Zaman kəsiyində itib getmişəm, Məni görən olsa, deyin ki, sağam... - Aysel Fikrətin şeirləri

 

 

Adamın gedəni ola,

Gəldiyi günü gözləyə.

Məktublar gələ uzaqdan,

Gördüyü günü gözləyə.

 

Gözləyə gözlərindəki,

Qəmdən şəkil çəkə-çəkə.

Gözləyə dərdi cücərdib,

Ürəyində əkə-əkə.

 

Uzaqlar ola uzaqlar,

Uzaqdan baxan gəlməyən.

Bir dəfə üzünə həsrət,

Bir daha elə gülməyən.

 

Adamın gedəni ola,

Gəldiyi günü gözləyə.

Bağ-bağat sala dünyada,

Dərdiyi gülü gözləyə.

 

Gözləyə gözünü tutan

Tor aləmi bürüyüncə.

Gözləyə-gözləyə onu,

Yaşayınca həm ölüncə.

 

Adamın gedəni ola,

Çıxa qatarın yoluna.

Təyyarənin zolağına,

Sakitcə onu gözləyə.

 

 

Şeir oxuyum

 

Dünyada bir sözlə heç bir şey yoxmuş,

Gedirəm anama şeir oxuyum.

Cənnətin ətrini çəkim sinəmə,

Sözlərdən gözünə naxış toxuyum.

 

Təkcə onun üçün gözəl qalmışam,

Təkcə onun üçün güclüyəm belə.

Ömür qatarının yorğun yolçusu,

Üstündən keçilib belədən belə.

 

Ana, niyə məni kimsə sevmədi,

Nədən bir ürəkdə yerim olmadı.

Hansı daxma eşqin qapısın döydüm,

Mənimçün yaşayıb sonra solmadı.

 

Gedirəm anama şeir oxuyum,

Bağlayaq qapını kimsə gəlməsin.

Sözün sehri bizdə gözəl alınır,

Biz duyub biləni kimsə bilməsin.

 

Gedirəm anama şeir oxuyum,

Gözünün qəminə gedən yol ilə.

Düşürəm yollara pay-piyada,

Sözdən şeirə dönən həmin yol ilə.

 

Gedirəm anama şeir oxuyum...

 

Hanı bu evin adamı

 

Hanı bu evin adamı? -

hərə bir yerə dağılıb,

Sınıq-salxaq xatirələr,

Kövrək ürəkdə dağ olub.

 

Dədəm, ağ saçlı nağıldı,

Bibilərim baharlı gül.

Gəl indi bu gündən sonra,

İnsanlara bağlan, de, gül.

 

Xəyallarda üzür bu qız,

Üç qardaşın bir bacısı.

Hanı bu evin qapısı,

Hanı bu evin bacası?

 

Sütunları yedi fələk,

Göz yaşımı sel apardı.

İndi gözüm zəif görür,

Bəlkə, bəlkə yol tapardı.

 

Mənə düşüb dərdin yemi,

Dənlə-dənlə bitmir hələ.

Nə olardı bu qapıdan

Hamı durub bir də gələ.

 

Hanı bu evin adamı,

Qapı susub, cığır susub.

Tək-tənha qoca dünyanı

Ha səslə, ha çağır, susub.

 

Dünya özü qoca evdi,

Köçən köçür, qalan qalır.

Bir oyunun qurbanıyıq,

Allah verir, torpaq alır.

 

Hanı bu evin adamı,

Hərə bir yerə dağılıb.

Sınıq-salxaq xatirələr

Kövrək ürəkdə dağ olub.

 

 

Göz yaşı

 

İstədim şeir yazım,

Məndən öncə tərpəndi.

Düyünləndi gözümdə,

Bircə damla göz yaşım.

 

Nə dili var, nə ağzı,

Nə bilim, nədi dərdi.

Düzüldü kirpiyimə,

Yanıb-yaxdı göz yaşım.

 

Yanan ürəyə sərin,

Qanan adama dərin.

Gəlin gözümdən dərin,

Qurub taxtı göz yaşım.

 

Nə mən soruşdum ondan,

Nə o anlatdı məni.

Elə belə, səssizcə,

Dolub baxdı göz yaşım.

 

Əzəldən bir iş tutdum,

Bəxtim, gülməz üzümə.

Gəl ki indi dərdə bax,

Olub baxtlı göz yaşım.

 

Bağışlaya bilmədim

Özümü bu canımda.

Baş-başa verib susduq

Mən, O, Gözüm, göz yaşım.

 

 

***

Səni yanpörtü yaşadım, ömür,

Elə düşündüm mən hələ son deyil.

