Hamını sevgiyə
səsləyən oğlan
Əzizim Vaqif Bayatlı Odərin
75 illiyinə
Daşları nur çeşməsi olan dağların,
sirr dolu meyvələr eşqinə
çiçəkləyən bağların,
ilahi nəğmələr deyən bulaqların dünyasında
tək-tənha dolanan, uçan oğlan,
üzən oğlan...
telləri pəjmürdə, üz-gözündə
kainatın yaraşığı...
Qəlbində türk sevdası, türk davası,
türk havası gəzən oğlan...
Sən gəzən aləmin nizam verdiyi
yer üzünə sevginlə,
yer üzündən gələn sevgilərə sevinən,
yer üzündən gələn ağrılara
gülə-gülə dözən oğlan...
yer üzünün dərdlərini
yarıgörünməz sözlərlə yazan oğlan...
Hər misranda
uçduğun aləmlərin sədası....
Daşları nur saçan dağların bir cığırında,
suları, gülləri
yer üzünün daş-qaşından qiymətli bulaqların,
dərini görünməz yarğanların qırağında,
düşüncələr içində,
tərini silən oğlan,
məlakələr dindirdikcə
qəmlənən, gülən oğlan...
Düşündükcə, ahəngə kökləndikcə
ucalardan gələn sədalardan
qanad alıb qalxan oğlan...
Sənin yanından baxanda
qırxlar vadisi nə aydın görünür,
nə gözəl görünür...
İşıq yağmurları şimşəklər içində
sirli dumana bürünür...
Görkəmin yer üzündədi,
bir sevgi qayğıyla bürüyüb səni,
bir sevgi eşq ilə qoruyur səni,
gözlərində kainatın sevdaları,
sədaları...
İnsanlar elə bilir
onların yanındasan,
onların halındasan, sevdalarındasan...
İnsanların özünün də olduğu,
amma
gözlərinə görünməyən aləmdən
hər kəsi çağıran oğlan...
Çiçək-çiçək, dəstə-dəstə şəfəqləri
yer üzünə paylayan oğlan...
hamını bir-birini sevməyə, sevindirməyə
səsləyən, haylayan oğlan...
Türkiyə
Sübh üzü,
günəş çıxmazdan əvvəl, alaqaranlıqda,
böyük, yaşıl yarpaqlardan
ağappaq çiçəklərin üstünə
astaca tökülür
şeh damlaları...
Ey yer üzünün adamları!
Allah kömək eylədikcə açılır
tarixin sirli,
daşlaşan varaqları...
...qədimlərin qədiminin qədimində
Qafqazlardan, Urmiyadan,
Ağrı dağdan gələn türklərin,
Asiyanı abad eyləyən, sellər kimi kükrəyən
Anadolu ellərindən yer üzünə yayılıb, həm də
Altaylarda işıq olan, Alyaskaya aşiq olan,
yeni aləmlər yaradan türklərin övladları,
əllərində Baykal görkəmli qılıncları, bayraqları,
qəlblərində ruhların sədası,
üz-gözlərində yer üzünün
ağayana ədası
Altaylardan dönüblər...
Min illər onları gözləyən yurdu
Ana kimi qucaqlayıb öpüblər...
...bu, uzun bir hekayə,
babaların ruhunun
yaratdığı Türkiyə...
Göyçə əsir qala bilməz!
Tanrıya üz tutdu türklər,
Ucalara göy dedilər.
Tanrı göydə, qüdrət göydə,
Göyçə - göyə tay dedilər.
Göyçənin gülləri ayrı,
Göyçənin gölləri ayrı,
Göyçənin elləri ayrı,
O yerləri öy - dedilər.
Göyçə əsir qala bilməz!
Dünya belə ola bilməz,
Ürək qəmli, gülə bilməz
Göz yaşına çay - dedilər.
Türk eli boy verər, qalxar,
İldırım tək parlar, çaxar,
Yağı diksinər, qarıxar,
Qəlblərində: - vay! dedilər.
Kükrəyir haqqın dənizi,
Göyçəyə dayaq göy üzü,
Hər övladı - oğlu, qızı:
- Rədd ol, murdar hay! - dedilər.
