Surə ZİYADQIZI
Çiçək haqqı
Çiçəklərin ətri gəldi,
Arıları çağırmağa,
Arıların başı qarışmışdı
Qənd şirəsinə...
Nə qədər elədilər
Arılar yuvalarından çıxmadı,
Heç çiçəklərin
Üzünə baxmadılar.
O ili
Yaz gec gəlmişdi.
Çiçəklər çox ağladılar,
Göz yaşı kimi tökdülər
Ətirlərini.
Demək, hər şeydə varmış
Etibarsızlıq,
Hətta arılarda da...
Başsağlığı
Dəryazın ağzında
Ölən otların səsinə
Göydə bir anlıq
Quşlar
Qanad saxladılar...
Hərəsi bir lələk atdı
Qırılan otların
Xatirəsinə...
Biçinçilər
Lələyi götürüb təəssüfləndilər -
Söydülər
Quşlara daş atanların
Qarasına...
Çay ömrü
Quruyan çayların yatağı
Həmişə məni yandırır.
Görən necə olub ki,
Çaylar
Bulud kimi küsüb gedib
Öz yatağından?
Göydə gəzən bu dəli, sərsəri
Buludlar ki, var ha,
Öz yatağını axtarır, məncə.
Düşə bilmir amma,
Yatağından çınqıl daşlarını
Daşıyan adamları görüncə,
Qabil demiş:
Yağış yağır Talışa...
Vüsal HƏBİBLİ
Avqustun on üçündə...
Avqustun on üçündə
Axşamdan başlayan yağış
Çəkdi on dördün günortasına...
Yağdı meşələrə qənim kəsilənlərin
baltasına.
Odunçular kədərləndi
Baxanda baltaların pasına...
Deyəcəyim bu deyil əsla,
Yağış yağanda
Evimdə bir stəkan su
Elə atılıb düşürdü ki...
Səsini qatmaq istəyirdi
Çöldə yağan yağışın səsinə...
Məni yaman kövrəltdi
Bir stəkan suyun darıxmağı.
Külək adamlar
Küləklər darıxmağı azaldır, məncə,
Sinəyə, gözə, başa dəyincə.
Hətta ayaqlarına dolaşınca,
Balaca bir kağız parçasını
Başının üstünə qaldırınca,
Sən də o kağızı bir məktuba oxşadınca,
Keçmişi bir anda xatırladınca,
Səngiyir darıxmaq...
Dərin və həm də sərin küləklər
Bilməmiş deyillər,
Sənin - kim üçün darıxdığını.
Onun təmasını gətirirlər,
Sürtürlər sənin üzünə.
Əlini əlinə toxundururlar,
Dodaqlarını dodaqlarına.
Küləklərin içi adamla dolu...
Nə yaxşı, belədi, ilahi!
Təbəssüm nəsli
Kuklanın üzündəki təbəssüm
Məni kövrəldir...
Bir əl boyda təbəssümü
Necə yapışdırıblar
Kuklanın üzünə?
Bir ayağı sınsa da,
Yenə də təbəssüm
Həmin duruşunda,
Saçlar həmin yatışında...
Bəlkə də, hansısa rəssam
Təbəssümünü,
Nə vaxtsa,
Köçürmüş kuklalara.
Kuklalar da
Körpələrə köçürür
Həmin təbəssümü...
Heç vaxt tükənməsin
Təbəssüm nəsli...
Pərvanə MEHMANQIZI
Anlayın
Bütün davaların sonu
Sülhdü, bunu anlayın!
Ey birinci daş
atanlar,
Durun, sonu anlayın!
Bir azdan gec olacaq,
"Bir" dönüb "üç" olacaq.
"Üçlər" də heç olacaq,
Anın, anı anlayın!
Bəbəktək qızarır dan,
Babək baxır kənardan.
Hələ damardadı qan,
Qanın, qanı anlayın!
Mənlik deyil
Bilirəm ki, gec olacaq,
Gec olmaq mənlik deyil.
Uduzmaq iş yerimdi,
Güc olmaq mənlik deyil.
Arzum yoxdur elə də,
Yaşayıram, belə də...
Eşqim düşüb dilə də,
Suç olmaq mənlik deyil.
Tənhalıq yağır evdən,
Sevincdi məndəki qəm.
Bir qızımdı, bir də mən,
Üç olmaq mənlik deyil.
Qızıma...
Selcan üçün
Qızımın əlindən elə tutmuşam,
Buraxsam, ayağım ilişər indi.
Qızımla dünyada bir doğulmuşam,
Ayrılsam, yerlə göy birləşər indi.
Telləri küləkdi, əlləri çiçək,
Gözünə baxsanız, ürəkdi, ürək.
Nöqtə ayağını yerə döyərək,
Elə bil dünyayla döyüşür indi.
Mənimlə yanaşı addımlayır o,
Səs-küyü, nəğməsi tutub hər yeri.
Onun ayağıyla yağır yollara
Mənim ürəyimin döyüntüləri.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!