Şeirlər - Əli YUSİF

 

Bağban

 

Açanda çiçəklər, sevinir ləçək,

bilir ki, aşiqi, qonaq gələcək.

Onu görüb ötən gözəl deyəcək.

nə gözəl yaradıb bağçanı bağban.

 

Sevən də bənzəyir açan çiçəyə,

qoyma sən nazını naşılar çəkə.

Ona pərvanə ol, qoyma üşüyə,

nə gözəl yaradıb bağçanı bağban.

 

Bir çiçək ömürü əllərdən aslı,

dərilsə qalacaq gözləri yaşlı.

Bağların yolları olubdur daşlı,

nə gözəl yaradıb bağçanı bağban.

 

İncədən-incədi, gözəldi çiçək,

aşiqlər görəndə olur sevincək.

Sevənlər əlində bir gün gələcək,

nə gözəl yaradıb bağçanı bağban.

 

Günəşin nurundan gözəllik alıb,

göydə ki "Ay"ı da kəməndə salıb.

Ulduzlar həsrətdən üzülüb qalıb,

nə gözəl yaradıb bağçanı bağban.

 

 

Yaxşılıq

 

Yaxşılıq etməyin, savabı çoxdur,

onun bərabəri, dünyada yoxdur.

Həyatda xoş günlər, ancaq onundur,

onunla ucalır, şən olar insan.

Sevinir özü də, səni yaradan.

 

Səni xəlq eyləyib, öz istəyilə,

nə varsa yaradıb, öz əli ilə.

Bir ürək bəxş edib, sevgisi ilə,

kin-küdrəti qoyma, orda əkilsin,

qəlbiniz heç nədən, qəmə bələnsin.

 

Yaxşılar heç zaman, peşiman olmaz,

çatlamış torpağa, su töksən doymaz.

Göz önündə olan, gül-çiçək solmaz,

bir "dən"də torpağa, düşsə bitəcək,

bərəkətli günlər, belə gələcək.

 

Günəş yaxşılara, nurunu verib,

"Ay" da utanaraq yaşmağın çəkib.

Dumanlar göylərə, pərdəsin sərib,

pis niyyət səmayə qalxa bilməsin,

yaxşılar yanında, o, görünməsin.

 

Yaxşılıq paslanmaz, suda islanmaz,

alova düşsə də alışıb yanmaz.

İllər gəlib keçər, artar azalmaz,

yaxşı olub bu dünyada iz salaq,

sağ ikən yaxşının gərəyi olaq.

 

 Bir an düşünün

 

Bəlkə tezdi, bəlkə gecdi bilmirəm,

mən belə zamanla yola getmirəm.

Ona istəyimi daha demirəm,

aldadıb toruna məni salıbdı,

qəlbim dərd əlində tənha qalıbdı.

 

Dünyanın oynunda çaş-baş qalmışam,

əzabla sevgimi ondan almışam.

Dərdimi göylərdə "ay"a yazmışam,

Kədərdən əlimi üzə bilsəydim,

sevgimi səninlə yarı bölərdim.

 

Arxa-dayağımı alıb apardı,

könlüm xoşluğunu onda tapardı.

Başın sinəm üstə qoyub yatardı,

xoş günlərim getdi, qayıtmaz daha,

ümidim qalıbdı ancaq Allaha.

 

Doğmalar yadlaşıb, üzlər dönübdür,

kimsəsiz evlərdə çıraq sönübdür.

Kasıblar tikəsin yarı bölübdür,

varlılar yolundan elə çıxıblar,

şeytan əməlinə gedib uyublar.

 

Nə olar, insanlar, bir an düşünün?!

Sevinci-kədəri birgə bölüşün.

Hər şeyi edəyin özünüz üçün,

biz onu qoruyaq öz canımızda,

qoymayın insanlıq itsin arada.

 

 

Bir eşq yaratdım

 

Eşqimizin nazı ilə oynadım,

yaman gözü ona yaxın qoymadım.

Şirin nağıl idi, ondan doymadım,

mən ki ürəklərdə bir eşq yaratdım.

 

İlahidən aldım eşqin gücünü,

göstərdim hər kəsə qəlbin üzünü.

Özümə can bildim dostun sözünü,

mən ki ürəklərdə bir eşq yaratdım.

 

Qıymadım mənimçün can deyənlərə,

nur oldum yolunda ilk sevənlərə.

Xeyir-dua verdim yol gedənlərə,

mən ki ürəklərdə bir eşq yaratdım.

 

Dərdləri sevincə çevirə bildim,

qəmli baxışların yaşını sildim.

Sevincdən pay verib özüm sevildim,

mən ki ürəklərdə bir eşq yaratdım.

 

Bu həyat gözəldi, qədrin biləyin,

bir dəfə gəlmişik, sevib seçəyin.

Sözünüzü qızıl gülə bələyin,

mən ki ürəklərdə bir eşq yaratdım.

 

Xəbislik etməyin nə mənası var?

sevilin həyatda, olun bəxtəvər.

Pislər unudular, yaxşılar qalar,

mən ki ürəklərdə bir eşq yaratdım.

 

 

Sən deyən yolla

 

Kaş ki, çıxmazdın, qarşıma,

dedin gəlib nə başıma.

Zəhər qatdın sən aşıma,

gedirəm sən deyən yolla.

 

Bu yolun sonu uzaqdı,

baxdırmaq axı yasaqdı.

Falçıya getmək nahaqdı,

gedirəm sən deyən yolla.

 

İllərdi düz gəlir sözün,

uğruma dəydi gözün.

Vurulmuşdun mənə özün,

gedirəm sən deyən yolla.

 

Hətta yaşıda söylədin,

gərək onu deməyəydin.

Səni bəlaya gələydin,

gedirəm sən deyən yolla.

 

Doxsan beş il söyləmisən,

söylə bunu nə bilmisən?

ömrümü dərdə bükmüsən,

gedirəm sən deyən yolla.

 

Uzun ömür istəmirəm,

o qədər də gözləmirəm.

Yaş ötdükcə üzülürəm,

gedirəm sən deyən yolla.

 

Yazan pozsun o illəri,

yaşayım gözəl günləri.

Qoy mən görüm sevənləri,

gedirəm sən deyən yolla.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!