Şeirlər - Zəhra SƏFƏRALIQIZI

 

Azadlığını axtaran qadın

 

Azadlığını axtaran qadın,

dinlə içində səssizcə

hayqıran o səsi...

O incə, o gözəl

nəğməni götür

ürəyinin tellərindən as,

xəyallarınla qucaqlaş...

Qəlbinlə ağlının arasında sən,

gündə neçə dəfə

can çəkib ölmə...

Əlini bərk-bərk tutan

əldən yapış,

o ilıq, o sərt duyğuda alış...

Keç cızdığı sərhədin içinə...

Bir küncündə

gördüyün azadlığı götür,

saxla gözlərinin içində...

 

Üşüyən uşaqlığım

 

Yurd-yuvamızdan

bir nifrət qoşunu keçib-gedib...

Allah, sənin gözlərindən necə yayınıb gedib?!.

İtkin xatirələri axtarıram orada -

viranə həyətimizdə,

qəddi əyilmiş evimizdə...

Kor qalmış dərdlər də susur...

Uçulmuş, dağılmış divarlarımızın

daşları sızıldayır,

xəcalətli pıçıldayır:

Bizdə,

qəlbimizdə,

atanın-ananın üstümüzdəki izlərində...

Solan çiçəyinizdə,

quruyan ağacınızda,

tökülən qan-yaşımızda...

Və...

Sissiz qalan,

gecə-gündüz ağlayan,

yanımızdan heç ayrılmayan

körpəcə uşaqlığınızda...

Üşüyür o uşaqlığın,

gəl, bir misra sər üstünə...

 

Payız sonatası

 

Barmaqlarım ona yazılan

sonatasın çalır

payızın saralmış yarpaqlarında...

İslanmış bir payız çiçəyi

dupduru bənövşədən

halallıq istəyir,

Yazın ilıq nəfəsində isindiyinə görə...

Payız yağışı gözləyir bir günah,

yuyunsun, təmizlənsin,

bələnsin bir ovuc təbəssümə,

üşümüş göz yaşlarının üzərinə

ələnsin deyə...

Mən bir payız sonatasıyam

ömrümün dodağında...

 

Yiyəsiz qadın

 

Gəl,

çağır aralıqda

qalan xəyallarını...

Tut əllərindən

çək gətir,

o tünlükdə sovrulan arzularını...

Aç qollarını,

bağrına bas

nisgilli ağrılarını...

Önəmsəmə aldadan

gümanlarını...

Get,

sığın gecələrə,

söhbətləş, dərdləş onunla,

özünə həmdəm et qaranlığını,

ay bu dünyada yiyəsi olmayan,

yiyəsiz qadın...

 

Ömür

 

Bir üzü yaz,

bir üzü ayaz ömür

köklənir payızın sarı siminə...

Sığınır fələyin qatı bəminə,

başını qoyur zamanın

sürüşkən çiyninə...

Görür ki, ehh...

Üşüyür,

səssiz-səssiz göynəyir,

ovuc-ovuc ovulur,

anbaan sovrulur...

Hönkürür gözündə yuva qurmuş

solğun buludların çiskinli nəminə...

 

Payız nəğməsi

 

Ağaclar yola salır

payız rəngli yarpaqları,

sevindirmək üçün torpaqları...

Budaqlardan sapsarı

təbəssüm yağır

torpağın yanağına

sevgi dolu bir öpüş kimi...

Yollar gözləyir hər gün

o addımların nəğməsini,

dinləmək, dinlənmək üçün...

Günəş payızın əlindən tutdu,

payız özün unutdu...

 

Bir ovuc mən

 

Bir ovuc torpaq atdım

ömrümün üstünə,

Boynu bükük bənövşələr cücərdi...

Barmaqlarımı nə qədər

ovutsam da,

Səssiz hıçqırdı əllərindən

uzaq düşmüş həniri...

Öz əlimlə bağladım qurdağızları,

Nəfəsləri üşütdü məni...

Dönüb ayaq izlərimə baxdım,

Tozu gözlərimə doldu...

Nisgillərimin boyunu sevdim,

Süzüldü şəlalətək

çiyinlərimdən ayaqlarımın ucuna qədər...

 

Gözləyir

 

Üşüyən gözlərinin

kökü saralıb

sarı simin.

Tək-tənha oturub

can verən

daşın üstündə.

Min ildir ki, gözləyir,

yanıb-yanıb yaxılıb,

buxarlanıb

göyün yeddi qatında itib-batan

içinin səsini,

yanağından süzülüb tökülən,

yerin yeddi qatına hopan

masmavi nəğməsini...

Soluxmuş ümidlə

gözləyir,

bir gün yağışa qoşulub yağmağını,

bulağa qarışıb qaynamağını...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!