Bu səssizlik qulağımı batırır... - Şeirlər. Tural BALABƏYLİ

 

Hər gecə səni düşünüb

səhəri dirigözlü açıram...

Gedişindən sonra

yuxularım da ərşə çəkilir.

Baxışlarımdan yollarına

yollarından mənsizliyə

hüzn tökülür...

Dözürəm sənsizliyə

və səssizliyə...

Bilirsən niyə?

Mən

səni

ürəyimdən, ağlımdan

çıxartmamışam.

Görünür sənsizlik və səssizlikdə

yox olmamışam -

nə olsun ki görmürsən...

Bu nə sənsizlik,

bu nə səssizlik...

Düşünmək ölümə bərabərdi...

Gəlmirsən gəlmə...

Görmürsən görmə...

Qoy xəyalın gəlsin...

və mənsizlikdə dincəlsin...

Hər tərəf sakitdir -

nə ləpələr küləklərin qabağına düşüb

özünü sahilə aparır,

nə qumlar

ləpələrin ovsununa düşüb

özünü sahildən qoparır...

Necə də səssizlikdir

sənsizlikdir

Bu səssizlik qulağımı batırır...

 

Bilirsən,

nə olmaq istəyirəm?

 

Sevdiyin müğənni,

hətta sevdiyin müğənninin

sevdiyin mahnısı olmaq istəyərdim...

Yox!..

Nə müğənni, nə də mahnı

olmaq istəmirəm.

Sənə verilən ən gözəl

hədiyyə olmaq keçir könlümdən,

könlüncə olan hədiyyə...

Of...

Bu gün yenə sənə şeir yazdım,

bəlkə bir gün oxuyarsan deyə...

Nə barmaqlarım sözə baxır,

nə də ürəyim;

sənə yazdığım şeirlərin

içindən boylanır

sənsizliyim.

Bilirsən, nə olmaq istəyirəm?

Dəftərinə çəkdiyin

günəş olmaq istəyirəm.

Bilirsən niyə?

İçini qızdırmaq üçün...

Bilirsənmi bir də nə olmaq istərdim?

Bir ev olmaq...

O evdən heç çıxma,

həmişə mənimlə qal..!

Sənin üçün nə günəşəm,

nə də ev...

Üşüyürəm

olmaq istədiyim

günəşin istisindən.

İstimə qızınmadığına görə

tüstümə kor oluram.

Səni sevməməkdən qorxuram...

 

Səni belə sevdim, incimə...

 

Sevgi sənin gözlərindi -

ilk öncə gözlərindəki sevgini, ağrını sevdim...

Gülüşündə gizlətdiyin kədəri sevdim.

Baxışındakı qorxunu sevdim...

Sevdim...

Bütün varlığımla sevdim...

İxtisar etmədən - sevdim;

xasiyyətini, səsini, davranışını.

Səni olduğu kimi qəbul etdim və sevdim.

Mənim gülüşüm şəhərinə işıq saçacaq;

gözlərim sənə qaranlıq dar

şəhər küçələrində yol yoldaşı olacaq.

Məşuq etmə özünə, aşiq et.

O zaman günəş belə utanacaq

sevgimizin gözəlliyindən,

səni belə sevdiyim üçün incimə məndən.

 

***

Bilməyini istədiyim bəzi şeylər var...

Səni nə zaman sevdiyimi danışacam sənə;

əsəbləşərdin mənə

çox siqaret çəkdiyim üçün...

Mənə əsəbləşdiyin

zaman sevmişdim səni.

Bəzən haqsız olaraq

məni səhv çıxarardın,

"səhv" olduğum zamanlarda 

sevmişdim səni...

Saatlarla, günlərlə yazmazdın mənə,

özün həmişə yalan danışardın,

Mənə "yalan demə" deyərdin -

yalana büründüyün

zamanlarda sevmişdim səni..

"Ayrılaq" demişdin,

Ayrılanda sevmişdim səni..

Sənin yanımda olmadığın günlərdə,

gecələrdə sevmişdim səni...

yazdığm şeirlərdə

o şeirlərdəki hecalarda

sevmişdim...

İndi "gedirəm" deyəcəksənsə get,

Getdiyinə görə sevəcəm səni...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!