Bir ovuc
Dodaqlarımda iki-üç şeirlik pıçıltı,
barmaqlarımın arasından süzülən sözlər.
Hərfləri tütün kimi sarıyıram vərəqə...
Xəbərim var ki, ayağımın altında yer yarpaqlayır,
yarpaqların üstündə kölgəm gedir.
Udqunduğum günlər dolaşır boğazımda...
qəhərdi, bilirəm.
Hər şeir qəhərdi,
hər qəhər bir nəmli baxış.
Üzümü dəyişdirmək istəyirəm
bir ovuc suda...
Bir ovuc suda axır ulduzlar.
Hər şey ulduz kimi ölür,
ulduzlar şeir kimi.
Ölü şeirlər yazıram bir ovuc suda...
Bir ovuc adamlar qalıb oxumağa.
Ovcumu yumuram bərk-bərk,
adamları qoymuram getməyə.
Sol
Küləklər də sol tərəfindən əsir adamın,
yağışlar da soldan yağır.
Atılan daşa sağ çiynini döndərirsən,
daş da sağdan adlayıb sola dəyir.
Kürəyindəki yükləri sanma kürəyin daşıyır,
sol tərəfin daşıyır o yükləri də,
o sancıları, o ağırlıqları da.
Hara dönsən, sol tərəfindi...
sağından vursalar da,
adam solundan ölür.
Köçə bilməyən quşlar
Küçələr yetim,
gecələr soyuq,
həyat anlamını itirmiş eynilik,
ağaclar köçə duran durnalar kimi,
amma uçmağı bilməyən.
Durnaların hamısı mən...
Ağacın qırılmış budağındakı
yerinin intizarında.
O yer hansı ocaqdasa, çoxdan yanmış,
küllərini küləklər sovurmuş.
Hərdən də küləklər o külləri vurar gözlərimə...
Ağacın kəsilmiş budağındakı
yanan yerimin küllərini,
o küllərdə qanadlarımın izi.
Hər gün o külləri sovurur külək,
o küllərdən çiçəklər açır kül rəng.
...Köçə bilməyən quşlar
fəsilləri unudur mənimtək.
Yaşam düsturu
Ölüm düsturutək
dodaqlarındakı son gülüş öləziyər.
Həyat eşqi kimi
gözlərinin yarıaçığından
bir gilə yaş qarşılayar əcəli.
Əcəl bilməz,
amma gözlərin bilər
bir gilə yaşdakı yaşam aclığını.
Həyat düsturutək gələr ölüm,
həyat düsturutək
çiyinlər gizildəyər ölümü daşımağa.
(yəni elə belə də olmalıymış misalı)
Çiyinlər bir uşağın anasını aparıb gedərkən...
O uşaq hönkürər,
o uşaq çiyinlərdən küsər.
Küsər atasının,
əmisinin çiyinlərindən,
küsər bütün çiyinlərdən.
Neçə illər sonra...
Şəhid dostunu çiyinlərində aparar həmin uşaq.
Onda da qayıdıb öz çiyinlərindən küsər...
Sonra küsülü çiyinlərində daşıyar
atasını,
əmisini,
neçələrini,
doğmalarını.
...Gözəl bir axşam,
sevgilisinin başı qonar çiyinlərinə...
Boz darıxmaq
İllah ki, canına dolar günbəgün
rəngsiz sıxıntılar, boz darıxmaqlar.
İçindən,
çölündən axar beləcə
alov dilimitək,
bircə səni sıxan
bu sükut darıxmaqlar, söz darıxmaqlar.
Yadına düşər ki, amma əvvəllər
bu darıxmaqların öz rəngi vardı,
sevda rəngi vardı,
yaz rəngi vardı...
Yaz kimi darıxardın,
bir qız dodağında ən dadlı söz kimi darıxardın,
bir sözdən utanan üz kimi darıxardın.
