Akademik Kamal Talıbzadə bir növ şəxsiyyət etalonu idi. Mənliyi və mənəviyyatı ilə həqiqi ziyalı nümunəsi idi. Kamal müəllim gənc yaşlarından nurani təbiətə malik idi. Ondakı ağsaqqal müdrikliyi, dünyagörüşü, səbir və təmkini ona dərin hörmət və nüfuz qazandırmışdı. Kamal müəllimlə bir yerdə, bir müəssisədə işləmədiyimdən onun haqqındakı xatirələrim də bir növ təsadüfi, fraqmental xarakter daşıyır.
Böyük Abdulla Şaiqin ailəsində tərbiyə almış Kamal müəllimin simasında Abdulla Şaiq nuru var idi. Gülər üzlü, həlim təbiətli, xoş söhbətli bu insan elə bil ki, bu dünyaya yalnız xeyirxahlıq üçün gəlmişdi. Vaxtilə pedaqoji fəaliyyətlə də məşğul olmuş Kamal müəllimdə ideal müəllim təbiəti var idi.
Mənim "Sənət qayğıları" kitabımın redaktoru olduğu zaman onun böyük qayğıkeşliyinin şahidi oldum. Hər bir qeydini, fikrini elə böyük mədəniyyətlə, elə zərif faktla deyirdi və izah edirdi ki, onunla razılaşmamaq olmurdu. "Əbdürrəhimbəy Haqverdiyevin poetikası" adlı kitabım "Yazıçı" nəşriyyatından Kamal müəllimə rəyə verilmişdi. Bir gün təsadüfən küçədə rastlaşdıq. Kamal müəllim kitab haqqında böyük ürək genişliyi ilə, fərəhlə danışdı və onu da əlavə etdi ki, kitabın həcmi nəşriyyat planında göstərildiyindən xeyli artıqdır. Və bunu nəzərə alaraq o öz rəyində göstərmişdi ki, belə əsərləri ixtisar etmək lazım deyil; kitab müəllifin təqdim etdiyi şəkildə çap olunmalıdır. Kamal müəllim tövsiyə etdi, mən də onun rəyinə əsaslanaraq kitabın həcminin nəşriyyat planında artırılmasına çalışdım. Belə də oldu. Kamal müəllimin xeyirxah tövsiyəsi yerinə yetirildi. Kamal müəllimin qeydlərini nəzərə almaq üçün onun rəyini nəşriyyatdan götürmüşdüm. Lap bu yaxınlarda təsadüfən həmin rəyi tapdım. Kamal müəllimin böyük qayğı ilə yazdığı geniş rəyin əlyazması bu unudulmaz alimindən mənim üçün əziz bir yadigar oldu...
Görkəmli alim və ədibimiz Mir Cəlalın 1947-ci ildə müdafiə etdiyi "Azərbaycanda ədəbi məktəblər" adlı doktorluq dissertasiyasını kitab şəklində hazırlayarkən bəzi mübahisəli məqamlarla əlaqədar bir neçə dəfə Kamal müəllimlə məsləhətləşməli oldum. Hər dəfə ona zəng vuranda Kamal müəllim böyük səbirlə konkret faktlara, o zamankı hadisələrə öz münasibətini şərh edirdi. Və hər dəfə də təkidlə tapşırırdı ki, ehtiyac olsa, ona müraciət edim.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müdafiə Şurasında uzun zaman Kamal müəllim sədr oldu. Mən də həmin şuranın üzvü idim. Bu müddətdə mən Kamal müəllimin elmə, alim adına necə böyük prinsipiallıqla, məsuliyyətlə yanaşmasının və müdafiə eləyənlərin taleyinə böyük qayğıkeşlik göstərməsinin şahidi oldum. Mən inana bilmərəm ki, indiyədək Kamal müəllimin evinə haram tikə gəlmiş olsun. Öz şəxsiyyətini, mənliyini hər şeydən uca tutan bu adam kimsənin hüququna, haqqına qıymazdı. Elmi prinsipiallığı da çox yüksəkdi. Ən sərt tənqidini də elə əsaslı-sübutlu, elə dərin səmimiyyət və qayğıkeşliklə deyərdi ki, kimsə ondan rəncidə olmazdı. Çox vaxt müdafiə olunan dissertasiyanın mövzusu ilə əlaqədar ya lap əvvəldə, ya da sonda öz mülahizələrini söylərdi, yeni faktlarla, xatirələrlə, təfərrüatla elmi diskussiyanın diapozununu genişləndirərdi, dərinləşdirərdi, tamamlayardı. Onun apardığı elmi şuralarda, demək olar ki, heç bir əsəbiliyə, gərginliyə, qərəzçiliyə yol verilməzdi. Ağayana, təmkinli davranışı və yüksək mədəniyyəti ilə hər kəsi yerində oturtmağı bacarırdı Kamal müəllim. Həm də belə böyük elmi nüfuza malik olan adam qarşısında hər kəs öz məsuliyyətini yaxşı dərk edirdi.
