Dözümünə afərin, Xudafərin!
Gün o gündü...
Novruzqabağı
Xudafərin körpüsünün ətəyində
Araz Elsəs söz deyirdi,
saz deyirdi
Bayatı qoşurdu,
ağı deyirdi
Arazın sularına ağır-ağrı
ağrı-ağrı
Araz axırdı ağır-ağır,
ağrı-ağrı
Gün o gündü...
O taylı, bu taylı
bir millət baxır axı
(Körpü də yoldu axı...)
Bu taydan baxanda
o tay da əl edir axı
Gün o gündü
Bu tayın söz azadlığı
O tayın göz azadlığına
qovuşub axırdı.
Ozan səsi
Azan səsinə qarışıb axırdı
Arazın sularında
ağır-ağır
fağır-fağır...
Araz Araza qovuşub axı
Araz xına qoyub Arazın səsinə,
Xudafərin körpüsünün
daşına, kərpicinə
Gün o gündü...
Gözün aydın, Xudafərin!
Hər kərpic xınasına
Hər daşın naxışlı mamırına
alqış düşür.
Göz yaşıyla yoğrulan
Təməlinin suvağına vurulan
Həsrətin yumurta sarısına
alqış düşür.
Yaddaşın mamır sarğısına
min şükür...
Dözümünə afərin, Xudafərin!
Biz üçrəngli bayrağı sancdıq.
Sərdik sinənə.
O taylı, bu taylı
gözaydınlığı.
Gün o gündü...
Araz oxuyurdu, Arazbarı
Araz qırağı
Araz axırdı ağır-ağır,
Ağrı-ağrı...
Mart, 2023
Ürəyimə damıb, sən şeir deyəcəksən Cıdır düzündə
Ola bilər, biz görmədik Şuşanı...
Ola bilər,
Aqil Abbas yetmədi Ağdama -
Dizinə döyə-döyə
Qocaldı Milli Məclisdə...
Ola bilər...
Ola bilər,
Zakir Fəxri yuxusunda görür Şuşanı, ola bilər,
Ola bilər,
Vaqif Bayatlı
küsüb getmədi Cocuq Mərcanlıya,
Ramiz Rövşən - Müskanlıya...
Ola bilər...
Ola bilər,
Şərif Ağayar görmədi Laçını,
Mələyə-mələyə qaldı Harami düzündə...
Ola bilər...
"Mən Şuşadanam" deyirsən,
Olsun...
Mən o gün bilmişəm, sən Şuşadansan,
Sən şüşə kimisən, sözü oxşayan qızım,
Şuşaya oxşayan qızım!..
Biz aldanmışıq,
Bizi aldadıblar.
Könlünə dəyməsin Xarıbülbülün
Ondan bir tanə deyil,
Ondan min cürəsi var Balu adasında...
Şuşadan bir tanədi...
Bizi aldadıblar,
Biz aldanmışıq.
Ola bilər, biz görmədik Şuşanı...
Biz qocaldıq, "Şuşa" deyə-deyə
Şüşəyə, Şuşaya oxşayan Könül Arif!
Ürəyimə damıb,
sən şeir deyəcəksən Cıdır düzündə
Boynunu bükməzsən bənövşə kimi
Sən şeir deyəndə Çıdır Düzündə.
Minarələr dağılıb,
Şuşa öz yerindədi,
Sözü oxşayan balam,
Ürəyimə damıb,
sən şeir oxuyacaqsan Cıdır Düzündə,
Baban Həsənqulu kişinin
dağılmış darvazasına baxa-baxa...
İyul, 2017
Adam cibindən üşüyər
Nə baxırsan yoxsul bəyə,
Nə gülürsən bu kişiyə?!.
Ağac içindən oyular
Adam cibindən üşüyər.
Pul əl çirkidi... Yalandı.
Malın verən canın verər.
Ağac içindən sıyrılar
Adam canından çürüyər.
Kasıb qəribdi Vətəndə
Qalıb yollarda tövşüyər
Ağac içindən can verər
Adam cibindən üşüyər.
Mövlud ağacı - Yasəmən
Mövlud Mövludun intihar xəbərinə
min şeir yazıldı
min birincini yazmadım
"Min bir gecə" nağılı açmadım
adına bir ağac əkdim həyətimdə.
Onda gördük
gecələr
qanadını qanadına vurub
uçur, uçur Ucalığa
gündüzlər qonur yerə.
Onu da gördük
günlərin birində
qanadları qırıldı
yandı...
qurudu...
intihar etdi Mövlud ağacı.
İllər yaman tez keçdi -
əksimiz şəhid gözlərində
dünyadan köçdü...
...Bir mövlud gecəsində
köklü-köməcli Yasəmən ağacını
bağından çıxarıb
bağıma gətirdi Aydın Uluxanlı.
- Bu da Yasəmən ağacı -
Mövlud yaşında...
...Buraların havası yaman
soyuğu Sibir, istisi Yəmən
ya Sən, ya Mən - fərqi yox
Sən güllər Şahzadəsisən,
Yasəmən!
Ətrindən, hənirindən
bu ağac dirilər,
hökmündən bu ağac çiçəkləyər
bağımda, bağrımda
Mövlud ağacı - Yasəmən.