Rəng-rəngiydi duyğuların da...
yaşıl darıxardın,
al darıxardın,
bir gözəl qırmızı,
bir gecə qara,
bir dan üzünə ağ darıxardın.
Bir mavi darıxmaq gözünün yaşında
dalğalanardı,
bir sarı darıxmaq gözünün kökündə
buxarlanardı...
Bütün darıxmaqların,
bütün rənglərin sonunda
bir sevda göy qurşağıydı...
Sonra da bilmədin necə, nə cürsə, -
rəngi qaçdı rənglərin,
bütün rənglərin yerində
bir sevgi yanığının külü qaldı, tozu qaldı...
Bütün rənglərin
canında darıxmaq adlı bozu qaldı.
Bozardı keçdiyin və keçmədiyin bütün küçələr,
küçələrdə adam-adam sözlər,
addım-addım hecalar.
Beləcə gözlərini dimdiklədi günbəgün
bu bozumtul quşlar, bu boz sərçələr.
Sən də ki, bu boyda çoxluğun səssizliyində,
göylərdə bozarmış
bir göyqurşağına baxar, baxarsan...
İllah ki, bu qədər rənglərdən sonra
durub eləcə boz darıxarsan.
Qürubda
Gözlərimdə gün batır... çoxdan,
gözlərimə gün batır... çoxdan,
gözlərim günə batır... çoxdan.
Çoxdan...
günsüz günlər doğur,
gün doğmur.
Çoxdan...
gözlərim batır qürubda.
Bəzi şeylər...
Bəzi şeylər anladılmaz,
anladılmaz...
Anladılmaz ayağının altında
qırılan güzgünün səsi,
ha desən də,
qırıqların o anda çıxartdığı xırçıltını
təsvir edə bilmərsən olduğu kimi.
Bir qəbir üstündə solan gülü
anlada bilməzsən,
anlada bilməzsən o gül necə solur.
İçindən bir təbəssüm keçər həyata...
nə həyata anlada bilərsən,
nə özünə...
Nə də heç kimə.
Anlada bilməzsən
səbəbi nədir bu təbəssümün.
Heç özün də anlaya bilmərsən özünü...
sadəcə, çıxıb gedərsən -
elə o gedişdən gedərsən axırda.
O gedişi də anladamazsan.
Çünki bəzi şeylər anladılmaz, anladılmaz.
Çünki bəzi şeylər edilir,
gedilir,
susulur!
Tənhalıqda unudulmaq
Çox çətinmiş tənhalıqda tənhalıq,
çox çətinmiş unudulmaq necə də.
Gecənin bir aləmində qayğılı
durub belə tək gəzişmək küçədə.
Xatirələr qoşun olur, bilirsən...
yağış yağır, xatirələr islanır.
Bir yandan da,
qəfil baxıb görürsən
bir yaş pişik ayağına yaslanır.
Ha neynirsən,
aralanmır pişik də,
miyoltusu təkliyinə qarışır.
Düşünürsən, bu tünlükdə, ah, nədən
pişik mənim ayağıma dolaşır?
Uzaqlaşıb qaranlıqda itirsən,
pişik qalır, yağış yağır beləcə.
çox çətinmiş,
çox çətinmiş görürsən,
tənhalıqda pişik olmaq bir gecə.
Elə
Gün də gələr, yadın itər,
unudular, adın itər,
dünyada ölümdən betər
yaşamaq zoruymuş elə.
Bir gün özün də bilərsən,
bir gün özün də görərsən,
illərdən sonra deyərsən,
sevgilər koruymuş elə.
Ayağından izinəcən,
dodağından sözünəcən,
baxışından gözünəcən
adam da yoluymuş elə!
Qırılır
Sularda ləpələr qırılır,
sularda körpələr qırılır.
Ağrının, acının üstündən
keçəndə, körpülər qırılır.
Bu həyat donduqca, gördüm,
bir umud sındıqca, gördüm,
bir qazi yandıqca, gördüm,
canında qəlpələr qırılır.
