltma.
Ağ günlərin xətrinə
get, qanımı qaraltma.
Sən dözülməz adamsan,
sevginə dözmək çətin.
Ayrılığın nə asan,
öldürür məhəbbətin.
"Atılmışlar" filmi üçün
Özünə qapananda
dünyanı da öz içinə daşıyar,
gözlərinin yaşından
bir şəhər yaralanar
atasız uşaqların,
anasız uşaqların.
Niyə ağlasın bir uşaq
oyuncağı qucağında,
qumdan tikdiyi qalanın
bürcündə bayrağı yellənirkən?..
başının üstündə
Günəş ona ata kimi əl uzadırsa,
gecələr Ay pəncərəsində
şəfqətli ana kimi gülümsəyirsə,
niyə ağlasın bir uşaq?
Bəs Gün çıxmayanda,
Ay doğmayanda
kimə ata desin,
kimə ana desin,
küçə-küçə xəyalları
didərgin uşaqlar?!
Suyun qəlbini yaralayanları
çaylar necə bağışlayar?!
Gül öz kölgəsinə baş qoyub yatır,
gülə kölgəsindən danışmayın,
qırılan budaqlar göylərin yarasıdır,
Onlara ayrılan vaxt uzaqların,
sonsuzluğunda əriyərsə,
hıçqırığı sinəsində
düyün-düyünsə,
arzularını buraxdığı bir küncdə
dodağını dişlərsə,
ömür boyunca
ümidlərin yedəyində sürünərsə
atılmışlar...
bu yükü daşıya bilməz dünya,
qopar, qopar məhvərindən!..
***
İçimdəki dumanda azdı
xoş xəbər gətirəsi quşlar,
qaranlığın sinəsini
dimdikləməkdən yoruldular,
sərxoş xatirələr
şütüyüb keçir xəyalımdan,
namərd duman, udma məni,
dizi yerdə, ruhu göydə adamlar
Allahı axtarırlar.
Allahla insan arası məsafə
bir iman boyu,
bir inam boyu,
əfi ilan kimi
ruhuma doğru sürünmə, duman...
bir əli xeyirdə, bir əli şərdə
adamlar
Allahı axtarırlar.
Şeytana daş atır
şeytan adamlar,
göy üzünü quşların əlindən
alan adamlar
orda Allahı axtarırlar.
Güzgüdə özümə baxdım,
bir topa duman gördüm,
quşlar dumanı qovurdular
qanadlarıyla.
Dumanda kor olmuşdum,
kor koru necə görürdü, Allah?!
Heç kəs belə nağıl
danışa bilməz
Heç bir ana,
heç bir qadın
məni
sənin kimi doğa bilmədi,
ürəyim ovcunda
buğdatək cücərdi,
oldu səməni...
Heç bir ana,
heç bir qadın
məni
əfv edə bilmədi,
sənintək bağışlamağı
kimsə bacarmaz.
Sənin ömründə yuva qurdum
bir quş misalı,
kimsə uydurammaz
belə masalı.
Heç bir ana,
heç bir qadın
belə şirin nağıl
danışa bilməz
mənə,
bütün uşaqlara..
Cənnət həm də
qadınların sinəsindədir;
yəni
anaların ürəyində,
çün, ürəkdən başlayır
bütün başqa məsələlər...
Heç kəs,
heç kəs bunu bacarmadı -
Ana,
Qadın,
Sevgili -
Səndə birləşdi bütün sevgilər...
Güzgü
Tək baxsaq da güzgüyə,
bizi qoşa göstərir.
Mən onun güzgüsüyəm,
gözümdə güzgülənir.
Üzümə toxunanda
yuxulu barmaqları,
işıqlandı bir anda
ömrümün çıraqları.
Ürək uçuq komaydı,
uçuq evdə can qızmaz.
Sevgi mahir ustaydı,
ev qurduq - topdağıtmaz!
Təzə evə köçəndə
dedim bir güzgü alaq.
O, baxdı gözlərimə
güzgüyə baxansayaq.
Gözümdə cilvələndi
işvəsiylə-nazıyla.
Güzgü nə lazım? -dedi
ürkək pıçıltısıyla.
Güzgü məni dəyişir,
qüssə, kədər gətirir.
Amma sənin gözlərin
məni gözəl göstərir.
***
Gecələr yatmağa qoymaz səni
gecikdiyin qatarların səsi...
küləyin izi qalar yuxularında,
uzaqlar keçmişə sürüklər səni,
ayrılıqdan sonra da yaşayar sevgi,
sən keçmişi təkrarlayarsan,
gözlədiyin qatar
gələcəkdə gözləyər səni...
İtmiş xatirə
Bu dənizin sahilində
xatirəmi itirmişəm.
Axıb gedib ləpələrdə,
Günəş deyir görməmişəm,
Ay susur...
Başmağımın bir tayıtək
haradasa düşüb itib.
Vurnuxuram ağ ayıtək,
mən qalmışam, o qız gedib.
Çay susur...
Sakit axan çaya dönüb,
balıqlara yem olubdu.
Qışa dönüb, yaya dönüb,
çiçəkləyən qəm olubdu.
Yay susur...
O ağacı tapmadı yaz,
gördü ki, kötüyü qalıb.
Daha nə din, nə də ki, yaz,
kötük də elə qaralıb...
Hey susur...
Rəngidir
Üzdə xəfif qızartı utanmağın rəngidir,
Saçda tək-tük ağartı usanmağın rəngidir.
Gözdə qəmin, məlalın ayrılıqla savaşdır,
Vüsal görən xəyalın inanmağın rəngidir.
Dodağın qənd misalı, səhər şirin çay olar,
Axşam sevgi masalı can almağın rəngidir.
Sevda yeli bir əsim, əsib keçər içimdən,
Gül qoxulu nəfəsin oyanmağın rəngidir.
Misirdə sultan ola Yusifi-Kənan yenə,
Yarə itaət qıla, qul olmağın rəngidir.
Adada darıxmaq
Göydən üç deyil,
bir qızıl alma düşdü dənizin ovcuna,
siqaretimin dumanı qarışır
sübhün şehinə,
buludların siluetinə,
gözlərim yorğun düşüb
günəşi gözləməkdən,
dəniz gözlərim önündə nazlanır,
sən xəyalımda,
hansınız daha gözəlsiniz?!
daxırmaq bizlik deyil,
sən yanımda olmalısan,
ikimizin payıdır bu qızıl alma,
sən yanımda olunca
şərabsız da gözəl olur dünya,
sən üfüqdə günəş görürsən,
mən qızıl alma,
darıxma, birdənəm, darıxma,
sahilə çıx, məni görəcəksən...
***
Gün batdı,
qəm artdı,
çölün quşları yatdı,
hüznün dəmi çatdı...
Yel əsdi,
sönmüş odu ahəstə
közərtdi,
O kimdi üfüqdə
yandı, külü küldən külə düşdü?!
Üfüqə hay düşdü,
Yada Ay düşdü,
gəldi, kiritdi dünyanı...
Günəş batıb,
rəngi qalıb,
göylərin ahəngi qalıb,
Dünya adlı bu kitabın
Gözəgörünməz rəssamı
nə gözəl çəkib dünyanı!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!