2022
Oğlum Qorqudun
32 yaşına
At muraddı, - deyiblər
murada yetmək
atını minib yürümək
yarını tapıb yarımaq
baxtını dişinə vurub
sınamaq vaxtıdı.
Bir az tələs,
vaxt keçir - baxt baxır
Yaşın dişlərinin
sayına çatdı.
06.08.2021
Ölüm-ölüm oyunu
- O kətil,
o da kəndir
Qalx boyundan yuxarı!
- O tonqal,
o da təndir...
Yandı ruhum, buxarı!
- O qədəh,
o da zəhər...
O, girəcək min cildə,
zəhərləyəcək səni...
- Kim?
- Əşəs qızı Cudə!
...Gülüb,
mənə göz vuran
Bəs niyə əl saxladın?
Kölgəmi baltalayan,
ölüm-ölüm oynayan
qara gözlü cəlladım?!.
Üzü qibləyə
Hara getsəm məni tapar
Qəm karvanı ayrılıqlar.
Harda olsam yolum üstə
Ağ gülün qara ləçəyi
Açılır üzü qibləyə.
Başımın min cür qəzası
Könlümün dəli sevdası
Yenə eşqimizə
matəm havası
çalınır üzü qibləyə.
Ay qıvlasız Aşıq Sarı.
sonda bütün çiçəklər sarı.
Çöndüm tərs üzümə, -
qərib baxtıma sarı,
həsrətim üzü qibləyə.
...Köç elə,
sevdiyin kafir şəhərdi.
Burda bilinmədi xeyirdi,
şərdi.
Çək, dərviş,
qırx dəvə yükü dərdi,
çək apar üzü qibləyə.
Nə var, nə yox,
Xanım əfəndi?..
Xanım İsmayılqızına
Dörd fəsil dördkünc yerdəsən
Dünyan ağ-qara kəfəndi.
"Adı olmayan fəsil"də
Nə var, nə yox, Xanım əfəndi?
Səssiz otaqda sözsüz nəğmə
Dilsiz-ağızsız qıfılbənddi.
Adı bilinməyən fəsildə
Nə var, nə yox, Xanım əfəndi?
Dörd fəsil dördkünc otaqda
Gözə görünməz duman, çəndi.
Bitib-tükənməyən fəsildə
Nə var, nə yox, Xanım əfəndi?
Dörd fəsil dördkünc yerdəsən
Dördkünc yerdə mövsüm dəyişir.
Vaxt susur, zaman dəyişir
Bitib-tükənməyən mövsümdə
Nə var, nə yox, Xanım əfəndi?
2021
Yeddi qıfıl arxasında
Çirklənməz tirmə köynəyim
qaldı fələk boxçasında.
Sədəf düymə ağ ləkəymiş
bəyaz köynək yaxasında.
Yuyat yerində yuyulan
ölən günahımdı qalan.
Kirə çıxırmış ağ yalan
qara baxtın soxasında.
...Əynimdədi söz kəfənim
sirli qalıb qəfil bəndim.
Yatır yeddi qıfılbəndim
yeddi qıfıl arxasında.
***
Səhər tezdən
mobil telefonuma göndərilən
ünvansız, insafsız bir mesaj
xoşuma gəlmədi,
ağlıma batdı:
"Həyatı dəmir kimi ağır
köpük qədər boş
bilərək
yaşamaq nə gözəl..."
Söndürdüm telefonu
xoşuma gəlmədi...
ağlıma batdı - karıma gəldi
dilimin ucunda
dərman kimi saxladığım
söyüş...
Günahın kafirə, solaxay!
Deyirlər
sağ əl verəni sol əl bilməz
Bəs
sağ əlimin sarğısını
sol əlim açar,
bağlayar yarasını
Ürəyimin başında yeri var
sol əlim çəkər
sağ əlimin ağrısını.
Günahın kafirə, solaxay!
Sol əl
ürəyə beş barmaq yaxındı.
Teymurlu Kazım bəyə məktub
Dost gördüm
gözləriylə yox, -
ürəyilə görür adamı.
Dar gündə
ayaqlarıyla yox, -
ürəyilə yeriyir
ürəklə yarıyır
dosta sarı.
Görən görür,
bilən bilir
Nə yazım, Kazım bəy!
Yazıya nə pozu?..
Onlar sözlərinin,
göz yaşlarının arasında
ürəklərinin parasını
göndərirlər çörəyin arasında.
Onlar dar günümdə
Simurq lələyi dostlarımdı -
Amma ovlanır bu lələklər
seyrəlir bu adamlar
yoxa çıxır bir-bir...
2023
***
Xanım əfəndilər,
bəy əfəndilər,
eşitdinizmi
uğultusu necə gəlir
dərdlərin?!.
Gördünüzmü,
müəllim bəylər,
bəy müəllimlər,
zəlzələsi necə olur
kədərlərin?!.
Eşitdinizmi, gördünüzmü,
danışdınızmı, bəsdi!
əkinçi cənablar,
biçinçi bosslar!
Qiyamətə qaldı
ən şirin sağlıqlar,
ən acı tostlar...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!