Bu dünya nə aldı, nə verdi,
dərdi də bir matah nəmərdi.
Ömür də bir gödək kəmərdi,
dartıram, törpülər qırılır.
Geyindirəm ki,
bu ömür çılpaq qalmasın.
Çılpaq qalmasın -
umuddan,
sabahdan,
məndən...
Qalıb
Əl çatmayan xəyallar
gözlərimdən iraqda,
iraqda qalıb, iraqda.
Əllərim yanıb ocaqsız,
bu evin kərpicləri
qopub düşür suvaqsız.
Xoşbəxtlik də haçandı,
bir sevgi sorağında,
soraqda qalıb, soraqda.
Bu ömür xatirədi
kimlərsə, oxuyub keçir,
xatirələr yenə də
qərənfil qoxuyub keçir -
sevgilər məktublarda,
xatirələr dəftərdə -
varaqda qalıb, varaqda.
Ayrılıq
Mən bir notun necə sızlamasına şahidəm,
sonra o biri notlar sızlayır,
sonra bir bəstə...
Bəstədən gələn ağrıya ağrıyır kimsə,
kimsə hıçqırır o nəğməyə,
kimsə də o nəğməni mızıldanır yolçuluğunda...
Bir ağrının qanadlarında uçur günlər,
günlər ömür qarası,
kəfən bəyazı.
Günlərdən demə,
notlardan de...
həftələrdən de...
Həftə də yeddi gün,
notlar da.
Hər gün bir ağrılı not,
hər not bir başqa rəng,
hər rəng bir başqa ayrılıq.
Yenə bütün yollar ayrılığa çıxır, Yarəbb!
Keçər
Bir yuxuydu, oyaq gördüm,
bilmirəm, nə sayaq gördüm,
bir avarsız qayıq gördüm,
içimdən yellənib keçər.
Daşa çıxdı nələr, nələr,
o sevinclər, o sevmələr,
o susmalar, o dinmələr,
yağışdı, lillənib keçər.
İt hürənlər yönüm isə,
bu qaranlıq önüm isə,
ayrılıqlar mənim isə...
sevdalar küllənib keçər.
Rostok-Köln qatarında
Hər stansiyada bir xəyal öldürürəm,
hər dayanacağa
bir məzar daşıyıram,
uzaqlaşıram vağzallardan.
Vağzallar heç də qovuşdurmur həsrətliləri,
vağzallar ayırır,
vağzallar ən böyük ayrılıq məkanıdır.
Gözləmələrin mamır bağlamış
umudları rəngdədi həyat da...
Elə yaşılına aldanırsan,
rənginə susayırsan..
Hər limanda bir vidanın
kölgəsi sarılır boynuna...
Bir ömürlük ixtisar
Məktəbdən öyrənmişdim ixtisar eləməyi,
sonra həyat öyrətdi...
Məktəbdə yazı taxtasında edərdim ixtisarları,
həyatda həyatımdan...
Sanki həyat ixtisar eləməkdən başqa
heç nə öyrədə bilmirdi...
Silib atırdın elə
beləcə ixtisara düşdü
neçə dost,
neçə tanış,
neçə insan.
Məktəbdən sonra
günlərin ixtisarına keçdim,
sonra ayların,
sonra illərin...
Elə oldu ki,
bütöv bir ili ixtisar elədim ömrümdən,
sonra bütöv bir ömrü...
Sonra saçlarımı ixtisar elədim,
ürəyimi,
əllərimi...
Sonra da özümü ixtisar elədim!..
Qocalıq etüdü
Gözlərini eşitməyənlər,
əllərini necə eşitsinlər...
Ya əllərin nə deyir divarlarda,
nə danışır barmaqların bir-biriylə.
Barmaqların on dəcəl uşaq,
dalaşardılar,
sarmaşardılar,
küsüşərdilər hərdən...
Barmaqlarının ucundan gələrdi
üşüməyin də,
yanmağın da.
