Söz dilin astar üzüdür... - Şeirlər. Elnur Uğur ABDIYEV

 

 

Göy üzündədi

 

Sirr kimi gəlmişəm yer kürəsinə,

Şifrəmin ilk hərfi eşq sözündədi.

Küləktək məkansız, yurdsuz, yersizəm

Əbədi məkanım göy üzündədi.

 

Bir eşqə təşnəyəm adı Vətəndi,

Qəlbdə ocaq yanır, odu Vətəndi.

Havadı, torpaqdı, sudu - Vətəndi -

O Vətən dünyanın o üzündədi.

 

Elnura Tanrıdan gəlib butalar,

Butanı büt sayan ruhən lüt olar.

El gözü tərəzi deyib atalar,

Soruşun, kimliyim el gözündədi.

 

 

İçlərin çölü

 

Çoxdan qazmışam qəbrini

Solumda ölü sağların.

İçi ölübsə yaramaz,

Heç nəyə çölü sağların.

 

Yeri üstündə yaşadan,

Altının diri olmağı.

Göyü göyündə yaşadan,

Yerlərdə yeri olmağı.

 

Nə çoxdu yeriyən yerdə,

Adam görkəmli heykəllər.

Üzündə Günəş doğulan,

İçində nəmli heykəllər.

 

Söz dilin astar üzüdür,

Dil sözün üzünə astar.

Bu astarın üzündəki

Astarı görəndi usta!

 

İçində boğulan səsin,

Harayı daha dərindi.

Könlündən keçmirsə o səs,

Qulaqla duymaq çətindi.

 

 

Ehey!!!

 

Ehey, arxamca daş atan,

Arxadan atdığın daş

Öndə necə addımlamağımı

Addım-addım salır yadıma.

Sən

Məndən arxadasan,

Adam özündən öndəkinə daş atmaz

Saxla o daşı

Yoxsa bu dünyada

Sonda

Özünə daş çatmaz

Üstündə dikəlməyə.

Bu dünyada hər daş

Minada atılan daş qədər suçsuz deyil.

Əyil,

Əyil

Götür önündəki daşı

Atmağa yox ha,

Arxadan gələnin ayağı ilişməsin deyə.

Dünya buzlaqlarından ekvatoruna qədər

Bu dəqiqə

Möhtackən sevgiyə

Sev.

Daş atma ona-buna.

Heç olmasa sonuncu daşı saxla öz sonuna.

 

Xəyalındır tutunacağım

Bu dünyada tək tutunacağım

Sənin xəyalın,

Ey xəyalı vəfalım!

Nə zaman ki üzü dönür bəxtin

Sənə dönürəm.

Xəyalınla təsəlli tapır ümidlər.

Xəyalınla Günəş tellərini üzümə sərər,

Hər səhər-səhər.

Sən bilmədin, balaca!

Eşq suyun göbəyində susuzluq yaşamaqdı.

Sən bilmədin,

Əsl sevgi elə xəyal olmaqdı.

Xəyaldan doğduq ikinci dəfə

Bir-birimizin gözlərində.

Xəyalla tutunduq ruh müvazinətini itirəndə.

Bu dünyada hər kəsin bir yaşama səbəbi -

Xəyalı var!

Xəyallar

Sevginin gerçək rəsmidi.

Gerçək rəssam yox bu əsl sevgini çəkə.

Gözlərimdə

Hər gün xəyalın üzür,

Uşaqkən kağız gəmilər üzdürdüyümtək.

Gözlərimdə xəyalın üzəndə elə sevinirəm ki,

Sanki

Bütün qayğılardan uzaq

O tək eşqlə yaşayan uşaq

Boylanır gözlərimdən.

 

 

Onsuzluğun yağışı

 

Pəncərədən küçəyə boylanan xatirələrim,

Tərlədir pəncərənin gözlərini.

Gözlərimdə bir göz yerini

Oyur, aprelin soyuğu.

Yağır onsuzluğun yağışı

Sonsuzluğun yağışı.

Xəyalını çətir əvəzi açıram başım üstə,

Xatirələr islanmasın deyə.

Pəncərədən küçəyə boylanıram

Yaddaşımın küncündə bir əlil arabası

Bu əlil arabasının oturacağında ümid iməkləyir.

Dirəyib divara ayaqlarını saat

Çıkk-çıkk.

Yerimir onsuz saniyə də.

Özüm özümə labirint-döngə.

Çıxa bilmirəm özümdən.

Aprelin soyuq gecəsində

Pəncərədən küçəyə boylanan xatirələr

Üşüyər, üşüyər, üşüyər.

Üşümək darıxmaqdı,

Ən gözəl darıxmaq xatirələrin səfərbərliyidir.

İçimdə bir yağış var ki,

Taleyim qara buludun yer üzündə səfirliyidir.

Mənə bir qapı göstərin, gedim!

Pəncərədən küçəyə boylanan xatirələrim,

Məni onsuz da aparır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!