Bu günü dünəndən daşıdım, ömür,

Hər gün bir olmazım yeni don geyir.

 

Məhəbbət aldatdı, həqiqət satdı.

Nə vardı əlimdə samana döndü.

Hələ günlərimə isinəmmədən.

Gözümün önündə zamana döndü.

 

Uşaqtək qaçmadım göy çəmənlikdə,

Gənc olub gülməyim yadıma gəlmir.

Ucada alınmaz qala misalı,

Hər geydiyim sevgi adıma gəlmir.

 

Qorxdum dənizindən, qorxdum çayından,

Göyün buludundan üşəndim, heyhat.

Gəl ömrün sonunda birdən gülümsə,

Əlli ildə bir yol ürəyimə yat.

 

Qorxuram dünyadan köçən günümdə,

Dünyanı görmədim desəm gülərlər.

Allahdan özgəsi bilməyən dərdi

Gözümün yaşından sezib bilərlər.

 

Sevgidən ağrıdan uydurub şeir,

Kağızdan göy çəkdim, günəşi oldum.

Baxıram son eşqin ucsuz yoluna,

Görünür, insan yox, mən elə yoldum.

 

 

Bilmədim

 

Ürəyimdən yer üzünə fırlayan,

Sevgim idi, bir də tapa bilmədim.

Getdi hansı xarabada saraldı,

Sığışmadım ipə-sapa bilmədim.

 

Harda oldum bu cürə buzdan adam,

Göz yaşının zərrəsinə yad adam.

Səssiz adam, uzaq adam, dərd adam,

Nədən belə döndü dövran, bilmədim.

 

İnsan nədən sevgisini itirə ? -

Ruhu cana zorla tapıb yetirə.

ayrılığa öz xoşuyla gətirə,

Öz-özünə düşmən ola, bilmədim.

 

Bilmədiyim hələ çox şey var idi,

O çağ bütün düşüncələr kar idi.

Heç nə yoxdu, bir sevgimiz var idi,

Odda yandı, suda batdı bilmədim.

 

 

***

Can çəkirəm yaşamağa bir günü,

Yatım qalım bu ömrümü, can, dədə.

Yalvarıram gecə-gündüz Allaha,

Yeni ömür yolla göydən yoruldum.

 

Eyni yerdə yaşayıram əlli il,

Usanmışam bu cığırı dönməyi.

Qorxuram ki, təkrar keçən ömrümün,

Təkrar-təkrar heç gəlməyə ölməyi.

 

Bu nə qəza-qədər idi, doğuldum?

Bir səhv idi eləmişəm, bağışla.

Bəs sən niyə aldadırsan başımı

Eyniliyə vurğun köhnə naxışla?

 

Otuz ildir eyni işdə işlədim,

Eyni pillə, eyni qapı, eyni yol.

Mən yoruldum eyni döngə keçməkdən

Mən yoruldum, sən də bir dəfə yorul.

 

Unutmusan? Vallah-billah, burdayam,

Kimsənin toyuğuna kış demədim,

Nə özgənin baxçasına daş atdım,

Nə bir dəfə haram tikə yemədim.

 

Sözüm budur özüm çox cəhd elədim,

Ha fırlandım, ha hərləndim eynidir.

Allah, daha sona bir şey qalmayıb,

Özgə yerdən olum göndər, sevindir.

 

 

***

Zaman kəsiyində itib getmişəm,

Məni görən olsa, deyin ki, sağam.

Hələ öz gözümdə balaca bir iz,

Özgələr gözündə qocaman dağam.

 

Ürəyim bir quru sözə bənd, kövrək,

Dilim acı olur, soyuq buz kəsir.

Hər səhər evimin içində həsrət,

Dəli külək kimi dörd yana əsir.

 

Gülüşüm üç dörd il öncə yox oldu,

Son güldüyü anı var yaddaşımda.

Mənim bu ömrümün xəmiri boşdur,

Nəsə çatışmayıb təməl daşında.

 

Bir az sevgi gəzdim xarabazarda,

Bir az doğmalarım getdi ağladım.

Hər gün bir kədərin əlindən tutdum,

Düyüntək yolları bükdüm bağladım.

 

Qalmışam şad-xürrəm gözəl çağında,

Yatmışam anamın doğma dizində.

Məni zaman salıb itirdi yolda,

Nə göydə günah var, nə yer üzündə.

 

Zaman kəsiyində itib getmişəm,

Məni görən olsa, deyin ki, sağam.

Hələ öz gözümdə balaca bir iz,

Özgələr gözündə qocaman dağam.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!