"...ömründə cənnət qoxusu, dodağında süd" - Həyat ŞƏMİ

Şeirlər

Banuçiçək

Partlayışda həlak olan 3 yaşlı qızcığaza ithaf

Üç yaşlı ömründə cənnət qoxusu,

dodağında süd...

 

İndi-indi tanıyırdı yeri qoğal ayaqların,

şirin əllərin oyuncaqları,

Nur içində üzən

balıq gözlərin dünyanı,

İndi tanıyırdı,

Sökülən dan yerini qan rəngində yanaqların...

 

Bəlkə, bu dünyanın

ən dadlı yavrusuydun sən!

Bəs niyə səni belə

acımadan uddu zalım alovlar?

Zalım Alovlar!..

 

Sən tək getdin...

Atan yandı,

Anan yandı...

Bu xəbəri eşidəndə halınıza yanan yandı.

 

Bəlkə də, ananın əllərindən tutan

son umuddun...

Unutdunmu yavru,

unutdun!

 

Yeddi gün çəkdi

durduğun yolayrıcında ata gözləyişin,

Gəldi atan da...

Hamsi balığı gözlərindəki

nigaran baxışın yenə getmədi...

Kimi gözləyirsən, yavru mələk?

 

Dörd gün də keçdi...

Gəldi anan da,

Oda yanan da:

-Tut əlimizdən, gedək,

Banuçiçək!

 

Sən dünyanın ən dadlı yavrusuydun,

İndisə cənnətin...

Bir də bu dünyaya gələrsənmi?

Çətin,

Çətin...

İraq şəhərdən...

 

Sən də bir gün dönəcəksən,

Uzaq şəhərdən.

Dönəcəksən yaşlananda

Uşaq şəhərdən.

 

Keçəcəksən burdan yolu,

Yorulacaq əlin-qolun.

Qara sevdalar yuyulub

Bu Ağ şəhərdə...

 

Nələr olub, nələr, nələr...

Ölüb içimdəki sənlər,

Viran qoyub zəlzələlər,

İraq şəhərdən!

 

Adımıza

Bəxt gölündə qayıq ola,

Avarçısı ayıq ola.

Gərək bəxt də layiq ola

Adımıza.

 

İllərlə ömür uzanar,

Kim uduzar, kim qazanar...

Nə qədər kədər qızınar

Odumuza...

 

Gəl, həyat daşını daşı,

Ömür kərpic-kərpic bişir.

Hər gün bir-bir gəlib düşür

Yadımıza...

 

Düşmür Yerə bircə ah da,

Ölürük, qalırıq gahdan.

Yetməyir daha Allah da

Dadımıza.

 

Qocalıb atam

Əlləri, gözləri, saçları qocalıb.

Əlində qələmi, suçları qocalıb...

 

Dünəni, bu günü, sabahı dəftərdə,

Saralır, varağın ucları qocalıb.

 

Nə vaxtdır əyninə gen gəlir geyimlər,

 Dolabdan asılı dəstləri qocalıb.

 

Gəlirlər keçirlər bir-bir bu qapıdan,

Atama baş çəkən dostları qocalıb.

 

Danışır, dağılır sözündən hərflər,

Vurğusu, duyğusu, sədası qocalıb.

 

Üzünnən oxunur, gözləri dopdolu,

Qəlbində anama sevdası qocalıb...

 

Qocalıb, atasız-anasız qocalıb,

Qocalıb, qocalıb, anamsız qocalıb.

 

Dolmayan qarınlara

Qapqara gecələrində

 dən-dən ağaran saçların,

 sulu gözlərin,

dərin fikirlərin,

bu yaz da cücərmədi.

 

Dualarla açılan əllərin,

yarpaq-yarpaq  barmaqların,

çiçək-çiçək arzuların,

bu yaz da göyərmədi.

 

İçində

cücərən toxum,

bu yaz da meyvə vermədi.

 

Sevgin

bu yaz da bətnini doyurmadı...

                       

Könlüm dördkameralı

Bir eşq keçib üstündən,

 Gəlib görsən, ömrümün.

Qırılıb ümidləri,

Yığıb hörsən ömrümü...

 

Cəzası nə olacaq,

Hakimi kim, eşqinin?

Yenə bağışla məni,

Verdim hökm eşqinə.

 

Həbs elədim bu eşqi

Ömürlük, burda yatır -

 Qəlbim dördkameralı,

Hamısında o yatır.

 

Bir az sevgi yollayım

Ən son səhifəm kimi,

Səni bağlayım daha...

Yandırım bu kitabı,

Küllə oynayım daha...

 

Bir az sevgi yollayım,

Bircə gilə etibar.

Səndən heç nə qalmayıb,

Bu külü də, gəl apar...

 

Elə şirin getmisən,

İzlərin acı dadır.

Küçələr görüb səni,

Deyirlər Bakıdadır...

 

Yer üzündən keçirdin

Soyuq da sevir səni,

Çıxıb getmir evindən.

Divarların su çəkir,

Bir gül bitmir evində...

 

Yaz gəlsə ürəyinə,

Bilərmi ayrılıqlar.

Üşüyərmi soyuqlar,

Ölərmi ayrılıqlar?

 

Bir də gələn yuxunun

Yüyürmə ayağına,

Ürəyindən nə keçir

Dur, köçür varağına.

 

Oxudun bu həyatı,

Ya üzündən köçürdün?

Qoşulub sətirlərə

Yer üzündən keçirdin.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!