Dolanır Ələsgər ruhu,
Aləmi tutubdu ahı,
Yer-göy görür bu günahı,
O Allahdan pay - dedilər.
Göyçə əsir qala bilməz!
Göyçə əsir qala bilməz!
Göyçə əsir qala bilməz!
Ta ayları say - dedilər.
Həbsxana
Allah! Ömrüm nə gündədi?!.
arzularım ağrıyır...
Özüm özümdə deyiləm,
elə gözlərim önündə, ağrıların əlindəyəm,
ağrılarım ağrıyır...
Həbsxanalar təkcə
qalın divarlı, dar pəncərəli,
hasarları tikanlı məftillərə bürünmüş
qapalı binalar olmurmuş, həm də
ömrünün kövrələn çağında,
öz gözlərinin qabağında,
uzaqlardan uzaqlarda,
dərinlərdən dərinlərdə
asta-asta ağlayan işıqlardan asılı,
işıqlarnan qapalı
bir kəcavə kimi, tabut kimi
fırlanırmış, üzürmüş havada...
Gözlərini açsan da, yumsan da,
özünü görürmüşsən orda...
Arzularım ağlayır, Allah!
ağrılarım ağlayır, Allah!
İşıqların xəbəri yox
Türkiyədə zəlzələnin baş verdiyi vədə,
mənim zəlzələdən xəbərim olmadan,
öz-özünə yazılan şeir.
Aləmi köməyə çağır,
Allahı köməyə çağır!
İşıqlara kölgə yağır.
İşıqların xəbəri yox,
Durub baxma fağır-fağır.
***
İşıqlar öz növrağında,
Güllər şux - öz budağında,
İlan var yar yatağında.
Yarın bundan xəbəri yox,
Şur içində bu çağında.
***
Sən ki, görürsən olanı,
Gizli gələn bu talanı,
Göz yumub demə yalanı.
Eşit, gör, nədən danışır
Mələklərin ağlayanı.
***
Gör bu işıq hansı işıq?
Ömrün adına yaraşıq!
Olsa bir azca qarışıq
Dünya qopar məhvərindən,
Xeyir-şər düşər dolaşıq.
***
Aləmi köməyə çağır,
Allahı köməyə çağır!
İşıqlara kölgə yağır.
06.02.23
Şəfəqlər içində ümid
Dəniz kənarında qalmışam tənha,
Ömrüm kökdən düşmüş, xəyalım küskün,
Bu işıq yağışı qəfil başladı,
Damlalar dilavər, damlalar gülgün.
Damlalar bir səhra nağılı deyir,
Küləklər əlində qalan bir səhra...
İllərlə qovrulan, cadar torpaqda
Çiçəklər bitirmiş yağışın sehri...
Təskinlik gətirir dənizin səsi,
Hər dalğa özüylə ümid gətirir,
Uçqunlar altında qalmış ömrümün
Elə bil üstündən bir daş götürür...
Qəlbin də özünün duman, çiskindən
Yenidən boy verən sübh üzü varmış,
"Əlvida" deyərkən insan ömrünə,
Şəfəqlər içindən ümid doğarmış...
Ülvi dünya
Çiçəkdən istədiyimi
istəsəm səndən,
məni çiçəkdən də incə
dindirərmisən?
Günəşdən istədiyimi
istəsəm səndən,
ömrümə günəştək
nur yayarmısan?
Anamdan istədiyimi
istəsəm səndən,
ruhumu anamtək
oxşayarmısan?
Taledən istədiyimi
istəsəm səndən,
qoşulub taleyimə,
üzümə gülərmisən?
Göy üzündən
yağan işıqdan istədiyimi
istəsəm səndən,
eşidərmisən?
Tənha darıxıram
bu yer üzündə...
Hayana üz tutum?
sən deyərmisən?
Gedirdim,
yoldan qaytardın
Sonsuz sualların soyuğu,
ömrümün ögeyliyi, ağrısı,
əzrayılın xofu içində
çırpınırkən,
dünyadan getməyə razılaşırkən,
birdən, qəfildən
canlandın xəyalımda
gülərüz, şən...
həsrətində olduğum bir səslə,
dindirdin məni...
duruxdu əzrayıl, gülümsədi,
vaxtsız gəldiyinə
üzr dilədi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!