Özü öz gəmisində yelkəndi Allah... - Hədiyyə Şəfaqətin şeirləri

 

Allah

 

Necə gözəl çoxalır zaman zamanın içində,

an anın içində,

insan insanın içində,

Allahı insanın içində...

 

Gecədən keçib gedir yol,

çatmaq olmaz, çatmaq olmaz,

yuxu ölümün o uzü

yatmaq olmaz, yatmaq olmaz.

İnsan insanın içindən keçib yoxa çıxar, çıxar,

Allah insanda bar verib

insandan qopartmaq olmaz..

 

Ayağın altını göy bil,

başının üstünü torpaq,

yaşamaqdan qorxa-qorxa,

çoxalmaqdan qorxa-qorxa,

yox olmaqdan qorxa qorxa

olmaz ki Allah olmaq...

 

Özünü sulara üfür, külünü sulara üfür,

öləndə oyatma Allahı,

şum açmayacaq,

dən səpməyəcək..

dirisənsə,

səhərin açıldığını biləndə oyatma Allahı...

 

Oyatma, evinin qapısını açıq qoy get,

özü öz yuxusuna sığal çəkəndi Allah,

özü öz dənizində gəmidi Allah,

özü öz gəmisində yelkəndi Allah...

 

Hənirinin içindən,

öz dəninin içindən çıxıb gəlib

sən dünyadan Allah üçün darıxıb gedirsən,

Allah dünyaya sənin üçün darıxıb gəlib...

 

 

Yaşıl ürəkli şeir

 

Elə adamlar var, adamdan qabaq

Bilinir, bir dəstə yarpaq olublar.

Olublar yamyaşıl, kövrək sevincli,

Sonra saralıblar, qopub düşüblər.

Sonra düşdükləri yerdə ölüblər..

 

Üstündən ay keçib, il keçib,

Bəlkə,

Ruhları dolanıb bağların üstə.

İntizar dağ boyda, ümid bir tikə,

Budaqdan qopmaqla barışmayıblar,

Çürüyüb torpağa qarışmayıblar..

 

Yaddaşdan çıxmayıb yaşıl çağları,

Üzülüb əlləri yenə, üzülüb.

Düşüb öldükləri şah budaqlara

Hər bahar başqa yarpaqlar düzülüb...

 

Sonra...

Sonrasında nə olasıdır,

Gediblər, itiblər öz-özlərindən

Sonra doğulublar.

Adamlar kimi,

Yaşıllıq tökülür üz-gözlərindən...

 

Hələ də sağdırlar, hələ də canlı,

Hələ də sevirlər ağaclarını.

Bir yol kənarında,

Bir dağ başında

Görəndə hələ də gözləri dolur.

Bəzi adamların yarpaq keçmişi

Çürümür,

Göyərib ürəyi olur..

 

 

Dərd

 

Vaxt yetişib, yaz gəlib, 

Allah da dərd göndərib...

 

Çiçəkləmiş alçada sərçələr cikkildəşir,

Gözümü zilləmişəm, ləkəli pəncərədən göy üzünə baxıram.

Şüşəni döyəcləyir, tıqqıldadır külək də,

Allah da dərd göndərib,

Mən də ki darıxıram...

 

Sərçə barmaqlarının budaqdan yapışması,

Alça çiçəklərinin küləkdə uçuşması

Niyə kədərləndirir ürəyimi bir belə?

- Mənim də ki fikrimin bir belə dolaşması

Olmaya,

Eh!

Olmaya! - deyirəm gülə-gülə,

 

Amma gözüm yaşarıb...

 

Alçanın xəbəri var,

Sərçənin xəbəri var,

Göyün də xəbəri var,

Pəncərənin? - Bilmirəm...       

 

Allah dərd göndərməyə yazı seçib, yaz gəlib,

Nəsə bir məna yoxdur ləkəli pəncərədən harasa baxmağımda.

Mən də ümid edirəm yaşamağa, alça da,

Sərçə möhkəm yapışıb sısqa barmaqlarıyla alçanın budağından...

 

 

Bağdayam

 

Günəş batmağa gedir,

Mən vaxtla yarışıram.

Sevimli ağacımın altında oturub

Sınıq-salxaq tərcümədə Borxesi oxumağa çalışıram.

 

Bir az aralıda polislər

Ayaqüstə çay içirlər.

Bir pişik ayağıma söykənib dayanıb,

Qarşımdan sevgililər keçib gedirlər.

 

Boylu-buxunlu oğlan

Başını yerə dikib yeriyir.

Qız əl-qolunu ölçə-ölçə,

Uca səslə oğlanı danlayır.

Əyilib pişiyə sığal çəkirəm,

Deyəsən, həyatın kitablardan qısa olduğunu

Bir mən anlayıram, bir də ağaclar anlayır...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!