İndi on dəcəl uşaq,
on susqun qocadı...
Əllərin əsir,
əllərinin üstü çatlayır ayazlarda...
Nəfəsin də çatmır barmaqlarının ucuna...
İsidə bilmirsən on qocanı,
on qocanın uşaq xatirələrini...
Amma bir zaman əllərindən qopub
qaçmaq istəyirdi barmaqların.
Qoymadın,
bildin ki, irəlidə divarları
oxumaq olacaq barmaqlarınla.
Ölüm
Ən çox ölümü gəzdiririk canımızda,
son nəfəsin başucunda.
Hara gedirik, ölüm yanımızda,
hamıdan yaxın,
hətta özümüzdən də...
Yerində oturub
növbəsini gözləyir səbirlə,
səbirsiz olanda,
bir qəza olur,
Ölüm qəzası...
Ən təhlükəli anlarda belə,
bilirsən ki,
nəsə olsa,
ölümlə çıxıb gedəcəksən.
Ölüm...
Ən yaxın dostdu, bəlkə
üzünü görmədiyin,
tanımadığın,
bilmədiyin.
Bəlkə üzünü görəndə sevəcəksən!
Özün
Hayandasa, büdrəsən,
qolundan yapış, yapış.
Nəfsinlə davalarda
özünlə çarpış, çarpış.
Gün ağla, gülmək üçün,
yol axtar, gəlmək üçün,
özündə ölmək üçün
özünlə tapış, tapış.
Bir də baxıb görərsən
öz ayağın üçünmüş,
şeytana gülə-gülə
tikdiyin papış, papış.
Unutdurur
Yüz kəlmə içndə bir kəlmə olur,
yüz sözü bir kəlmə söz unutdurur.
Neçə qış donursan, buz bağlayırsan,
donduğun qışları, sırsıraları
lap bircə yaz gəlir, yaz unutdurur.
Hər şeyin çoxu da hüzur gətirmir,
çoxluqlar, toxluqlar özür gətirmir,
elə azlar var ki, bircə çimdikdi,
o qədər çoxluğu, o qədər çoxu,
olur ki, bir çimdik az unutdurur.
Sevirsən, sevirsən, deyə bilmirsən,
yaş keçir, ilk sevgi keçmir, görürsən,
hələ də sevirsən,
niyə?
bilmirsən,
bir ömür sürdüyün o yad qadını,
bircə sən bilirsən, bir ömürdü ki,
elə ilk sevdiyin qız unutdurur.
Eləyir
Bu səssizlik içində
çəkilirəm özümə,
gözyaşlarım səs eləyir.
Dinləyirəm,
sanki hava gözyaşımdan
çisəkləyir, sis eləyir.
Ulartılar, çığırtılar,
neçə-neçə hayqırtılar,
neçə-neçə bağırtılar
gözyaşının səslərində,
batır, batır, pəs eləyir.
Əvvəl duru süzülərdi,
indi yaşlar lilli axır,
bulanıqdı, kirli axır...
İçim yanır ocaq-ocaq,
gözüm belə his eləyir.
Yoxluq
Sən də yoxsan,
ömür də ki, yoxluğuna bürünüb.
Sənsiz hər şey
öz-özünə, çıxıb gedib, kürünüb.
Uğraşıram
yerindəki ağrılarla, beləcə,
buludları daşıyıram
yastığıma hər gecə.
Bilirsən də,
gecələrin bulud olmaq ağrısı,
hələ bir də,
bir işaran umud olmaq ağrısı...
Bir yalançı həvəs kimi
gəlib içimdən keçir.
Arzularım qanad açıb
payız köçündən keçir.
Sən də yoxsan,
çəkdiyimi biləsən.
Yoxluq çəkilməz imiş,
kaş ki, kaş ki, görəsən.
Ömür
Unuda, unuda, unuda,
gedirsən, gedirsən, gedirsən.
