Elə bil
Həyat
gah deyir addım at,
gah deyir dayan -
Elə bil
azyaşlı uşaq
işığı söndürür, yandırır...
Bəzən
adam tapa bimirəm mən
sevincimi bölüşməyə -
Elə bil
Başıma bədbəxt bir hadisə gəlib:
o yan durur,
bu yan durur...
Təkəm,
istəmirəm gecikəm.
Çatmalı olduğum yerə gedirəm qaça-qaça,
Qaytarır içimdəki səs
qaçmağa başladığım
yolun başlanğıcına -
Elə bil
Allah məni
gözlərimlə qaşlarımın arasında dayandırır...
Yenə
narahat oluram nəsə
günah eylədiyim gün.
Özümdən ixtiyarsız
gözübağlı dua edirəm yatağımda -
Elə bil
yuxuda Əzrail şapalaq vurub
əllərimi oyandırır...
Qiyamətdən əlamət
Daş yağacaq başımıza:
Dünyanın yığdığı daşlar
ətəyindən düşəcək -
Gözündən düşməyənlər
ürəyindən düşəcək...
Od yağacaq başımıza:
Günahlar dönəcək külə,
yer yanacaq həmin gün -
Şeytan qır qazanından
bir qab alov çəkəcək
acından ölənlər üçün...
Qan yağacaq başımıza:
Şəhidlərlə mələklər
gözləri yaşlı-yaşlı
yaxamızdan tutacaq -
Şəhidlər qərənfilləri
əməl dəftərimizin
başdaşına atacaq...
Bir günün tənhalığı
Bu evdə iki gün qabaq
iki nəfər var idi -
İndi ancaq biri var,
yetim qalıb elə bil...
Masanın üzərində çərçivəsiz,
əzik şəkil -
Şəkil siqaret qoxulu,
şəkil xatirə dolu...
Bir nəfərin əlində bir qədəh şərab,
gəzir otaqda ruh kimi:
Çıxıb gedən, gün gələcək,
bu yanlara cüt gələcək,
bu özünə gələnəcən...
Artıq zaman gec olacaq,
o itirdiyi zamanın
qədrini tez bilənəcən...
Yas saxlayır keçmişə,
üzün qırxmır bu adam...
Belə getsə
intiharla bitəcək -
Gözlərindən hiss olunur -
ölümdən qorxmur bu adam...
Mərhələ
Öncə dünya yarandı,
Adəm, Həvva yarandı.
Nə var sonra yarandı,
həyat təkamül etdi...
Seçildi cənnət ünvan,
xoş yaşayırdı insan.
Odlu-alovlu şeytan
nöqtəni vergül etdi...
Buğda İlahi məktub...
nöqsan Həvvaya mənsub,
nəfsinə oldu məğlub,
dünya tənəzzül etdi...
Güləyən qız
Gözlərinə yaraşmayır göz yaşı
Səni ağladan nədir, güləyən qız?!
Dözəmmirsən, ağır gəlir qəm daşı
İlahidən xoş anlar diləyən qız -
Səni ağladan nədir, güləyən qız?!
Bir vaxt şərbətin içdin xoşbəxtliyin,
Sən qapısından keçdin xoşbəxtliyin,
Könüllü dərdi seçdin xoşbəxtliyin
Sən oldun dalıyca su çiləyən qız -
Səni ağladan nədir, güləyən qız?!
Tək qalmaq çətindir - əsas dərd budur,
Ondan azad olmaq böyük arzudur...
Bilmirsən xoşbəxtlik necə duyğudur,
Doğulandan dərd, qəmə baş əyən qız -
Səni ağladan nədir, güləyən qız?!
Kədər dalğalarında itdi həyat,
Ruhən öldün, səninçün bitdi həyat...
Hər məqamda səni incitdi həyat,
Barışmırsan onunla, küsəyən qız -
Səni ağladan nədir, güləyən qız?!
Çiçək kimi tez açdın, tez də soldun,
Çox ağladın, gözləri yaşla doldun...
Əvvəl belə deyildin, nəzər oldun,
Ətrafında çoxdur gözü dəyən qız -
Səni ağladan nədir, güləyən qız?!
Gələn görüşlərədək
Eh... Yenə də görüşə
Gözüyaşlı gəlmisən -
Dərdini yolda qoy, gəl
Gələn görüşlərə tək...
Mən səbirsiz biriyəm,
Sən unutqan birisən -
Birdən yadından çıxar,
Saatın əqrəblərin
Gələn görüşlərə çək...
Gözüyaşlı qız, sağ ol,
Qalaram yalqız, sağ ol -
Sağ ol, vəfasız, sağ ol,
Gələn görüşlərədək...
Keçmişin qırıntıları
Görüş təşkil edərdim,
həyəcanla gedərdim.
Cibimdə gizlədərdim
əlim tir-tir əsəndə...
Çox həssas idik onda,
məndən küsərdi o da.
Hər hansısa kinoda,
qız oğlandan küsəndə...
Keçən günün dünəni
son dəfə sevdim səni.
Son dəfə sevdin məni
saçlarını kəsəndə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!