Səhər əlimdən tutmasan, axşam bir ulduz axacaq... - Adilə Nəzərin şeirləri

 

 

Ayrı oldu

 

Dünya yaranandan ta üzübəri,

Tanrı ayrı oldu, qul ayrı oldu.

Məkan dəyişəndi, zaman fərari,

Rüzgar ayrı oldu, il ayrı oldu.

 

Fələk atanda dağ, dərə bilmədi,

Bənna daş dərdini hörə bilmədi,

Bağban öz barını görə bilmədi,

Çəmən ayrı oldu, gül ayrı oldu.

 

De, kim yanmadı ki sevgi oduna?!

De, kim salmadı ki, eşqi yadına?!

Kim ki, vuruldu od, alov qadına, -

Ocaq ayrı oldu, kül ayrı oldu.

 

Əzəldən hədəfi səhv salan oxdu,

Günəş gözlənilən yerə Ay doğdu.

Ən doğru olanı ən yalan boğdu,

Əməl ayrı oldu, dil ayrı oldu.

 

Uzaq düşənlərdi yolun yorğunu,

Suyu quruyan lal gölün durğunu,

O, saz aşiqidi, bu, söz vurğunu,

Mizrab ayrı oldu, tel ayrı oldu.

 

***

Şair olmaq, şeir yazmaq işdi ki?!

Kaş ki, mən də yaşamağı biləydim.

Duymayaydım o danışan gözləri,

Beş gün ömrün üçcəciyin güləydim.

 

Hara baxdım ağrı, acı, qəm, kədər,

Kimin ömrü dağıldı ki mən qədər?!

Ağıllılar o dünyanı mədh edər,

İmkan olsa gedib baxıb gələydim.

 

Başım üstə Ay var,- rəngi mis gümüş,

Qar altında xəyallarım üşümüş,

Düş yaxamdan, cənab, xanım şeir, düş,

Şah olsaydın bugün, qulun olaydım.

 

Üz tuturam misra-misra Tanrıya,

Dönə baxa, bu pak ruhu tanıya,

Məndən olsa, gücüm çatsa hamıya

Can, can deyə, göz yaşını siləydim.

 

Bu nə yoldu başı duman gedirsən,

Ay Adilə, giley-güzar edirsən,

Bəyənmirdin gəlməyəydin,- deyirsən,

Qurban olum, bəs mən harda öləydim?!

 

Yaz çiçəkləri

 

Yenə bahar gəlir bizim ellərə,

Açılır hər yerdə yaz çiçəkləri.

Vüsal nəğmələri qonur dillərə,

Əlləri bəzəyir yaz çiçəkləri.

 

Yenə də fərqlənir günüm çoxundan,

Hələ görməmişəm yazı yaxından,

Gündüz xəyalından, gecə yuxundan

Qopub gəlməyibdir yaz çiçəkləri.

 

Tanrı çox aşiqi belə sınayır,

Əl dəydi-dəymədi yaram sızlayır,

Qəlbimin odundan bir köz sıçrayır,

Alışır oduma yaz çiçəkləri.

 

Adilə, nə deyə seyrə çıxırsan,

Torpaq cuşa gəlir nə darıxırsan?!

Sən elə boylanıb mənə baxırsan,

Mənsə sevdalara, yaz çiçəkləri.

 

Sənə olan ümidim

 

Yenə mövsüm bahardı, yenə yağışlar yağır,

Mən səndən ayrılandan dəyişən illər olub.

Sənə tərəf gəlirəm, sən ki bunu bilirsən,

Ünvan eyni ünvandır, dəyişən yollar olub.

 

Əllərim uzandıqca sənin sevgi yoluna,

Ömrün beşinci fəsli canımı məskən seçir.

Hamıya elan etdim, yer-göy şahiddir buna,

Sənə olan ümidim zülmətimə nur saçır.

 

Necə sevirəm səni, bir sən bilirsən, bir mən,

Arada unudursan, - itir gecəm-gündüzüm.

Təmizləyib ruhumu şübhədən, vəsvəsədən,

Yenə sənin sevginlə aydınlanır göy üzüm.

 

Küsəndə öz dilimi edirəm dilim-dilim,

Gözə dəyən sınıqlıq ondandır, yolüstüdür...

