Dərd adamı dindirər də, dinər də... - Şeirlər. Ramiz ORSƏR

 

 

Olsun

 

Səsləsən, səsinə hay verərəm mən,

Diləyini bir-bir say, verərəm mən,

İstəsən dünyanı, pay verərəm mən,

Təki ürəyinin xətri xoş olsun.

 

Yüyrək yolumuzu illərmi kəsdi?

Küləklər atlandı, yellərmi kəsdi?

O sərxoş yağışlar, sellərmi kəsdi?

Bu yağan yağışlar xeyrə tuş olsun.

 

Vasvası qeybətlər üzür canımı,

Əkirəm yollara hər gümanımı,

Tarımar eyləmə din-imanımı,

Həsrət də şərabdı, iç ki, nuş olsun.

 

Səsləsən, səsinə hay verərəm mən,

Diləyin nə, di sən say, verərəm mən,

İstəsən dünyanı, pay verərəm mən,

Təki, ümidlərin xətri xoş olsun.

 

Təsəlli

 

Ay da, il də günü günə xərcləyir,

Dilə gələn təsəllidir, təsəlli.

Gecə-gündüz bir-birindən doğanda

Düzdə qalan təsəllidir, təsəlli.

 

Gecə yatar qucaqlayıb sükutu,

Yer süpürər ayın qaşı-qabağı.

Sərçələrin civiltisi oyaqdı,

Ruh paylayar gül-çiçəyin duvağı.

 

Qaranlığın işığında yellənən

O ulduzsa öz rəqsindən keflidi.

Köynəyimin yaxasını düzəldən

Mehə dönən bir gözəlin əlidi.

 

Ağıl dişi çıxartmayıb həsrətim,

Öz dəmində, səbrim göyə dırmaşır.

Günbatana atın sürür gündüzüm,

Ağrım-acım ürəyimə sarmaşır.

 

Ay da, il də günü günə xərcləyir,

Dilə gələn təsəllidir, təsəlli.

Gecə-gündüz bir-birini doğanda

Düzdə qalan təsəllidir, təsəlli.

 

Düzdə qalan düz də mən

 

Dərd adamı dindirər də, dinər də,

Öz oxundan döndərər də, dönər də,

Sevən kəslər alışar da, sönər də,

Bağban mənəm, bağsız mənəm, düzdə mən.

 

Aram yoxdu nə qovğada, savaşda,

Günahsızdı başa dəyən o daş da,

Solan gülün nişanıyam bu yaşda,

Ocaq mənəm, tüstü mənəm, köz də mən.

 

Uzaq mənə bulud-bulud görünür,

Səbrim qaçıb duman-çənə bürünür,

Sağ-solumda qovrulmuşlar sürünür,

Bir də mənəm, əlli də mən, yüz də mən.

 

Həmənkidir astarım da, üzüm də,

Bəxt uyuyur, vaxt oynayır gözümdə,

Bir nisgilim qurcalanır sözümdə,

Susan da mən, dodaq da mən, söz də mən.

 

Məni sevir ayrılıqlar necə də!

Göz-gözəyik gündüzlər də, gecə də,

Yuxularım tüstüləyən gecədə

Öz-özünü aşılayan duz da mən.

 

Dəvələrin əyri boynu düzəlmir,

Açıb tökdüm sandığımı birbəbir,

Ahım dinir, yenə gəlir tək səbir,

Eşqi bulaq, düzdə qalan düz də mən.

 

Zor xəbər

 

Ömür də quş kimi - istiqanlıdı,

Xəbərin varmıdır bu zor xəbərdən?

Həsrətdən boylanar yaz yağışları,

Payız yağışları xatirələrdən...

 

İstərsən, tük yandır, bu, sənin işin,

Ya da telefonun düyməsini sıx.

Vüsalı mən sənə yetirrəm, təki

"Yox!"ların içindən sən bayıra çıx!

 

Bir əlçim buluddu səndən yuxarı,

Bir ovuc torpaqdı səndən aşağı.

Ayrılıq dilini öyrənəmmirəm,

Mən kənd doğumluyam - bir kənd uşağı.

 

Hər işin ustası, cəfakeşi var,

Sevginin dili də sevənə bəlli.

Könül ovçusudu - işıq yandıran

Çiçəklərin dili, güllərin dili.

 

Özümü dilimə qurban edərəm,

Sözümün işığı yana, söyünə.

Yaxınlar, uzaqlar dəvətli olsun,

Şahid olmaq üçün toya, düyünə.

 

Ömür də quş kimi - istiqanlıdı,

Xəbərin varmıdır bu zor xəbərdən?

Həsrətdən yol gələr yaz yağışları,

Payız yağışları xatirələrdən.

 

Hər kəsin haqqı

 

Sevinmək, sevilmək hər kəsin haqqı,

Sən Adəm övladı, mən də insanam.

Vüsalı gətirib gəlirəm sənə,

Bəxtinin qapısı açıqmı, sonam?!

 

Ömür qaçaraqda, qismət yol üstdə,

Dəyərlər o qədər adiləşib ki.

Hər şeyi satmaq da, almaq da olar,

Ətraf özü boyda bazardı sanki.

 

Arzu da saralmış yarpaq kimidi,

Külək qanadları uçurtmur onu.

Əlləri yanında, farağat səbrin

Əzəli görünmür, yox imiş sonu.

 

Dili topuq çalır həsrətin yenə,

Ortaya çıxmağa üzü də yoxdu.

Sonsuza uzanan naz baxışların

Alovu, tüstüsü, közü də yoxdu..

 

Nə qədər ləliyib, çıxıb papuşdan

O məsum hicranın ağzında dili.

Baxışlar göylərə dəyib qayıdır,

Göylərin də yerdən üzülüb əli.

 

Gözlərdə doğulan sevincə bir bax!

Dindirə bilməyir kilid dodağı.

Nağılla, dastanla dinən sevginin

Səslənir dilində bir köhnə ağı.

 

Sevinmək, sevilmək hər kəsin haqqı,

Sən Adəm övladı, mən də insanam.

Vüsalı gətirib gəlirəm sənə,

Bəxtinin qapısı açıqmı, sonam?!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!