Soyum, köküm Türk oğlu Türk,
Şeyx Səfinin nəvəsiyəm!
Yaranandan övliyayam,
Yer üzünün haqq səsiyəm!
Damarımdan axır qanı,
Ulu xaqan Cingizxanın!
Çox şükür ki, yolçusuyam
Peyğəmbərin, Mürtəzanın!
Ana nənəm Sara xatun,
Şah Təhmasib ələmdarım!
Uzun Həsən doğma dayım,
Ağqoyunlu hökmdarım!
Tarixlərin yaddaşında
Yolum oldu, izim oldu!
Səfəvilər dövlətinin
Şahənşahı özüm oldum!
Özüm atdım təməl daşın
Bütöv Vətən torpağının!
Çatdı sədası dünyaya
Qızılbaşlar bayrağının!
Təbrizimi paytaxt seçdim,
Səfəvilər dövlətimə.
Tək amalım, tək şüarım -
Alqış ulu millətimə!
On dörd xalqın övladları
Dövlətimdə hürr yaşadı.
Dövlət dilim türk dilində,
Neçə hikmət, sirr yaşadı.
Osmanlıyla düz gəlmədik,
Çox xainlər ara vurdu!
Bu soyuqluq, bu ögeylik
Tariximə yara vurdu!
Söz aparıb gətirdilər,
Başımıza daş, döyüşdük!
Nəhayət ki, Çaldıranda
Biz, iki qardaş döyüşdük!
Çaldırana bax, İlahi,
Topuqdandı savaş qanı!
Düşmən deyil, yağı deyil,
Axıdıldı qardaş qanı!
Sayımız az, gücümüzü
Yaradanın gücü bildim!
Qılıncımın zərbəsiylə,
Dəmir topu iki böldüm!
Qələbəyə çox yaxındıq,
Sultan Səlim təlaşdaydı!
Sanki Səfəviylə deyil,
Əzrayılla savaşdaydı!
Fərman verdi topçulara,
Atəş açın, budur niyyət -
Həlak olsun iki qoşun,
Bizim olsun qalibiyyət.
Vəzir-vəkil mat qalmışdı,
Bu əmrinə sultanının!
Görülməmiş qəddar qərar
Ləkəsiydi zamanının!
Sultan Səlimin qərarı,
Ölümlərə fərman oldu!
Aylar ötdü, illər keçdi,
Etdiyinə peşman oldu!
Məndən hədiyyə istədi,
Topu kəsən qılıncımı.
Qardaşımı incitmədim,
Dəyişmədim inancımı.
Bir gün mənə namə yazdı,
Qılıncın da, axı, dedi:
Kəsmədi top lüləsini,
Namə dolu giley idi...
Cavab yazdım qardaşıma,
Hiylə deyil, kələk deyil.
Qılınc həmən qılıncdır, dost,
Bilək həmən bilək deyil!
Məğlub oldum, düz yolumdan
Nə yayındım, nə də azdım.
Otuz səkkiz il yaşadım,
Dövlət qurdum, tarix yazdım.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!