Beləcə, hardasa, hardasa,
itirsən, itirsən, itirsən.
Azırsan özündə, özündə,
bir gizli sözündə, sözündə,
ömrün o üzündə, üzündə,
bitirsən, bitirsən, bitirsən.
Yaş kimi yanaqda, yanaqda,
kaş kimi dodaqda, dodaqda,
quş kimi budaqda, budaqda
ötürsən, ötürsən, ötürsən.
Tale türküsü
Bu axı taledir, bu axı bəxtdir,
Sağına-soluna çapır, çapılır.
Bir günü yarımçıq, bir günü dolu,
bir günü eləcə, boşdan yapılır.
Bir günü yaşıldır, bir günü sarı,
Gedir ən sonuncu mənzilə sarı.
Qəfil yoxa çıxır yoxunda varı,
Nə özü, nə izi, tozu tapılır.
Əvvəli başlayan yoldur, görürsən,
ortası açılan güldür, görürsən,
axırı bir ovuc küldür, görürsən,
küləyə qapılır, yelə qapılır.
Tüstümə
Yalqız uçan quşların
qanadının küləyi,
əsdi üstümə, üstümə.
Bir-iki sözü də
elə köz kimi
basdım köksümə, köksümə.
Əllərim buluda döndü,
ağladı, elə ağladı,
mən bir söz saxladım içimdə,
Allah da məni saxladı...
Amma bir umudsuzluq
gəlib məni haqladı,
durdu qəsdimə, qəsdimə.
Özümə ağlama, dedim,
o bir sözü ürəyində
daha saxlama - dedim...
Nə dedim, haqqıma dedim,
dedim ki, bu taledən,
bu ömürdən,
bu umuddan
heç nə gözləmə, gözləmə.
Od olub özümü yandırsam,
su olub odumu söndürsəm,
bu ömürü,
bu günü
bir gün tərsinə çöndərsəm -
boğularam,
öz sözümdən,
qalxan tüstümə, tüstümə.
Bu da mən!
Ruhuna çiçəklər səpdiyin adamların
ulduz olduğuna inanarsan gecələr...
Adamlar yoxa çıxdıqca
ulduzlar çoxalar.
Ulduzlar çoxaldıqca
ulduzları sayarsan bir-bir -
bu o,
bu da babam,
bu da atam, nənəm.
Onların yanında da
adsız bir ulduza ad qoyarsan,
bu da mən!..
Vətən
Nəğmə də bitir,
şeir də,
yol da...
Hələ arzular da -
bircə sən,
bircə sən
bitmirsən,
Vətən!
Şuşam!
O bizim ağaclarıydı,
o bizim küləkləriydi,
o bizim yağışlarıydı...
Duruşundan tanıyırdım,
qoxusundan tanıyırdım,
yağmasından tanıyırdım.
Ağac da boynubüküydü,
külək də qırıq-qırığıydı,
bulud da çilik-çiliyiydi...
Ağacına qurban olum, - dedim,
buluduna qurban olum, - dedim,
daş yoluna qurban olum - dedim...
O qədər qurban oldum ki, -
gördüm anam da qurbandı,
gördüm balam da qurbandı...
Qurbanlarını qəbul elə, Şuşam!
Ömürsüz ömür
Bezib, özündən bezib
soyunasan bu ömrü, -
əlindən,
ayağından,
gözündən soyunasan.
Saçından,
bədənindən,
üzündən soyunasan.
Sonra çıxıb gedəsən,
ömrün geridə qala
Əlinlə,
ayağınla,
saçınla,
qulağınla
ömürsüz gedəsən...
Sonra ömrün olmaya,
eləcə yaşayasan
bir tənha mağarada.
Gecən-gündüzün,
yazın-payızın olmaya...
Eləcə bir günün ola,
daşa "qardaş" deyəsən,
çiçəyə "bacı",
torpağa "ana".
Sonra soyunduğun əlin gələ
gözlərini qapaya...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!