Bayrağımız
İndi Zəngəzurda qalxıb o Bayraq,
onun başı üstdən quş səkə bilməz.
Orda yer oyaqdı, təbiət oyaq,
o Bayraq
əbədi təhlükə bilməz.
Cənublu bəstəkar-müğənni Arif Mehmandosta
Nəriman Həsənzadə, - adım, soyadım
əski əlifbada yazılacaqdı.
Xalqımın həyatı - mənim həyatım,
məni yetmiş milyon oxuyacaqdı.
Mən ölməyəcəm!
Bu arzum haqdı,
sən də görəcəksən... demə, uzaqdı.
Saata baxma
Allahım, əqrəblər nə yaman gedir,
gözüm baxa-baxa bir zaman gedir.
Bizi görüşdürür, bizi ayırır,
dünyada
gizli bir imtahan gedir.
Göz həkimi
Arazdan od alıb həkim İltifat,
O sənə güc verir, mənə qol-qanad.
O Taylı-bu Taylı Azərbaycanın
gözünün nurudu,
yaşa, ey həyat!
Oğluma
Nazim, o illəri salıram yada,
oğlum, unudulmur heç nə dünyada.
Sənin saçlarını mən ağartmışam,
infarktdan yatanda,
Almaniyada!
Naməlum qadına
Qadın yer üzünə bir yaraşıqdı,
o bir əlifbadı, oxuyan gərək.
Bir az ərköyündü, qəlbi açıqdı,
onu
özündən də qoruyan gərək.
İskəndər - ulu sərkərdə
Padşah İkinci Filip,
bizim eradan çox qabaq, -
deyirlər ki, əmr verib,
qoşun yeridibdi o vaxt.
Fiv şəhəri gözəl-göyçək,
yerlə-yeksan olsun gərək!
Qadın, kişi, oğul-uşaq
qılıncdan keçib heç nahaq!
Yerdə sağ qalan hər kəsi
satıbdılar quləvəzi!
Filipin oğlu İskəndər
görür ki, boşaldı şəhər.
Bir ev qalıb, bir ailə,
satılmayıb onlar hələ.
Orda qalıb, o yer tutur,
soraqlaşıb xəbər tutur:
- Pindardı,
Homerə əvəz,
göydən gəlir o doğma səs,
yerdə gərək biz qoruyaq,
şairə keşikçi qoyaq!
İskəndərdən əmr gəlir,
taxta gəldi, dəmir gəlir.
Hasarlanır xeyli torpaq,
o mülk, o ev, o bağça-bağ!
Keşikçi əsgər də gəlir,
neçə şad xəbər də gəlir.
Lakin başqa bir zamanda,
başqa əsrdə, məkanda,
Lenin varıydı Bolşevik,
Stalin - ondan da çevik!
Söz əhlini sözdə tutdu,
evində, iclasda tutdu.
Dilindən asdı şairi,
sürgünə yazdı şairi.
Cavid getdi, Cavad getdi,
Müşfiqlə bir həyat getdi,
say-seçmə istedad getdi,
getdi qohum-əqrəbası.
Stalin - "Ellər atası"!
O da köçdü bu dünyadan,
çıxmayacaq amma yaddan.
Soruşsalar, hərdən əgər,
hər əsrdə deyəcəklər,
yaşayır xatirələrdə
İskəndər - ulu sərkərdə.
İnsan - işıqdı
"Nəriman, sən həyatda tək,
kimsəsiz necə gəlib yüksək
cəmiyyətdə mövqe tutdun?.. Sağ ol..."
Şəmsəddin Axundov
MAA-nın prorektoru
Mənim şərəfimə qalxdı qədəhlər,
məclis meyilliydi sözə-şeirə.
Arxada qoyduğum o aylar-illər
canlı şahidiydi,
deyilənlərə.
Mənim yer üstündə yerim yoxuydu,
olsa da,
arxamda heç kim yoxuydu.
Deyirdim, mən kimin əlindən tutum,
əvvəlcə o tutsun, yoxsa, mən tutum?
Başım az dəymədi məhək daşına,
dünyanın qəsdi nə, dedim sirri nə?!
Xeyirxah insanlar çıxdı qarşıma,
elə siziydiniz,
onda biri də.
