Nəvəm Xanıma
I
Mən çiçək iyləmişdim,
ətrini dərməmişdim.
Həyata həyat qədər
mən könül verməmişdim.
Mən sevinci bu qədər,
yaxından görməmişdim.
Səni görəndə gördüm,
səndə
və səndə gördüm!
II
Eşitmişdim bir mələk var,
nə biləydim, o sənsən!
Ölkədə bir qəşəng var,
nə biləydim, o sənsən!
Bir səsdə necə rəng var,
nə biləydim, o sənsən!
Sən güləndə bilmişəm,
sən gələndə bilmişəm!
III
Sən qızımın qızısan,
gör, anan nə gözəldi.
Dünya sənin dünyandı,
öz dünyan nə gözəldi.
Balsan, şərbətsən, nəsən?
Bu ehsan, nə gözəldi.
Şirin ruhum, mehr-ülfətim,
dünya sənin, sən mənim.
29.01.2004
Sənin
Yanında deyiləm, gələm görüşəm,
könlünü könlümcə oxşayam sənin.
Əlindən yapışam, qolundan tutam,
yanında xidmətə başlayam sənin.
Təbiət dəyişə nola bir təhər,
tökülən qayıdıb dola bir təhər.
Payızı vermişəm yola bir təhər,
bu qışı yanında qışlayam sənin.
Kəkliklər oxuyur daşda-qayada,
səni də kəkliyin səsi oyada.
Bir qəm görməyəsən qəmli dünyada,
mən də sağlığına yaşayam sənin.
Nazim Hikmət yaşayır, qızım
Xatirə, sən onda ilk uşağıydın,
taleyim ömrümü naxışlamışdı.
Təzə evimizin yaraşığıydın,
o evi -
bir şair bağışlamışdı.
Nazim Hikmətiydi o türk şairi,
o türk dünyasının böyük şairi.
Onun bir sözünə,
bir xahişinə,
mənzil vermişdilər Bakıda mənə.
O, bizə gəlmişdi, aldığı evə,
mənə oğul dedi, anana qızım.
Mənim həyatımda o şah səhifə,
sığışmaz hər adi bəyana, qızım.
Moskvadan tanıyırdım şairi,
orda tələbəydim mən onda, qızım.
Nazimin özüydü - öz müasiri,
görəndə uçurduq
biz,
o da, qızım.
Bir şəklə baxıram: möhtərəm şair!
Anandı, sən onun qucağındasan.
Əlində qədəhi, Nazim söz deyir,
sənin sağlığına,
deyir o haqdan!
Artıq nə anan var, nə şair, qızım,
qalır yaddaşlarda şeri, sənəti.
Bəlkə, Nazim Hikmət yaşayır, qızım,
onun,
Nazim Hikmət əbədiyyəti!
Şəklin təzə-tər qalması üçün,
Əlibalaya minnətdaram (Müəllif)
Loğman - təbiət
Hörmətli Abbasəli müəllimə
Deyin, Abbasəli müəllim, deyin,
ədalət yerini tutsun nəhayət.
Siz İbn Sinanı təbliğ eləyin,
biz sizi eşidək,
sizi də millət.
Niyə dərmanların təsiri yoxdu,
biri çaşdırandı, biri dərd verir.
Həkim tanıyıram, sağ olsun o da,
dərman əvəzinə,
nəsihət verir.
Sizdən uzaq olsun soyuq küləklər,
öpsün alnınızı günəş və səhər.
Otlardı, güllərdi, bir də çiçəklər,
sizin
möcüzəli müalicələr.
Oğullar, analar gözləyir sizi,
ayağı sayalı bir nemətsiniz.
Sizə tapşırırıq taleyimizi,
siz də təbiətə -
təbiətsiniz.
Uzman həkim Musa Kılıca
Musa Kılıc,
yaşa, var ol dünyada.
Türkün ağsaç
şairiyəm mən, xocam.
Ərdoğana
oxşayırdın yuxuda,
inandım ki,
mən sağalıb qalxacam.
Türkün ağsaç
şairiyəm mən, xocam.
Ey bir millət, iki vətən
Türkəm - deyənə qardaşam,
səngərdədi Nuru Paşam.
Günəş kimi yerdə doğan,
İndi İlhamdı, Ərdoğan!
Olduq bir can, iki bədən,
ey bir millət, iki Vətən!
29.05.2023-cü ildə Cənab Rəcəb Təyyib Ərdoğanın ad günündə
vurulan teleqramdan (red.)
Ulutürkün xatirəsi
Moskvada tələbəydik onda biz,
deyirdilər bərk yağarlıq olacaq.
Xəliliydi, məniydim, biz ikimiz,
instituta,
bir azca da yol uzaq.
Hərəyə bir plaş aldıq, bir qaloş,
bir də bir zont,
əlimizdə tutmağa.
Göydən yerə, tərs kimi nə bir yağış,
nə adi bir damcı düşdü torpağa.
Amma instituta hər gün gəlmişik,
tərgidə bilmirdik biz bu adəti.
İnstitut qızları,
sonra bilmişik,
baxıb gülüşürmüş bizə xəlvəti.
Yenə o Moskva, yenə Ulutürk,
zəmanə bu adı, soyadı seçdi.
O yağış,
o tufan,
o yel,
o külək
onun taleyini taladı keçdi.
Uğunub gedərdi güləndə, Xəlil
gülüşdən törəmək haq töhfəsiydi.
Ulutürk,
ad deyil, təxəllüs deyil,
məğlub bir ölkənin qalib səsiydi.
Son dəfə əlini çəkdi saçına,
Ulutürk!
Canında nə qorxu-hədə!
Güldü Rusiyanın taxtı-tacına,
o güldü - xəlvəti gülənlərə də.
Xəlilin Təbrizi, Firəngizi var,
hərəsi - bir Xəlil gücündə səsdi.
Vətən yollarında kimin izi var,
o da -
yazılmamış tariximizdi.
Ulu Öndərə ilk görüşdə oxuduğum şeir
Ey eşqim, vüqarım, sənətim, canım!
Ana çağırdığım Azərbaycanım!
Açıb qollarımı mehri-ülfətlə,
bağrıma basıram səni hörmətlə.
Sən də ey adıyla fərəhləndiyim,
şanlı sədasıyla ürəkləndiyim,
xalqımın istəkli, əziz övladı,
şerimin-sözümün qolu-qanadı,
sənin hər istəyin, sənin hər arzun,
həyatda qoy şöhrət çələngi olsun!
Qaldırdın adını bu məmləkətin,
andın müqəddəsdi, südün təmizdi,
mənim taleyimdi sənin şöhrətin,
tarixdə tarixi mərhələmizdi.
Gəlin, addımlayaq sıx cərgələrdə,
gəlin, qabaqlayaq dövrü, zamanı.
Daim alqışlayaq yalnız zəfərlə,
Ana dediyimiz Azərbaycanı.
1969
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!