Vüsala can atıram, ulu, uca sevgilim,

Bura göyün altıdır, ora göyün üstüdür.

 

Çalışıram dediyim söz qarışıq olmasın,

Mən ağır qəm yüküyəm, dünya sabun köpüyü.

Tut əlimdən, sağ gəlim, ruhum yara almasın,

Yoxsa baltalayarlar başıkəsik kötüyü.

 

Can şamımın ipini alışdırıb intizar,

Odlanıbdır eşqindən ürəyimin telləri.

Kimsə bilməz nə üçün eləyirəm ahu-zar,

Xəyalınla keçirəm tikanlı məftilləri.

 

Adiləyəm, sənindir hər hərf, hər söz, hər sətir,

Bilirsən ki, burada səni sevən qadın var.

Gözlərim yolda qalır, hərdən bir nəzər yetir,

Köksümün altına bax, doxsan doqquz adın var.

 

***

Alıb qanadlarına həzin bir titrəyişlə,

Məni gətirdi yollar... sanki yaz yuxusuydu.

Yaradıcı dedilər buralarda adıma,

Bu, səndən nələrisə öyrənmək arzusuydu.

 

Nə dedimsə, bilirsən, səndən gəldi, İlahi,

Dediyim duyduğumun bir anlıq ifşasıydı.

Bir fəhmin işığıydı - gəldi qeyri-iradi,

Sənin yaratdığına heyrətin nidasıydı.

 

Bilmədim ki, nə oldu, necə oldu, yazaraq

Qübarlanıb hər sözə sərin-sərin əsməyim.

Çiçəklərin, güllərin dilləriylə susaraq

Misralar arasında gizlənmək istəməyim.

 

Əhvalıma baxmadı köksümdəki qərib quş,

Ötdü istədiyi vaxt, məni saldı zindana.

Nələr çəkdi bu yazıq, ağrılı, talesiz baş,

Qələmini qılınctək çevirəndə nadana...

 

Bu da qismətdir yəqin, sığındım kölgəsinə,

Həyat hər anlamıyla qaralıdır-ağlıdır.

Gələndə bu cırtdanlar, bu divlər ölkəsinə,

Bilirdim ki, yaşamaq ancaq səbrə bağlıdır.

 

Ta əzəldən belədir Adəm oğlunun halı,

Adilə, gözlə görək, yaxşı olar hasilim.

Mənə, səbr etməyə qələm verdin, İlahi,

Verdin ki, həm özümü, həm Səni yaza bilim.

 

***

Axan su, həm əsən küləkdir zaman,

Xoşbəxtlik bir anda dağılan duman,

Ayağın altından çəkilməz yaman...

 

Ay həsrət çəkən göz -susqun və dilsiz,

Sahilin qoynunda ağlayır dəniz,

Ətrafda bahardan qalmayıb bir iz...

 

Hardasa yaxında... baxış var - ilıq,

Gözlərimdə qəmi tutur bir anlıq,

Həyatın ən böyük dərdi ayrılıq...

 

Mən Aya yoldaşam, dənizə dostam,

..Sənə yaxınlaşıb, məni unutsam,

Görsən qırılmışam, təzdən qur, ustam.

 

***

Yenə min ağrı ilə gecəni gün eylədim,

Arada hıçqırığı döndərib Hu eylədim.

 

Bu xırçın dalğalarda bitən ömrə üzüldüm,

Canı göl ortasında çırpınan qu eylədim.

 

Yanmayınca qaynamaz... - od ələyib başıma,

Solğun üzü yumağa gözümə su eylədim.

 

Ağlayaraq doğuldum, ağlayıb qurtarmışam,

Gedər ayaq dilimi özlü-sözlü eylədim.

 

Adilə, cəfan ilə ta incitmə aləmi,

Zülməti nur edən var, rahla könlü, eylədim.

 

Ömür

 

Tutmağa əl olmasa

Tut zamanın əlindən

As özünü ümidlə

Allahın ətəyindən.

 

Basdır ürək dibinə

Nə ki, sınıqların var.

Ver bahar küləyinə

Nə ki, yanıqların var.

 

Bax, gör nədir olanlar

Xeyirdimi, şərdimi?

