Ağlım mənə unutdurdu sevgimi... Daha məni bağışlama, ürəyim... - Şeirlər. Qoşqar QARAÇAYLI

 

 

Bir bahar nəfəsli bağ idi könlüm,

Sevgisi əlçatmaz dağ idi könlüm,

Hələ ölməmişdi sağ idi könlüm...

Bir gözəl sevirdi məni qürbətdə...

 

Mavi gözlərində üzən gəmiydim,

Qəlbinin sevinci, həm də qəmiydim,

Ömründə bir şirin nağıl kimiydim...

Bir gözəl sevirdi məni qürbətdə...

 

Könlümü nə vaxtsa yıxıb getmədi,

Yad kimi üzümə baxıb getmədi..

Ən çətin anımda çıxıb getmədi,

Bir gözəl sevirdi məni qürbətdə...

 

Yeganə istəyi, diləyi idim,

Hər zaman hər yerdə gərəyi idim...

Elə bil döyünən ürəyi idim,

Bir gözəl sevirdi məni qürbətdə...

 

Yanar ocağımı soyutmayaydım,

Yatmış xatirəmi oyatmayaydım...

Mən gərək, mən gərək qayıtmayaydım...

Bir gözəl sevirdi məni qürbətdə...

 

 

***

Öyrətmədim sevmə kimi, sev kimi,

Olammadım sənə bir göz ev kimi,

Ağlım mənə unutdurdu sevgimi...

Daha məni bağışlama, ürəyim...

 

Bircə dəfə can demədim heç sənə...

Yoxlatmadım ağrıyanda həkimə...

Süfrə kimi açdım səni, gör kimə...

Daha məni bağışlama, ürəyim...

 

Sənin üçün bulud kimi dolmadım,

Sənin üçün, yağış kimi yağmadım,

Mən heç sənin qeydinə də qalmadım...

Daha məni, bağışlama ürəyim...

 

 

***

Könlüm qalsın, gözüm qalsın,

Nəğməm qalsın, sözüm qalsın,

Qoy səndə bir izim qalsın...

Gəl səndən də keçim, körpü...

 

Soyuq qış deyil ürəyim,

Qorxma, boş deyil ürəyim..

Vallah... daş deyil ürəyim,

Gəl səndən də keçim, körpü...

 

Sorma daha nədir bu sirr,

Olmuşam bir eşqə əsir...

Sənə sağ ol borcum var bir,

Gəl səndən də keçim, körpü...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!