Kamal müəllim həm də məclislər yaraşığı idi. Bəzən müəyyən qonaqlıqlarda bir yerdə olardıq. Belə məclislərdə Kamal müəllimin şirin söhbətləri, şux zarafatları, , hətta hərdən qol götürüb oynaması hamını valeh edərdi. Bu adam öz şəxsiyyəti ilə, xeyirxah əməlləri ilə sanki hamını bu gözəl dünyada gözəl də yaşamağa çağırırdı; hər cür xəbislikdən uzaq olub insanlara böyük ürək genişliyi ilə yanaşmağı təlqin edirdi.
Kamal müəllim şəxsiyyətcə nə qədər zəngin və orijinal bir insan idisə, alim kimi də bir o qədər çoxcəhətli, dərin və geniş erudisiyalı idi. Kamal müəllimin böyük, fədakar alimlik fəaliyyəti zəngin və çoxcəhətli olsa da, daha çox Azərbaycan professional tənqidi fikrinin formalaşması və inkişafı məsələlərinə, onun nəzəri problemlərinə aiddir. Həm ədəbiyyat tariximizin keçmişini və bu gününü, həm də ədəbiyyat nəzəriyyəsini gözəl bilən Kamal müəllimin bu sahədəki fundamental əsərləri sonrakı tədqiqatlar üçün münbit və inamlı zəmin ola bilər. Kamal müəllim demək olar ki, yeni bir istiqamətin - milli ədəbi tənqid tarixinin yaradıcısı oldu.
Kamal müəllim orijinal və piinsipial tənqidçi kimi də böyük nüfuz sahibi idi. Ədəbi tənqid sanki daha çox sərtlik, kəskinlik, hətta döyüşkənlik tələb edir. Lakin Kamal müəllimin tənqidi əsərləri də onun təbiətinə müvafiq olaraq daha çox yüksək mədəniyyət, dərin zəka və analitik təhlil keyfiyyətləri ilə diqqəti cəlb edir.
Kamal müəllim böyük qayğı və həvəslə yaratdığı müdiri olduğu Abdulla Şaiqin Mənzil Muzeyinə doğma ocaq kimi baxırdı. Həmin otaqlarda vaxtilə özlərinin yaşadığından, oradakı eksponatların tarixindən, fotoşəkillərdəki adamların taleyindən xüsusi həvəslə söhbət açırdı. O, muzeyin bina sıxıntısından, təmir qayğılarından, planlarından qayğıkeşliklə danışırdı. Mir Cəlal müəllimin kitabı ilə əlaqədar hazırlanan televiziya verilişinə aid bir sıra çıxışlar həmin muzeydə çəkilərkən otaqları bir də gəzdik, eksponatları təkrar nəzərdən keçirdik. Bu vaxt Kamal müəllim çox kədərli halda öz yaddaşının son vaxtlar zəifləməsindən gileyləndi. Dedi ki, buradakı hər şəklin tarixini çox dəqiq bildiyi halda, indi çox şeyi xatırlaya bilmir. Mən ona təskinlik verdim, dava-dərmanla düzələcəyini dedim. Həmişə nikbin, gümrah olan Kamal müəllimi çox bədbin və kədərli gördüm.
Uzun illər idi ki, bütün bayramlarda Kamal müəllimə zəng vurub onu təbrik edərdim, səmimi söhbətlərimiz olardı. İnsanların bir-birilə görünməmiş dərəcədə soyuq və ögey münasibətləri olan zamanımızda Kamal müəllim kimi təmizlik və səmimiyyət mücəssəməsi olan gözəl bir insanla telefon söhbəti böyük təsəlli və təskinlik idi.
Vaxtilə "Literaturnaya qazeta"da böyük rus şairi Y.Yevtuşenkonun bir məqaləsi belə başlayırdı: "Vse mı smertniki". Bəli, dünyaya gələndən, həyatı dərk edəndən hamımız bilirik ki, gec-tez ölümə məhkumuq. Bəziləri bundan səhv nəticə çıxarıb bu fani dünyadan fürsət ikən daha çox qoparmağa cəhd edir. Bəziləri isə bu dünyanı daha kamil, daha gözəl görmək üçün özündən sonra da böyük yadigarlar qoymağa çalışır. Birincilərin ömrü vəfat tarixi ilə bitir, ikincilərin ömrü isə əməllərində, xidmətlərində, yadigarlarında davam edir, xatırlanır, yad olunur. Kamal müəllim kimi böyük və işıqlı şəxsiyyətlər nurlu təbiətləri ilə onu tanıyanlar üçün gözəl örnək olmaqla bərabər, fədakar zəhmətləri ilə, yaratdıqları əsərləri, yadigar qoyduqları xatirələri ilə həmişə nəsil-nəsil xatırlanacaqdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!