Zaman dəyişəcəkdir

Şəkilini dərdinin...

 

Beləcə gün keçəcək,

Beləcə ay ötəcək,

Bugün olmaz dediyin

Sabah olub bitəcək.

 

Adilə, bax yollara,

Yollar saçaq-saçaqdır,

Yollar nə vaxt dirənsə

Dərd də qurtaracaqdır.

 

Elə də fərqi yoxdur

 

Belə yalan dünyaya doğrudan gəlmisənsə,

Gəlməklə gəlməməyin elə də fərqi yoxdur.

Gələndə ağlayırsan, gedəndə ağladırsan,

Gülməklə gülməməyin elə də fərqi yoxdur.

 

Yol ayrıcında isən görünməyən bir heçin,

Sınaq otağıdırsa dünya, di gəlin, keçin,

Hamı davasındasa sınıq bir beşin, üçün,

Almaqla almamağın elə də fərqi yoxdur.

 

Həyata gəlməkdən çox getmək belə asansa,

Qələbəlik içində daima tənhasansa,

Sonda belə, ya elə məğlub olacaqsansa,

Olmaqla olmamağın elə də fərqi yoxdur.

 

Qurduğun xam xəyallar toz-dumanda itibsə,

Ümidin səndən əvvəl hüsran olub bitibsə,

Gül vaxtın, çiçək vaxtın boşa gəlib keçibsə,

Solmaqla solmamağın elə də fərqi yoxdur.

 

Doğrunun sığınacaq yeri köşə-bucaqsa,

Qəlbinə yağan yağış elə yağsa da yağsa.

Səndən sonra bir-iki sözün yaşayacaqsa,

Ölməklə ölməməyin elə də fərqi yoxdur.

 

Sən baxmasan

 

Sən baxmasan gözlərimə,

Gəlib bir mələk baxacaq.

Səhər əlimdən tutmasan

Axşam bir ulduz axacaq.

 

Gözlərimdə nəmli tülbənd,

Baxmırsan, görə biləsən.

Pərdə-pərdə, bulud-bulud

Dolan tökülmür, siləsən.

 

Bu nə haldır ki bizdəki,

Danışmırıq, kirimirik.

Bir eşqin üstümüzdəki

Haqqını verə bilmirik.

 

Bəlkə mən də koram indi,

Görə bilmirəm qəlbini?!

Gündüzün yuxusu kimi,

Könlünün duyğusu kimi.

 

İçimdə qıvrılan səslər,

Gələn gedişin səsidir.

Yarımçıq qalan həvəslər,

Ahımın buz atəşidir.

 

Sən baxmasan gözlərimə,

Gəlib bir mələk baxacaq.

Səhər əlimdən tutmasan

Axşam bir ulduz axacaq.

 

Xəstə quşa ağı

 

O çırpınan quşcuğaz,

Yuvasına gələmmir.

Qanadından qan sızır,

Dəvasını bulammır.

 

Kəsilib yemə-içmə,

Kimsə bəxtini seçməz..

Gözləri iki çeşmə,

Güldürürəm güləmmir.

 

Gündüzün yuxusu var,

Gecənin pusqusu var,

Əyrisi, oğrusu var,

Davasını biləmmir.

 

Özümü yola vurum,

Gedim yanında durum,

Hər yerdən ölür, yavrum,

Sevgisindən öləmmir.

 

Gəl gedək

 

Nə olubsa, danışan yox, gülən yox,

Buralarda dilimizi bilən yox...

Bizim üçün yaşayan yox, ölən yox,

Gəl, ürəyim, ver əlini, gəl gedək.

 

Bizə görə bir dünya yox burada,

Hər günümüz gecə kimi qarada,

Tanrı bir də çətin bizdən yarada,

Gəl, ürəyim, ver əlini, gəl gedək.

 

Hər baxınca gözlərimdə qəm gördün,

Yanağımı yaşlı gördün, nəm gördün.

Qismətimi qismətintək kəm gördün,

Gəl, ürəyim, ver əlini, gəl gedək.

 

Hayıf oldu bu boş qalan əllərə,

Çıxaq gedək könül verək güllərə,

Karvan keçməz, heç quş uçmaz çöllərə...

Gəl, ürəyim, ver əlini, gəl gedək.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!