Mir Cəlal müəllim atam əvəzi,
onun qayğısıydı mənim həyatım.
O evdə gördüm mən isti nəfəsi,
yazın istisinə,
qızınammadım.
İndi deməyin ki, həyatda təksən,
sözə könül verdim bir ömür boyu.
Yüz yerdən səs verər, adımı çəksən,
orda Araz üstü,
burda Kür boyu.
Məni türk oxuyur, fars qızı deyir,
nəğməm Hindistanda açır səhəri.
Mənə məktub yazıb dəvət eləyir,
Londonun
Oksford tələbələri.
Kim məndən soruşsa, "səadət nədir?"
Deyərəm: "odur ki, gedən yerin var.
Səni gözləyən var",
məncə, belədir,
səadət hər kəsin özünə oxşar.
Dünya görürdüm ki, çox qarışıqdı,
yolu-yol, izi də iz üstə düşüb.
Mən onda dedim ki,
İnsan - İşıqdı,
qaranlıq işıqla bir bəhsə düşüb.
Yaşadım eşq ilə əlimdə qələm,
çəkdim-çəkdiyimi, çox tez ötdü yaş.
Mən də bu dünyada dünya kimiyəm,
görünən, işıqlı tərəfdi, qardaş.
Məni bir səs çağırır
Əsgərlik illərimi
salıram hərdən yada.
Bir serjantım varıydı,
qışqırardı arada.
Deyərdi: "yeyin yeri,
sıradan qalma geri.
İti gəl, yüyür, tələs!"
Amma güzəştə getməz.
Əsgərlik eləyənlər,
mən nə deyirəm, bilər.
Yerimizdə saydırar,
bir az da bizi "qırar"
yenə yüyürtdürərdi,
bu da xeyli sürərdi.
İdmançıydı, bərk idi,
elə bil dirək idi.
Bir dəfə iki nəfər
itələdi nə qədər,
tərpənmədi yerindən,
nəfəs aldı dərindən,
güldü də gözlərindən.
Deyirdi: "millət gərək,
qaçsın özü də mütləq.
Onda sağlam olacaq..."
serjant deyirdi... o vaxt.
Məni bir səs çağırır
hər yaşımda o vaxtdan,
yaxından və uzaqdan.
Deyir: "sürətlə yeri,
bərk gəl, yeyin gəl, yüyür",
çağırır, "qalma geri!"
Hanı o səs?!
Nə vaxtdı, sənə qurban,
səsin gəlmir, hardasan?
Gör, sənə nə deyirəm,
eşitmək istəyirəm:
bir tale töhfəsini,
bir ömür qismətini,
bir gəlin ismətini,
bir Tanrı duasını,
bir qəlbin sevdasını,
bir qadın nəfəsini,
kim sənin əvəzini
verə bilər Əzizim?!
Bu, ovsundu, bu tilsim.
Hissim, heysiyyətimdi,
mənim səadətimdi.
Başqası duya bilməz,
Allahım,
hanı o səs?!
"Azərbaycan" deyəndə
Nizami, üzümü sənə tuturam,
Bakıda, hər tinə gur işıq düşüb.
Şəhəri götürüb xarici reklam,
bəlkə,
paytaxtımız qarışıq düşüb?!
Firmalar dilidi yad əlifbası,
onun atası kim, anası kimdi?
Qoy bizim Elmlər Akademiyası
bir bəyanat versin, -
söz sahibidi!
Doğmalar, yadlar da onu eşidər,
hələ Dəmir yumruq,
44 Gün,
bu Xalq!
Vaqifə abidə ucaltdı Öndər,
Vaqifin dilini kim qoruyacaq?
Halal haqqımızdı bizim adımız,
özün ki, bələdsən tariximizə.
Dilin dünənini siz yazıbsınız,
dilin
sabahı da göz dikib sizə.
Nizami, mən burda nə desəm, azdı,
şəhidlər yaşadır Azərbaycanı.
Şuşa - Mədəniyyət paytaxtımızdı,
qədim bir millətin
bizik ünvanı.
Bakı ana yurddu, qədim şəhərdi,
unutmayın, Vətənə "can", - deyəndə.
