Dumana bax, ilahi
Yarı qürub, yarı dan,
Dan üzündə bu nə qan?
Dağın başını qatan
Dumana bax, ilahi.
Silkinib his-pasından,
Gələn var Qu yasından.
Tanıdım duasından,
Şamana bax, ilahi.
Ahınla şəklimi çək,
Görüm, necə düşəcək.
Şeh götürmür bu çiçək,
Zamana bax, ilahi.
Oğul
Oğlum Ülvi müəllimin şərəfinə
Kitab zirvə, qələm tişən,
Tutubdur aləmi nəşən.
Öyrətməkdir ülvi peşən,
Sən də müəllimsən, oğul.
Savadınla verib təkan,
Ürəklərdə qurdun məkan.
Tanrı zərrəsidir zəkan,
İmanım, dinimsən, oğul.
Hər zirvədə bir izimsən,
İşıq tutan bənizimsən.
Tanrı payımsan, ruzimsən,
Sünbülüm, dənimsən, oğul.
Sevgiylə qabarıb sinəm,
Gözləyir bir nazlı sənəm.
Tikanlı sərhəd telinəm,
Yurdum, vətənimsən, oğul.
Yarası sərhəd vətənim
Obasıyla, oymağıyla,
Çeşməsiylə, bulağıyla,
Hər yandan öz torpağıyla, -
Arası sərhəd Vətənim.
Elimiz, yurdumuz olan,
Başda Boz Qurdumuz olan,
Məlhəmi Ordumuz olan,
Yarası sərhəd Vətənim.
Həsrətim var yığın-yığın,
Divanə könlümə sığın.
Hürriyyətin, azadlığın, -
Pöhrəsi sərhəd, Vətənim.
Yolumuz Turan yoludur
Günəşdir hər səhər doğan,
Günəş olmaz ki, hər doğan.
Türkün ər oğlu Ərdoğan
Qalibdir haqq savaşında.
Çiçəklənən elim Oğuz,
Parıldayır ulduz-ulduz.
Bayraq qaldırıb Ordumuz,
Boz Qurd havası başında.
Uzanıbdır bizə sarı
Türkün Kür-Araz qolları.
Dağların əhdi-ilqarı,
Min illik tarix yaşında.
Yolumuz Turan yoludur,
Müqəddəs "Quran" yoludur.
Bu yol qədimdir, uludur,
Tarixin qan yaddaşında.
Qalmayıb ki...
Şair Rəşad Məcid Ağdamda dağıdılmış yurd-yuvasını ziyarət edərkən
Can, ay Rəşad, bu nə yurddu,
Daş üstə daş qalmayıb ki.
Halını xəbər almağa, -
Yurdda yaddaş qalmayıb ki.
Yaranı hardan bağlayım,
Düşmənin bağrın dağlayım.
Dedim, hönkürüb ağlayım,
Gözümdə yaş qalmayıb ki.
O uzanan nə yoludu,
Elə qəribdi, uludu.
Ürəyin ahla doludu,
Qucağın boş qalmayıb ki.
Baş açmır çoxu tarixdən,
Hər şeyi yuxu tarixdən.
Viran olmuş bu tarixdən
Bizə sirdaş qalmayıb ki...
Tək durna
Durna köçü çoxdan ötüb,
Nə gəzirsən tək, ay durna?
Göyün sultanı sənmisən, -
Sənmisən mələk, ay durna?
Qərib ahı bir qoşundu,
Hayana baxsan, qurşundu.
Görəsən, hansı quşundu, -
O yağan lələk, ay durna?
Zəvvar idim eşq pirinə,
Batdım bir quşun tərinə.
Yarama məlhəm yerinə, -
Qanadını çək, ay durna.
Vətən eşqi
Vətən eşqi gözlərimi
Tutub şöhrət-şan şəklində.
Bir ruhun divanəsiyik, -
İkimiz bir can şəklində.
Xudafərin körpüsütək, -
İki canda biz bir ürək.
Bakı-Təbriz birləşəcək, -
Bir Azərbaycan şəklində.
Hər sevginin bir adı var,
Ya qış olsun, ya da bahar.
Yanıb külə qovuşdular,
Əsli-Kərəm Xan şəklində.
Könül adlı bu məmləkət,
Yarı Vətən, yarı qürbət.
Vəsf elə, Əlirza Həsrət, -
Bu eşqi Vətən şəklində.
Qarabağa qayıdan köç
Azadlığın müjdə payı,
Qarabağa qayıdan köç.
Tarixin qan yaddaşında
Yatmışları oyadan köç.
Duman da çəkilib dağa,
Nə qul vardır, nə də ağa.
Nəyiniz var aparmağa, -
Damazlıqdan, mayadan, köç?
Oxşayıb künc-bucağını,
Gur yandırın ocağını.
Vətən açıb qucağını,
Yükü dağdan, qayadan köç.
Götürüb Qorqud sazın da,
Ər oğlun da, mərd qızın da.
Bir qəribin avazında,
Sevənləri uyudan köç.
Eşq payısan hər gedənin,
Təzədən cücərər dənin.
Ah, qürbət ilə vətənin, -
Arasını soyudan köç.
Başlayaq köçü saymağa,
Dilimiz batsın qaymağa.
Baxıb ucalan bayrağa, -
Addım-addım boy atan köç.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!