"Ayrılarmı könül candan" - deyərdi,
Ulu Öndər,
"Azərbaycan" - deyəndə.
Salam, əsən küləklər
"...mən cahana sığmazam!"
Nəsimi
Hörmətli Xalq artisti Rasim Balayevə
Nəsimi danışırdı,
yenə üsyan,
şikayət!
Dünya başqa dünyadı:
zaman, əsr,
cəmiyyət.
Bir dəfə asmışdılar,
bu dəfə
susurdular.
Daşa, divara deyil,
tarixə
yazırdılar.
Onun yanında olub,
onu görməmək
olmaz.
Düzünə dediyini,
tərsinə
demək olmaz.
- Səhnələr, tamaşalar,
aktyorlar,
nəhayət, -
yox, bizim vaxtımızda
belə deyil
sənət.
Qızların ekran boyu
oyunu
oyun deyil.
O yeriş özgənindi,
o gülüş,
onun deyil.
O əyləncə, o mahnı,
o həyat
o cür olmur.
O hikmət bizimkidir,
təqdimat
o cür olmur.
Əxlaq dərsi keçirlər,
susan kimdi,
deyən kim?!
Sənə, mənə üz tutan,
ya tərif
eləyən kim!..
Nəsimi danışırdı,
onda yalan
yoxuydu.
Dar ağacı yoxuydu,
təqib, filan
yoxuydu.
Sən - özündən doğuldun,
şair,
Nəsimi oldun!
Nəsimilər asıldı,
doğulduğu
əsrdə.
Abidəsi qoyuldu
qətl olduğu
yerdə.
Bir əsrin iki qütbü, -
dar ağacı,
Abidə!
Üfüqdə Nəsimidir, -
dan sökülür,
ey Vətən!
Səhər açılır, səhər!
Salam, əsən küləklər...
Sən bizim ellər qızısan
Dörd yaşlı İpək qızıma
Mənim adı İpək qızım,
çəmən qızım, çiçək qızım,
gözəl qızım, göyçək qızım,
xoşbəxt olsun atan-anan,
sən bizim ellər qızısan.
Elə ki, açılır səhər,
gülüşlərin şirin-şəkər!
Doymaq olar səndən məgər? -
xoşbəxt olsun atan-anan,
sən bizim ellər qızısan.
Ədaların çeşid-çeşid,
bir söz deyim, sən də eşit.
Şair baban Rəşad Məcid,
xoşbəxt olsun atan-anan,
sən bizim ellər qızısan.
Şabran
26 iyul, 2023
Sənin gülüşünə
möhtacdı dünya
Mən sənin yanında səndən uşağam,
xoş söz istəyirəm həmişə səndən.
Könlümdü, gözüm yox,
mən gözütoxam,
bir əncam istəyir bu işə səndən.
Dünya necə doğma, necə gözəldi,
bəs niyə deyirlər, "nalədi dünya"?
Qoy deyim, ağlıma bir söz də gəldi,
yəqin, sənə görə,
gözəldi dünya.
Dünya Məcnunların dünyası olub,
dünya Leylilərin dünyası olub.
Elə ki,
onların dünyası olub,
onda da dünyanın mənası olub.
O vaxtdan bəşərin güləni azdı,
Allahım, heç doymur, nə acdı dünya!
O vaxtdan pozulub bax, bu tarazlıq,
sənin gülüşünə
möhtacdı dünya.
Sənin nəğmən
Sənin bizə gəlməyinə hələ var,
gecə keçib, səhərə bir xeyli var.
Göydə Ayın seyr eləmək meyli var,
ulduzlarla bitməyibdi söhbəti,
yerin ayrı, göyün ayrı söhbəti.
Sən gələndə, göydə günəş yanacaq,
pəncərədən bir gözəl boylanacaq.
Oyağamsa, qapımızı açacaq,
yatmışamsa, dinməz geri dönəcək,
gecə yəqin şeir yazıb deyəcək.
Mələklərtək pakdı, safdı nəfəsi,
o da yerdə - mələklərin əvəzi.
Yerin-göyün, bəlkə də, son töhfəsi,
düz deyiblər, səsli-soraqlı dünya!
Biz haqsızıq, sən yenə haqlı, dünya!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!